Deputatlarımız beynəlxalq tədbirdə iştirak edəcəklər
Milli Məclisin deputatları Soltan Məmmədov və Vüqar Bayramov sentyabrın 16-da Fransanın paytaxtı Parisə səfər edəcəklər.
Millət vəkilləri Beynəlxalq Astronavtika Federasiyasının 73-cü Konqresi çərçivəsində keçiriləcək Federasiyaya üzv ölkələrin nazirləri və parlament üzvlərinin 12-ci beynəlxalq iclasında iştirak edəcəklər.
Tədbir “Hamı üçün kosmos: problemlərin aradan qaldırılması üçün ictimaiyyəti və siyasətçiləri cəlb etmək” mövzusuna həsr olunub. Yığıncaqda kosmik məkanda təhlükəsizliyin təmin edilməsi, kosmik fəaliyyətin əhəmiyyəti, bu sahədə ictimaiyyətin maarifləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Deputatlarımız tədbirdə müzakirəyə çıxarılan məsələlərə münasibət bildirəcəklər.
Səfər sentyabrın 21-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi