MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
24 dekabr 2012 | 10:12   
Paylaşın:        

Dekabrın 21-də Milli Məclisin növbəti iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov cari məsələlərin müzakirəsi zamanı deputatların qaldırdıqları bəzi məsələlərə aydınlıq gətirdikdən sonra gündəlikdəki qanun layihələrinin müzakirəsinə başlandı. Əvvəlcə deputatlar Əliyev İslam Əli oğlunun və Cəfərov İlham Məmməd oğlunun Azərbaycan Respublikası Ali Məhkəməsinin, Mirzəyev İlqar Məhərrəm oğlunun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Nəbiyev Hüseyn Əmir oğlunun Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsinə razılıq verdilər.
Sonra Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov "Mədəniyyət haqqında" qanun layihəsinin üçüncü oxunuşu barədə məlumat verdi. Bildirdi ki, qanun layihəsi 12 fəsil, 61 maddədən ibarətdir. Layihənin həm komitə iclaslarında həm də parlamentin plenar iclaslarında birinci və ikinci oxunuşlarda geniş müzakirələri keçirilib, bir çox təkliflər irəli sürülüb. Bu təkliflər mütəxəssislər tərəfindən araşdırılıb və son nəticədə üçüncü oxunuş üçün daha mükəmməl qanun layihəsi təqdim olunub. Komitə sədri vurğuladı ki, layihədə terminologiya ilə bağlı bir sıra dəqiqləşdirmələr aparılıb, ümumilikdə 26 anlayışın izahı verilib.
Deputatların layihə barədə fikirləri dinlənildikdən sonra sənəd səsə qoyularaq üçüncü oxunuşda qəbul edildi.
Millət vəkilləri “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər nazirliklərinin (polisin) insan alveri ilə mübarizədə əməkdaşlığı haqqında” Sazişi və "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyasının Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında" Protokolu da təsdiq etdilər.
Sonra İqtisadi siyasət komitəsinin sədri Ziyad  Səmədzadə  Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Dövlət  rüsumu haqqında”  qanuna dəyişikliklər edilməsi haqqında məsələlər  barədə məlumat verdi.  Bildirildi ki, Məcəllənin 129 maddəsinə dəyişikliklər ediləcək. Komitə sədri qeyd etdi ki, məcəllə qəbul olunarkən mükəmməl sənəd olsa da, sonradan ölkə iqtisadiyyatında gedən inkişaf prosesləri bu sahədə qanunvericiliyə müəyyən dəyişikliklər edilməsi zərurətini yaradıb.  Qeyd olundu ki, bu dəyişikliklər vergi yükünün azaldılması, vergi ödəyicilərinin hüquqlarının qorunması, vergi sisteminin və bu sahəyə nəzarətin möhkəmləndirilməsini əhatə edir. Çıxışlarda məcəlləyə təklif olunan dəyişikliklər yüksək qiymətləndirildi. Müzakirələrdən sonra hər iki sənəd səsə qoyularaq qəbul edildi.
İclasda deputatlar Türk Şurasının İkinci Zirvə Toplantısının Bəyannaməsini, Azərbaycan Hökuməti və Litva Hökuməti arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında, həmçinin Azərbaycan Hökuməti və Koreya Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında, Poçt ödəniş xidmətləri haqqında sazişləri, Ümumdünya Poçt Konvensiyasına və onun yekun Protokoluna qoşulmaq haqqında, o cümlədən Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə əlavə səkkizinci Protokola, Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə əlavə birinci Protokola qoşulmaq haqqında qanun layihələrini təsdiq etdilər.
Sonra Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə  “Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında” və “Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” məsələlər barədə məlumat verdi.
Bildirdi ki, birinci layihəyə görə, Gəncə şəhərinin ərazisi 2694 hektar genişləndirilərək 12,5 min hektar təşkil edəcək. Qeyd olundu ki, bu torpaqların böyük hissəsi dövlət, bir hissəsi isə bələdiyyə torpaqlarıdır. Bildirildi ki, bu dəyişiklik Gəncə şəhərinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
Digər qanun layihəsində isə, Bakı şəhərinin Xəzər rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək Bakı şəhərinin yeni Pirallahı rayonunun yaradılması nəzərdə tutulub. Dəyişikliyə əsasən, Pirallahı, Çilov və Neft Daşları qəsəbə inzibati ərazi dairələri Bakı şəhərinin Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhərinin Pirallahı rayonunun tabeliyinə veriləcək.
Bu qanun layihələri də qəbul olunduqdan sonra millət vəkilləri "Məhkəmələr və hakimlər haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında",  "Milli təhlükəsizlik haqqında", "Dövlət rüsumu haqqında" qanunlara, İnzibati Xətalar Məcəlləsinə və Əmək Məcəlləsinə dəyişikliklər etdilər. Qeyd olundu ki, bu dəyişikliklər ölkə qanunvericiliyinin inkişafına xidmət edir.
Bununla da Milli Məclisin iclası başa çatdı.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU