Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri ilə görüşüb

Sədrin görüşləri
19 iyul 2022 | 20:37   
Paylaşın:        

İyulun 19-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan  Türkiyə Respublikasının Ailə və sosial xidmətlər naziri Dərya Yanıkın başçılıq etdiyi nümayəndə heyəti  ilə görüşüb.

Parlamentin sədri qonaqları salamlayaraq, ikitərəfli əlaqələrimizin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Spiker ölkələrimiz arasında münasibətlərin Prezident İlham Əliyevin ifadə etdiyi kimi, dünya siyasi sistemində alternativi olmadığını söyləyib. Qeyd edilib ki, qardaşlıq və dostluq münasibətlərimiz günbəgün möhkəmlənir və genişlənir. Hər iki ölkə prezidentləri arasındakı dostluq münasibətləri dövlətlərarası əlaqələrin inkişafına da öz müsbət təsirini göstərməkdədir.

Sahibə Qafarova diqqətə çatdırıb ki, bu gün Azərbaycanla Türkiyə arasındakı qarşılıqlı səfərlər yalnız ölkə rəhbərləri səviyyəsində deyil, ayrı-ayrı dövlət qurumlarımız arasında da həyata keçirilir. Bu baxımdan ailə, qadın və sosial məsələlərlə məşğul olan Türkiyə qurumu başçısının Azərbaycana səfəri və ölkəmizin müvafiq qurumu ilə münasibətlərin dərinləşməsi, əməkdaşlığın daha da genişlənməsi istiqamətində atılan addımlar, həyata keçirilən uğurlu layihələr bu fikri söyləməyə əsas verir. Ayrı-ayrı qurumlar və institutlar arasında əməkdaşlığın dərinləşməsi dövlətlərarası münasibətlərimizin də möhkəmlənməsinə töhfə verməkdədir.

Milli Məclisin sədri bildirib ki, Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Bu sahə dövlətin daim diqqət mərkəzindədir. Heç də təsadüfi deyildir ki, Azərbaycan parlamentində də bu məsələlərlə məşğul olan komitə mövcuddur. Həmin komitədə mütəmadi olaraq keçirilən dinləmələrdə bu sahədə qarşıya çıxan məsələlərin həlli yolları barədə fikir mübadiləsi aparılır, müəyyən təkliflər dinlənilir. Spiker qeyd edib ki, Milli Məclisin müvafiq komitəsi ilə bu problemlərlə məşğul olan dövlət komitəsi arasında çox uğurlu əməkdaşlıq mövcuddur.

Söhbət zamanı Sahibə Qafarova qeyd edib ki, Milli Məclisdə ailə, qadın və uşaq məsələləri qanun yaradıcılığı sahəsində daim diqqət mərkəzindədir. Belə ki, parlamentdə bu sahəyə aid bir çox yeni qanunlar qəbul edilib, mövcud qanunlara isə müasir reallıqlara uyğun olaraq dəyişikliklər olunub.

Spiker vurğulayıb ki, bu gün Milli Məclislə Türkiyə parlamenti arasında sıx əməkdaşlıq vardır. Belə ki, hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir və deputatlarımız ikitərəfli, üçtərəfli və çoxtərəfli formatlarda uğurlu əməkdaşlıq edirlər. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti bir neçə dəfə Azərbaycanda olub, Azərbaycan nümayəndə heyətləri də Türkiyəyə səfərlər həyata keçiriblər.

Söhbətdə spiker 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Zəfərdən, torpaqların işğaldan azad olunmasından, işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq və abadlıq işlərindən, Qarabağ Zəfərinin qazanılmasında Türkiyənin göstərdiyi mənəvi dəstəkdən söz açıb. O, bildirib ki, qardaş ölkənin bizimlə müxtəlif sahələrdə əməkdaşlığı xalqlarımızın birlik və həmrəyliyinin daha da güclənməsinə imkan yaradır.

Səmimi görüş üçün minnətdarlığını bildirən Türkiyənin Ailə və sosial xidmətlər naziri Dərya Yanık ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Bildirib ki, onun rəhbərlik etdiyi qurum Azərbaycanın müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq edir və bir sıra uğurlu layihələrin həyata keçirilməsinə nail olublar. Onlar gələcəkdə bu əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədirlər.

Qonaq Bakıda keçirilən görüşlər zamanı müzakirə olunan məsələlərin əhəmiyyətini yüksək qiymətləndirib. O, 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Zəfəri bütün türk dünyasının Zəfəri kimi dəyərləndirib və hər bir azərbaycanlı kimi bundan çox qürurlandığını dilə gətirib. Nazir qeyd edib ki, Azərbaycanın və Türkiyənin günbəgün güclənməsi onların beynəlxalq aləmdə nüfuzunun daha da artmasına səbəb olur. O, Qarabağda qazanılan Zəfər münasibəti ilə xalqımızı və Milli Məclisin sədrini bir daha təbrik edib. Qonaq səfər çərçivəsində işğaldan azad olunmuş Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər edəcəyini və bundan böyük həyəcan duyduğunu qeyd edib.

Türkiyəli nazir Azərbaycanın digər dövlət qurumları ilə yanaşı, ölkənin Milli Məclisi ilə də əməkdaşlığın əhəmiyyətini qeyd edib. Bildirib ki, qanunvericilik sahəsində ailə, qadın və sosial məsələlərlə bağlı problemlərin çözülməsi üçün müsbət işlər görmək baxımından geniş imkanlar vardır. O, azərbaycanlı deputatlarla türkiyəli deputatların bu sahədəki mütəmadi təmaslarını təqdirəlayiq hesab edib.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barədə də danışılıb.

Görüşdə  Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahit Bağçı və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU