Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədri ilə görüşüb

Sədrin səfərləri
13 sentyabr 2022 | 11:36   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Respublikasına rəsmi səfəri çərçivəsində Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda ilə görüşüb.

Qonaqları salamlayan Tacikistan Nümayəndələr Palatasının sədri Milli Məclisin nümayəndə heyətinin Tacikistana səfərini yüksək qiymətləndirərək, bu səfərin və səfər çərçivəsində keçirilən görüşlərin iki ölkə arasındakı münasibətlərin inkişafına müsbət təsir edəcəyinə inandığını bildirib.

Mahmadtoir Zokirzoda parlamentlər səviyyəsində əməkdaşlığın inkişafının əhəmiyyətindən danışaraq belə səfərlərin təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyətini qeyd edib. Tacikistanın Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini deyən Nümayəndələr Palatasının sədri ölkəsinin siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu vurğulayıb.

O, cari ilin may ayında İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak məqsədilə Azərbaycana səfərini, ölkəmizin bu tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyini xatırladaraq, ölkəmizin yüksək səviyyədə inkişafından məmnunluğunu bildirib.

Tacikistan parlamentinin Nümayəndələr Palatasının sədri Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini, hərəkatın parlament ölçüsünü inkişaf etdirmək təşəbbüsünü yüksək qiymətləndirib.

Səmimi sözlərə və yüksək qonaqpərvərliyə görə təşəkkür edən Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanla Tacikistan arasında əlaqələri dostluq və tərəfdaşlıq münasibətləri kimi dəyərləndirib. O, ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərinləşməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb, tərəflər arasında imzalanan sənədlərin ikitərəfli əməkdaşlığın inkişafının möhkəm təməllərini yaratdığını qeyd edib.

Milli Məclisin sədri iki ölkənin diplomatik əlaqələrinin qurulmasının 30 illik yubileyinin tamam olduğunu diqqətə çatdıraraq bir çox sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib.

Sədr Azərbaycanla Tacikistan parlamentləri arasında mövcud əməkdaşlıq əlaqələri barədə fikirlərini bölüşüb, Azərbaycan Respublikasının Milli Məclisi ilə Tacikistan Respublikası Ali Məclisinin Milli Məclisi arasında imzalanmış əməkdaşlıq haqqında sazişin parlamentlərarası əlaqələrin inkişafına xidmət etdiyini bildirib.

Sahibə Qafarova iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da irəli aparılması baxımından parlament ölçüsünün əhəmiyyətini, bu istiqamətdə parlamentlərarası dostluq qruplarının fəaliyyətini xüsusi qeyd edib və vurğulayıb ki, deputatlarımız beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir.

Milli Məclisin sədri Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis olunmasından və Azərbaycanda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransının keçirilməsindən söz açıb. Spiker belə bir inam ifadə edib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi parlament diplomatiyasının və qlobal əməkdaşlığın inkişafına öz töhfələrini verəcək.

Söhbətdə Sahibə Qafarova 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərindən bəhs edib.  Sədr nəzərə çatdırıb ki, ölkəmiz regionda dayanıqlı sülhün təmin olunması, əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində böyük işlər görür.

Sonra tərəflər müxtəlif sahələrdə münasibətlərin inkişafı, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU