AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ

Komitə iclasları
25 dekabr 2012 | 04:12   
Paylaşın:        

Dekabrın 25-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. Komitənin sədri Eldar İbrahimov bildirdi ki, iclasın gündəliyinə 6 qanuna təklif olunan dəyişikliklər daxil edilmişdir.
Gündəlikdəki məsələlər barədə məlumat verən Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsi müdirinin müavini, aqrar qanunvericilik sektorunun müdiri Şahmərdan Kərimov diqqətə çatdırdı ki, 6 qanun layihəsinə təklif olunan dəyişikliklər 2011-ci ildə qəbul edilmiş “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Qanunun tətbiqi ilə bağlıdır. Bununla əlaqədar “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” və “Seleksiya nailiyyətləri haqqında” qanunlara təklif olunan dəyişikliklər Azərbaycana məxsus ənənəvi mədəni brend bitkilərin mühafizəsini və seleksiya nailiyyəti nümunəsinin Milli Genbankında saxlanması tələblərini özündə ehtiva edir.
"Ekoloji təhlükəsizlik haqqında", "Ətraf mühitin mühafizəsi haqqında" haqqında qanunlara təklif olunan dəyişikliklər isə genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının ölkəmizə gətirilməsinin və yayılmasının qarşısının alınması məqsədini daşıyır.
Qeyd olundu ki, İnzibati Xətalar Məcəlləsinə əlavə ediləcək 120-1-ci  maddə isə mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyəti müəyyən edəcəkdir. Belə pozuntuya yol verilərsə, fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə ediləcəklər.
Bildirildi ki, "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Qanuna da elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan kənd təsərrüfatı  materiallarına dair yeni 16-cı maddənin əlavə edilməsi təklif olunur.
Deputatların və mütəxəssislərin fikirləri dinlənildikdən sonra 6 qanunun hamısına təklif olunan dəyişikliklər Milli Məclisin iclasında müzakirəyə tövsiyə olundu.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU