Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransının iştirakçıları tədbiri yüksək qiymətləndiriblər

Tədbirlər
16 iyul 2022 | 14:12   
Paylaşın:        

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsis olunmuş Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin cari il 30 iyun-1 iyulda keçirilmiş Bakı Konfransı öz uğurları ilə yaddaşlara yazıldı.

Xəbər verildiyi kimi tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətləri, 10-dək beynəlxalq parlament təşkilatının təmsilçiləri iştirak edib. Konfransda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin İş Qaydaları, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq edilib, “Bakı Bəyannaməsi” qəbul olunub, qurumun sədri və sədr müavinləri seçilib.

Konfrans çərçivəsində tədbir iştirakçıları Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə, o cümlədən Şuşa şəhərinə səfər etmişlər, burada aparılan quruculuq və abadlıq işləri ilə tanış olublar.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak edən nümayəndə heyəti rəhbərləri və üzvləri mediada Qoşulmama Hərəkatı və təşkilatın Parlament Şəbəkəsinin Konfransı barədə fikirlər söyləmişlər. Aşağıda həmin fikirlər diqqətinizə təqdim olunur.

 

Mustafa Şentop,

Türkiyə Böyük Millət Məclisinin sədri:

“Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının fəallığını artırmaq səylərini yüksək dəyərləndirirəm. Azərbaycanın Qoşulmama Hərəkatının təkrar güclənməsində böyük rola malik olduğu qənaətindəyəm”.

 

Məhəmməd Sadiq Sancrani,

Pakistan İslam Respublikası Senatının sədri:

“Azərbaycan Prezidentinin müdrik rəhbərliyi altında bu gün Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Konfransı Bakıda keçirilir. Düşünürəm ki, bu dünyada birliyə müsbət təsir göstərəcək”.

 

Gülşat Məmmədova,

Türkmənistan Milli Qenqeşi (parlament) Məclisinin sədri:

“Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi dialoq mədəniyyətini inkişaf etdirməyə, bununla da sülh və sabitliyə töhfə verməyə imkan yaradacaq”.

 

Abdel Vahab Abdel Razeq,

Misir Ərəb Respublikası Senatının sədri:

“Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak etməkdən çox şadam. Bu, bütün dünyada sülh və parlamentlər arasında əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir”.

 

Dato Hacı Mohd Rəşid bin Hasnon,

Malayziya Parlamenti Nümayəndələr Palatasının sədr müavini:

“Bu konfrans parlamentarilər arasında şəbəkələşməyə və Qoşulmama Hərəkatına üzv ölkələrin siyasətinə mühüm töhfə verəcək. Biz ölkələr arasında münaqişə olmasını istəmirik, sülh yaratmaq istəyirik. Ümidvarıq ki, parlament üzvləri kollektiv şəkildə Qoşulmama Hərəkatının fəaliyyətinə əlavə dəstək verəcəklər”.

 

Gelase Daniel Ndabirabe,

Burundi Milli Assambleyasının spikeri:

“Qoşulmama Hərəkatı məndə çox böyük təəssürat yaradıb. Bu təşkilat ona görə əhəmiyyətlidir ki, dünyanın gələcəyi olacaq. İnanıram ki, Parlament Şəbəkəsinin Bakı Konfransı bu baxımdan öz töhfəsini verəcək”.

 

Adel Al-Asumi,

Ərəb Parlamentinin Prezidenti:

“Bu Konfransın təşkili Azərbaycanın növbəti uğurudur. Azərbaycan Prezidenti İlham Əliyevə bu təşəbbüsünə, beynəlxalq problemlərin həllinə göstərdiyi dəstəyə görə təşəkkür edirik”.

 

Vanesa Montero Lopez,

Venesuela Milli Assambleyasının vitse-spikeri:

“Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin yaradılması tarixi bir hadisədir. Biz bu platformada çoxtərəfliliyin prinsiplərini, dəyərlərini daha da irəli aparacağıq. Bu baxımdan Azərbaycanın təşəbbüsünü yüksək qiymətləndiririk”.

 

Canibek Abirov,

Qırğızıstan parlamentinin üzvü:

“Qoşulmama Hərəkatı çox önəmli təşkilatdır. Bakı Konfransı çox yüksək səviyyədə təşkil olunub. Burada aparılan müzakirələr, səslənən fikirlər çox vacibdir”.

 

Muhammad Talha Mahmud,

Pakistan nümayəndə heyətinin üzvü:

“Bakıda beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycan üçün böyük nailiyyətdir”.

 

Mardani Əli Sera,

İndoneziya nümayəndə heyətinin başçısı:

“Azərbaycan artıq 3 ildir Qoşulmama Hərəkatına sədrlik edir. Bu onun yüksək nüfuzundan xəbər verir. Bakı ilə əməkdaşlığın genişləndirilməsi Qoşulmama Hərəkatına üzv olan bütün ölkələrin gündəliyində olan məsələdir”.

 

Mamun Sulaiman,

Malayziya nümayəndə heyətinin üzvü:

“Parlament Şəbəkəsinin Bakı Konfransı parlament səviyyəsində münasibətlərin inkişafı baxımından çox önəmlidir”.

 

Odiljon İminov,

Özbəkistan nümayəndə heyətinin üzvü:

“Sovet hakimiyyəti dağıldıqdan sonra Azərbaycan  və Ermənistan arasında baş verən münaqişədən məlumatımız var. Ümid edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında burada irimiqyaslı yaşayış kompleksləri tikiləcək və bu torpaqlar inkişaf edəcək”.

 

Muhammed Alihummet,

Cibuti Milli Assambleyasının prezidenti:

“Şuşa şəhəri Azərbaycanın erməni işğalçı qüvvələri üzərində qazandığı qələbəsinin simvolunu özündə əks etdirir. Bura gəlməyimiz onu göstərir ki, Qoşulmama Hərəkatının üzvü olan ölkələr Azərbaycanı dəstəkləyir və onun arxasında dayanır”.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU