Mədəniyyət komitəsinin iclasında

Komitə iclasları
15 sentyabr 2022 | 18:42   
Paylaşın:        

Sentyabrın 15-də Milli Məclisin Mədəniyyət komitəsinin 2022-ci il payız sessiyasında  videokonfrans formatında ilk iclası keçirilib. Komitə sədri Qənirə Paşayeva son günlər sərhəddə Ermənistan tərəfindən törədilmiş təxribat nəticəsində qəhrəmancasına şəhid olmuş hərbi qulluqçularımıza Allahdan rəhmət, yaxınlarına səbr diləyib.

Sonra komitə sədri iclasın gündəliyinə daxil olan məsələləri təqdim edib. O, gündəlikdə 3 məsələnin olduğunu qeyd edib.

Mədəniyyət komitəsində 2022-ci ilin yaz və növbədənkənar  sessiyaları dövründə görülən işlər barədə məlumat verən komitə sədri bildirib ki, ötən müddət ərzində komitənin 8 iclası keçirilib, 20 məsələyə baxılıb. Komitədə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Milli arxiv fondu haqqında” qanunda dəyişiklik edilməsi barədə və bir sıra digər qanun layihələri  uç oxunuşda müzakirə edilib və plenar iclasda qəbul olunub.

Komitə sədri qeyd edilib ki, komitə üzvləri mədəniyyət sahəsində ölkə daxilində və xaricində keçirilmiş bir sıra tədbirlərdə iştirak ediblər. O, bu tədbirlər və gələcəkdə keçirilməsi nəzərdə tutulan digər mədəniyyət hadisələri barədə ətraflı məlumat verib. Komitə üzvlərinin ölkənin mədəniyyət qurumları ilə səmərəli əməkdaşlıq etdiyini söyləyib.

Diqqətə çatdırılıb ki, ötən sessiyalar ərzində vətəndaşlar tərəfindən komitənin ünvanına bir çox məktub, ərizə və şikayət daxil olub. Həmin müraciətlər müvafiq qaydada araşdırılıb və qeyd olunan problemlərin həlli üçün aidiyyəti qurumlara göndərilib. Hesabat dövründə, həmçinin komitə üzvləri tərəfindən mütəmadi olaraq seçicilərlə görüşlər keçirilib, onları narahat edən məsələlərin həlli istiqamətində lazımi addımlar atılıb.

Sonra komitə sədri Mədəniyyət komitəsinin 2022-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsini təqdim edib. Bildirib ki, payız sessiyasında qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinə baxılacaq. Habelə, “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin, digər sənədlərin müzakirəsi, dinləmələrin keçirilməsi nəzərdə tutulub.

Daha sonra Qənirə Paşayeva gündəliyin 3-cü məsələsi - “Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO arasında İCESCO-nun Regional Ofisinin yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə danışıb. Bildirilib ki, sənəd ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim edilib. O, 2022-ci il mayın 20-də Bakı şəhərində imzalanmış bu Sazişin ölkəmizin maraqlarına xidmət edəcəyini bildirib. Qeyd edilib ki, Sazişdə ICESCO-nun Regional Ofisinin Azərbaycanda yerləşməsi şərtləri və qaydaları müəyyən edilib. Sənəddə ICESCO-nun Bakı Ofisinin immunitet və imtiyazları, onun rəsmilərinin statusu, hüquq və öhdəlikləri nəzərdə tutulub.

Müzakirələr zamanı komitənin sədr müavini Fazil Mustafa, üzvü Ülviyyə Həmzəyeva, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər. Çıxışlarda sərhəddə baş vermiş son hadisələr barədə fikirlər səsləndirilib, gündəlikdəki məsələlərə münasibət bildirilib.

İclasda Mədəniyyət komitəsində 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər qənaətbəxş  hesab olunub, komitənin 2022-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı təsdiq edilib, “Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO arasında İCESCO-nun Regional Ofisinin yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU