Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb

Sədrin səfərləri
09 sentyabr 2022 | 11:42   
Paylaşın:        

Özbəkistan Respublikasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu ölkənin Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

Səmimi qəbula görə dərin minnətdarlığını bildirən Sahibə Qafarova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Özbəkistanın dövlət başçısına çatdırıb.

Görüşdə ölkələrimiz arasında münasibətlərin hazırki yüksək səviyyəsi qeyd olunaraq, əlaqələrimizin inkişafında hər iki ölkənin prezidentlərinin xüsusi rolu vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin iyununda Özbəkistana tarixi səfərinin səmərəli nəticələri qeyd olunub, bu səfərin münasibətlərin daha da inkişafında yeni bir mərhələ təşkil etdiyi bildirilib. Qeyd olunub ki, yüksək səviyyəli qarşılıqlı səfərlər və sıx təmaslar iki dost və qardaş ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi üçün geniş imkanlar yaradır.

Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirən Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev onun da salamlarını və xoş arzularını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

O, iki ölkə arasında münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın rolunu qeyd edərək, bu istiqamətdə əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdən sonra Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan televiziyasına müsahibə verib. Parlamentin sədri müsahibədə Azərbaycan nümayəndə heyətinin Qadın Parlament Sədrlərinin 14-cü sammitində iştirakı, Azərbaycan-Özbəkistan əlaqələrinin bu günü və gələcək inkişaf perspektivləri barədə fikirlərini bölüşüb. 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU