Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Nümayəndələr Şurasının sədri ilə görüşüb
Özbəkistan Respublikasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 9-da Bəhreyn Nümayəndələr Şurasının sədri Favziya bint Abdullah Zeynal ilə görüşüb.
Milli Məclisin sədri Azərbaycanın Bəhreyn ilə əlaqələrə xüsusi önəm verdiyini qeyd edib və ölkələrimiz arasında bir çox sahələrdə pozitiv əməkdaşlığın formalaşdığını bildirib. Spiker Sahibə Qafarova ölkələrimiz arasında normativ-hüquqi bazanın gücləndirilməsinin əlaqələrin inkişafında mühüm rola malik olduğunu qeyd edib.
Azərbaycan ilə Bəhreyn arasında beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində səmərəli əməkdaşlığın qurulduğunu deyən Sahibə Qafarova Bəhreyn Krallığının beynəlxalq platformalarda ölkəmizin ərazi bütövlüyünü daim dəstəkləməsini, Azərbaycanın haqlı mövqeyini müdafiə etməsini dost münasibəti kimi dəyərləndirib.
Spiker bildirib ki, parlamentlərarası münasibətlər ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin mühüm tərkib hissələrindən biridir. Milli Məclisin sədri dövlətlərarası münasibətlərin möhkəmlənməsində parlamentlərin xüsusi rolundan danışıb, qarşılıqlı təmasların, səfərlərin xalqlarımızın daha da yaxınlaşması baxımından əhəmiyyətini vurğulayıb, Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti barədə məlumat verib.
Sahibə Qafarova Bəhreyn parlamentinin nümayəndə heyətinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin ötən il noyabrında İspaniyanın paytaxtı Madrid şəhərində keçirilmiş birinci iclasında və bu ilin 30 iyun-1 iyul tarixlərində keçirilmiş Bakı konfransında iştirakını yüksək qiymətləndirib.
Sədr qeyd edib ki, 40 ölkədən və 8 beynəlxalq parlament təşkilatından parlament nümayəndə heyətlərinin qatıldığı Bakı konfransında qəbul olunan Bakı Bəyannaməsi ümumi mövqeyimizi və baxışlarımızı əks etdirir. Həmçinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarının, təşkilatın rəsmi loqosu və bayrağının təsdiq olunması, qurumun sədri və sədr müavinlərinin seçilməsi Parlament Şəbəkəsinin institusional inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Milli Məclisin sədri Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin qlobal parlament institutuna çevriləcəyinə inamını ifadə edərək bu istiqamətdə Bəhreyn Nümayəndələr Şurası ilə birgə işləməyə hazır olduqlarını bildirib.
Bəhreyn Nümayəndələr Şurasının sədri Favziya Zeynal səmimi sözlərə görə təşəkkür edərək ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsinin ortaq dini, mədəni dəyərləri bölüşən xalqlarımızın mənafelərinə cavab verdiyini bildirib. O, vurğulayıb ki, iqtisadi, ticari və digər sahələrdə əməkdaşlığın geniş imkanları mövcuddur və Bəhreyn Azərbaycanla çoxşaxəli əlaqələrin inkişafında maraqlıdır. Favziya Zeynal parlamentlərarası münasibətlərin rolundan danışaraq, bu istiqamətdə əlaqələrin inkişaf etməsində maraqlı olduqlarını bildirib və vurğulayıb ki, Bəhreynin Nümayəndələr Şurası bu prosesə qanunvericilik müstəvisində hər cür dəstək verməyə hazırdır.
Görüşdə Bəhreyn və Azərbaycanın qanunverici orqanları arasında əlaqələrin inkişafı və parlament diplomatiyasının daha da fəallaşması istiqamətində fikir mübadiləsi aparılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi