Milli Məclisin sədri Sahibə Qafarova Banqladeş Xalq Respublikası parlamentinin sədri ilə görüşüb

Sədrin səfərləri
10 sentyabr 2022 | 12:27   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Banqladeş Xalq Respublikası parlamentinin sədri Şirin Şarmin Çaudhuri ilə görüşüb.

Azərbaycan və Banqladeşin BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində müsbət əməkdaşlıq etdiyini vurğulayan Sahibə Qafarova deyib ki, biz Banqladeşin həm Qoşulmama Hərəkatı, həm də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın tarixi torpaqlarının erməni işğalından azad edilməsində ədalətli mövqeyini dəstəkləməsini yüksək qiymətləndiririk.

Spiker Sahibə Qafarova ölkələrimiz arasında müsbət münasibətlərin mövcud olduğunu qeyd edərək, müxtəlif səviyyələrdə və sahələrdə qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətini vurğulayıb. Bildirib ki, ölkələrimiz arasında  hüquqi bazanın genişləndirilməsi daha sıx əlaqələrin qurulmasına töhfə verə bilər. Həmçinin parlamentlərimiz arasında qarşılıqlı əməkdaşlıq dövlətlərimiz arasında əlaqələrin inkişafına müsbət təsir göstərə bilər.

Banqladeş Xalq Respublikası parlamentinin sədri Şirin Şarmin Çaudhuri  ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini söyləyərək, vurğulayıb ki, bu məqsədlə bir çox sahələrdə əlaqələrin qurulmasında maraqlıdırlar. O cümlədən, qanunverici orqanlarımız arasında əlaqələrin daha da genişləndirilməsi münasibətlərin dərinləşməsi üçün yaxşı imkanlar yarada bilər.

Şirin Şarmin Çaudhuri Banqladeş parlamentinin Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə əlaqələrə böyük önəm verdiyini bildirib. O, bu ölkənin nümayəndə heyətinin Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak etdiyini qeyd edib, Konfransda qaldırılan məsələlərin əhəmiyyətindən danışıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsI



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU