İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Komitə iclasları
19 sentyabr 2022 | 18:13   
Paylaşın:        

Sentyabrın 19-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Deputatları salamlayan komitənin sədri Tahir Mirkişili sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan tərəfinin Azərbaycanla sərhəddə törətdiyi son təxribatlarından söz açıb, döyüş toqquşmalarında şəhid düşən qəhrəman döyüşçülərimizə rəhmət, yaxınlarına səbir diləyib, yaralılarımızın tezliklə sağalmalarını arzulayıb.

İclas iştirakçıları şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Komitənin sədri gündəliyə keçməzdən əvvəl qlobal ərzaq qıtlığı, münaqişələr səbəbindən dünyada yaranan iqtisadi çətinliklər və digər mənfi proseslər fonunda son səkkiz ayda Azərbaycan iqtisadiyyatında müşahidə olunan müsbət tendensiyalarla bağlı göstəriciləri açıqlayıb. O, bildirib ki, son səkkiz ayda Azərbaycanda qeyri-neft sektorunda 10,3% olmaqla ümumi daxili məhsul 5,8% artıb. Vurğulanıb ki, bu dövr ərzində ölkənin valyuta ehtiyatları isə 55,9 milyarda dollar olmaqla rekord həddə çatıb. İqtisadiyyatda əldə olunan digər müsbət göstəriciləri də açıqlayan Tahir Mirkişili inflyasiya və qiymət artımı templərinin avqust ayında səngidiyini qeyd edərək inflyasiyanın mənfi təsirlərinin aradan qaldırılması üçün görülən tədbirlərdən danışıb. Bildirib ki, ötən dövrdə orta aylıq əməkhaqqı 14%-ə yaxın artaraq 831 manata çatıb. O, bu nailiyyətləri ölkədə aparılan iqtisadi islahatlar nəticəsində iqtisadi intizamın, şəffaflığın yüksəldilməsi ilə əlaqələndirib.

Tahir Mirkişili bildirib ki, Azərbaycanın uğurlarını,  işğaldan azad edilmiş ərazilərdə müvəffəqiyyətlə aparılan bərpa-quruculuq işlərini, məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılmasını, beynəlxalq arenada nüfuzunun artmasını həzm edə bilməyən daxili və xarici qüvvələr son vaxtlar ölkəmizə qarşı hücumlarını artırıblar. Vurğulanıb ki, onlara qarşı hamı öz fəal vətəndaşlıq mövqeyini ortaya qoymalıdır.

Sonra gündəliyin müzakirəsi başlanıb. Komitə sədri müzakirəyə əvvəlcə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2022-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatını təqdim edib.

Bildirib ki, hesabat dövründə komitənin 23 iclası keçirilib, 89 məsələ, o cümlədən 82 qanun layihəsi, 4 rəy və Hesablama Palatasının hesabatı müzakirə olunaraq plenar iclasa tövsiyə edilib. Tahir Mirkişili komitədə baxılan məsələlərin, qəbul edilən qanun layihələrinin əhəmiyyətindən söz açıb, hesabat dövründə müxtəlif dövlət qurumları, ictimai təşkilatlar və sahibkarlarla real sektorun müxtəlif məsələləri ilə bağlı keçirilən görüşlərdən, görülən işlərdən bəhs edib. Bildirib ki, komitənin ünvanına daxil olmuş ərizə və müraciətlərə baxılması sahəsində müntəzəm iş aparılıb, qaldırılan məsələlərlə bağlı müvafiq tədbirlər görülüb. Qeyd olunub ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində sədrinin müavini Əli Məsimli, komitə üzvləri Mahir Abbaszadə və Vüqar Bayramovun rəhbərliyi ilə komitədə 3 işçi qrupu yaradılıb. Sonra işçi qruplarının rəhbərlərinin görülən işlərlə bağlı məlumatı dinlənilib.

İclasda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2022-ci ilin payız sessiyası üçün iş planı müzakirə olunarkən bildirilib ki, qarşıdakı sessiyada “Lombardlar haqqında”, “Qiymətləndirmə fəaliyyəti haqqında”, “Dövlət-özəl sektor tərəfdaşlığı haqqında”, o cümlədən Büdcə zərfinə daxil olan qanun layihələri və komitəyə daxil olacaq digər qanun layihələrinin müzakirəsi nəzərdə tutulub.

İclasın gündəliyində olan qanun layihələrini təqdim edərkən komitə sədri diqqətə çatdırıb ki, gündəliyin 3-cü məsələsindən 20-ci məsələsinədək – “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Valyuta tənzimi haqqında”, “Maliyyə-sənaye qrupları haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Avtomobil yolları haqqında”, “Banklar haqqında”, “Lotereyalar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “İpoteka haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Dövlət borcu haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunlarda, Vergi Məcəlləsində və “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklər edilməsi  barədə birinci oxunuşda olan 18 qanun layihəsi bir-biri ilə bağlıdır.

Sənədlər Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.2-ci bəndinə əsasən hazırlanıb. Həmin bəndə uyğun olaraq da qanun layihələrinin əsas məqsədi vətəndaşlara elektron dövlət xidmətlərinin göstərilməsi işinin təkmilləşdirilməsi və bu zaman onlardan tələb olunan sənədlərin minimuma endirilməsidir.

İclasa dəvət olunmuş Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov təklif edilən dəyişikliklər, onların icra mexanizmləri ilə bağlı məlumat verib və deputatları maraqlandıran sualları cavablandırıb.

Daha sonra deputatlar “İcbari sığortalar haqqında” qanunda və “Yol hərəkəti haqqında”, “Notariat haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə ikinci oxunuşda olan qanun layihələrini müzakirə ediblər, həmçinin beynəlxalq müqavilələrin təsdiqi ilə bağlı “İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (İCİEC) Təsis Müqaviləsi”nin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə, “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi (BEPS) layihəsində assosiativ üzv qismində İnklüziv Çərçivə”yə qoşulmaq barədə  Azərbaycan Respublikası ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı arasında məktublar mübadiləsi formasında bağlanmış Razılaşmanın təsdiq edilməsi haqqında qanun layihələrini nəzərdən keçiriblər.

Müzakirə olunan məsələlərlə bağlı komitə sədri Tahir Mirkişili, komitə sədrinin müavini Əli Məsimli, komitə üzvləri Vahid Əhmədov, Ziyad Səmədzadə, Mahir Abbaszadə, Aydın Hüseynov, Məzahir Əfəndiyev, İqbal Məmmədov və Rüfət Quliyev çıxış edərək fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.

İclasda komitənin hesabatı və iş planı məqbul hesab olunub, gündəlikdəki qanun layihələri Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.

İclasda deputatlar Ağalar Vəliyev, Məşhur Məmmədov, Elnur Allahverdiyev, Anar Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU