Milli Məclisin sədri Sahibə Qafarova Almaniya Bundestaqının vitse-prezidenti ilə görüşüb

Sədrin görüşləri
18 iyul 2022 | 17:40   
Paylaşın:        

İyulun 18-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Almaniya Federal Parlamentinin (Bundestaq) vitse-prezidenti Katrin Görinq-Ekartın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin sədri qonaqları salamlayaraq, bu səfərin ölkələrimiz arasında dostluq münasibətlərinin daha da dərinləşməsinə və genişləndirilməsinə töhfə verəcəyinə inamını bildirib. Spiker qeyd edib ki, bu il ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümü tamam olub. Münasibətlərimizin inkişafında yüksək səviyyəli səfərlər və bu səfərlər zamanı aparılan danışıqlar mühüm rol oynayır.

Dövlətlərarası münasibətlər sistemində parlamentlərin rolunu vurğulayan Sahibə Qafarova hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib, beynəlxalq təşkilatlarda əməkdaşlığın önəmini vurğulayıb.

Spiker bildirib ki, Azərbaycan 30 il Ermənistanın işğalı altında olmuş ərazilərini 2020-ci ildə Vətən müharibəsi nəticəsində azad etdi. Əgər ötən illər ərazində Azərbaycan torpaqlarının işğalı faktına dünya ictimaiyyəti tərəfindən lazımi diqqət göstərilsəydi, münaqişə daha tez və itkisiz həll oluna bilərdi.

Milli Məclisin sədri qeyd edib ki, Ermənistan işğal dövründə bu ərazilərdəki bütün şəhər və kəndlərimizi bilərəkdən dağıtmış, mədəni, tarixi, dini obyektləri vandalizmə məruz qoymuşdur. Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 min azərbaycanlının taleyi barədə Ermənistan tərəfi hələ də məlumat vermir. Azərbaycan öz ərazilərini azad etdikdən sonra həmin bölgələrdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlayıb. Hazırda işğaldan azad olunmuş ərazilərdəki bütün infrastruktur bərpa edilir. Ancaq Ermənistan tərəfindən həmin ərazilərin minalanması bu işlərin həyata keçirilməsinə və məcburi köçkünlərin  öz doğma yurd-yuvalarına qayıtmasına böyük maneçilik törədir.

Spiker diqqətə çatdırıb ki, Azərbaycan regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirir. Azərbaycan xalqı sülh tərəfdarıdır.

Sahibə Qafarova bildirib ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında üçtərəfli görüşlər keçirilib. Azərbaycan tərəfindən Sülh sazişinin  imzalanması üçün məqsədyönlü addımlar atılır və ümid edirik ki, Ermənistan konstruktiv mövqe nümayiş etdirərək öz öhdəliklərini yerinə yetirəcək və tezliklə sülh müqaviləsi üzrə danışıqlar imzalanacaq.

Söhbət zamanı Milli Məclisin sədri diqqətə çatdırıb ki, 1918-ci ildə Şərqdə ilk demokratik respublika kimi təşəkkül tapmış Azərbaycan Demokratik Respublikası qadınlara Şərqdə seçki hüququ verən ilk ölkə olub. Bu, bir sıra Avropa ölkələrindən də əvvəl baş verib. Sahibə Qafarova qonağa Azərbaycanda qadın hüquqlarının qorunması sahəsində qanunvericilik və görülmüş işlər, qadınların təhsili, onların cəmiyyət həyatında yaxından iştirakı barədə ətraflı məlumat verib.

Göstərilən yüksək qonaqpərvərliyə və səmimi görüşə görə minnətdarlığını bildirən Almaniya Federal Parlamentinin (Bundestaq) vitse-prezidenti Katrin Görinq-Ekart görüşdən məmnunluğunu bildirib. O, ölkəsinin ikitərəfli əlaqələrin inkişafında maraqlı olduğunu və Azərbaycanın Almaniyanın iqtisadi, enerji sahəsində mühüm tərəfdaşı olduğunu diqqətə çatdırıb.

Katrin Görinq-Ekart qanunverici orqanlar arasında əlaqələrin gücləndirilməsi, o cümlədən parlamentlərarası dostluq qrupları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti barədə fikirlərini açıqlayıb.

Söhbət zamanı qonaq Azərbaycandan Avropaya qaz ixracı, peşə təhsili, mədəniyyət sahələrində əməkdaşlıq barədə fikirlərini bölüşüb.

Görüşdə Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov, Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov, Almaniya səfirliyinin ölkəmizdəki müvəqqəti işlər vəkili Hayko Şvarts və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU