Milli Məclisin sədri Sahibə Qafarova Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri ilə görüşüb
İyulun 19-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Parlamentin sədri qonaqları salamlayaraq, bu səfərin və səfər çərçivəsində aparılacaq müzakirələrin Avropa İttifaqı ilə Azərbaycan arasında, eləcə də Avropa Parlamenti ilə Milli Məclis arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəyinə inamını ifadə edib.
Sahibə Qafarova bildirib ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin inkişafında maraqlıdır. Aİ ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir.
Yüksək səviyyəli səfərlər və görüşlər ikitərəfli münasibətlərin inkişafında müstəsna rol oynayır. Spiker bu kontekstdə Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin 2021-ci ilin iyulunda Azərbaycana səfərini xatırlayıb. O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ilin dekabrında Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə 6-cı zirvə toplantısında iştirakı, həmçinin cənab Prezidentin bu ilin aprel və may aylarında Brüsselə səfərləri Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin xarakterini nümayiş etdirir.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, Avropa İttifaqı ilə Azərbaycan arasında bir sıra mühüm sənədlər imzalanıb və hazırda biz Avropa İttifaqı ilə tərəfdaşlıq haqqında yeni sazişin imzalanması üzrə danışıqların yekun mərhələsindəyik. Bundan başqa, Azərbaycan Avropa İttifaqının doqquz üzvü ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb ki, bu da üzv dövlətlərin üçdəbirini təşkil edir.
Sahibə Qafarova qeyd edib ki, Azərbaycan neftlə yanaşı, Avropanın etibarlı qaz təchizatçısına çevrilib. Dünən isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə səfərdə olan Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenlə “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalayıblar.
Söhbət zamanı parlamentin sədri qonaqlara Milli Məclisin strukturu və fəaliyyəti barədə məlumat verib, onların suallarını cavablandırıb.
Sonra spiker bildirib ki, Azərbaycan 30 il Ermənistanın işğalı altında olmuş ərazilərini 2020-ci ildə Vətən müharibəsi nəticəsində azad edib. Bununla da Azərbaycan BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi 4 qətnaməsinin icrasını özü təmin edib. Azərbaycan öz ərazilərini azad etdikdən sonra həmin bölgələrdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlayıb. Hazırda işğaldan azad olunmuş ərazilərdəki bütün infrastruktur bərpa edilir. Milli Məclisin sədri xatırladıb ki, Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycanın bütün şəhər və rayonlarını dağıdıb, mədəni, tarixi irsini məhv edib, dini abidələri təhqir edib. Onun sözlərinə görə, həmin ərazilərə səfər edən Avropanın bəzi ölkələrinin parlament sədrləri, beynəlxalq təşkilatların təmsilçiləri, səfirliklərin və diplomatik korpusların nümayəndələri, jurnalistlər, xarici ölkədən olan digər qonaqlar həmin ərazilərdə Ermənistan tərəfindən törədilən vandalizminin şahidi olurlar. Sahibə Qafarova buna baxmayaraq, bu ilin mart ayında Avropa Parlamentinin guya Qarabağda erməni irsinin dağıdılması haqqında qətnamə qəbul etməsinin ədalətsiz olduğunu bildirib və qeyd edib ki, həmin qətnamədə irəli sürülən iddialar tamamilə yalandır, böhtan xarakterlidir.
Spiker diqqətə çatdırıb ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında keçirilmiş üçtərəfli görüşləri təqdir edirik. Azərbaycan sülh tərəfdarıdır və regionda uzunmüddətli sülhün, sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirir. Ölkəmiz Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində təkliflərini irəli sürüb. İnanırıq ki, tezliklə iki ölkə arasında sülh müqaviləsi imzalanacaqdır.
Göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlister bu gün ölkə başçısı cənab İlham Əliyevlə görüşü barədə təəssüratlarını bölüşüb, müzakirə olunan məsələlərin əhəmiyyətindən danışıb. Bildirib ki, onların ölkəmizə bu səfəri Aİ-Azərbaycan əməkdaşlığının önəmindən xəbər verir. Qonaq Azərbaycanın Aİ-nin mühüm tərəfdaşı olduğunu və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını istədiklərini diqqətə çatdırıb. O, bu baxımdan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında keçirilmiş üçtərəfli görüşləri yüksək qiymətləndirdiklərini deyib.
Söhbət zamanı qonaq Aİ-Azərbaycan əlaqələri, enerji sahəsində əməkdaşlıq, parlament diplomatiyasının inkişafı və digər məsələlər barədə fikirlərini bölüşüb.
Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində Milli Məclisin nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi