Milli Məclisin sədri Sahibə Qafarova Koreya Respublikası Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb
Avqustun 24-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Koreya Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Busan şəhərinin “Expo 2030” Ümumdünya Sərgisinə ev sahibliyinin dəstəklənməsi üzrə Xüsusi Komitənin sədri, Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri So Byonq-Sunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları Milli Məclisdə salamlamaqdan məmnunluğunu ifadə edən Sahibə Qafarova bu səfərin qarşılıqlı münasibətlərin inkişafına öz töhfəsini verəcəyinə inandığını deyib. Spiker bildirib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri inkişaf edib. O, bu il ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30-cu ilinin tamam olduğunu xüsusi qeyd edib.
Sahibə Qafarova ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərinləşməsində dövlət başçılarının və yüksək səviyyəli rəsmilərin qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışıb, Prezident İlham Əliyevin Koreyaya səfərlərini xüsusi vurğulayıb.
Söhbət zamanı Milli Məclisin sədri Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyevin təşəbbüsü ilə “Ağıllı şəhər” və “Ağıllı kənd”, o cümlədən “Yaşıl Enerji Zonaları” konsepsiyalarının həyata keçirildiyini və bu sahələrdə Azərbaycanın Koreya şirkətləri ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. Sahibə Qafarova bildirib ki, artıq işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi başa çatıb və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması prosesinə start verilib.
Parlamentlərarası əlaqələrin dövlətlərarası münasibətlərin mühüm hissəsini təşkil etdiyini deyən spiker Sahibə Qafarova hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsindən, deputatların qarşılıqlı əməkdaşlığından məmnunluğunu bildirib, bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən danışıb.
Görüşdə Milli Məclisin sədri 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və regionda davamlı sülhün yaradılması istiqamətində göstərdiyi səylər haqda məlumat verib. O, hazırda Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən 30 illik işğalının ağır nəticələrinin aradan qaldırılması ilə məşğul olduğunu və həmin yerlərə yeni nəfəs gəldiyini qeyd edib. Milli Məclisin sədri qonaqların nəzərinə çatdırıb ki, müharibənin başa çatmasından iki ilə yaxın vaxt keçsə də, Ermənistan Üçtərəfli Bəyanatın şərtlərinə əməl etməkdən boyun qaçırır, xüsusən də Zəngəzur dəhlizinin açılması istiqamətində səyləri əngəlləyir. Lakin Azərbaycan sülh tərəfdarıdır və inanırıq ki, tezliklə iki ölkə arasında sülh müqaviləsi imzalanacaq.
Görüşə görə təşəkkürünü bildirən Koreya Respublikası Prezidentinin xüsusi nümayəndəsi və Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri So Byonq-Su 2009-cu ildə Azərbaycanda olduğunu və ötən dövr ərzində Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkəmizin sürətli inkişafından, baş vermiş dəyişikliklərdən olduqca təsirləndiyini və bundan fəxr duyduğunu diqqətə çatdırıb.
Qonaq Koreya Respublikasının Azərbaycana böyük önəm verdiyini və Koreya rəhbərliyinin Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da dərinləşdirilməsində maraqlı olduğunu qeyd edib. So Byonq-Su Koreya hökumətinin xüsusilə ekologiya, iqlim dəyişikliyi və “ağıllı şəhər” layihələrinin həyata keçirilməsinə marağını ifadə edib.
Qonaq parlamentlərarası əlaqələrin daha da da inkişaf etdirilməsinin vacibliyindən danışaraq bunun üçün qarşılıqlı səfərlərin intensivliyinin artırılmasının vacibliyini vurğulayıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Malik Həsənov, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Koreya Respublikasının ölkəmizdəki səfiri Li İn-Yonq və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi