Regional məsələlər komitəsinin iclası keçirilib

Komitə iclasları
20 sentyabr 2022 | 14:31   
Paylaşın:        

Sentyabrın 20-də Milli Məclisin Regional məsələlər komitəsinin 2022-ci ilin payız sessiyasında ilk iclası keçirilib. İclasda Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində qəhrəmancasına şəhid olmuş hərbi qulluqçularlımızın xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilib. Komitə sədri Siyavuş Novruzov bildirib ki, Vətən uğrunda gedən döyüşlərdə əsgərlərimizin göstərdiyi şücaət hər bir Azərbaycan vətəndaşına bir örnəkdir.

Sonra komitə sədri gündəliyə 4 məsələnin daxil edildiyini deyib. O, əvvəlcə, Milli Məclisinin 2022-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində Regional məsələlər komitəsində görülən işlər barədə məlumat verib. Bildirilib ki, ötən sessiyalarda komitənin 4 iclası keçirilib. Bu iclaslarda “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihələri üç oxunuşda müzakirə olunaraq, Milli Məclis tərəfindən qəbul edilib. Bununla yanaşı, Şuşa şəhərində Regional məsələlər komitəsinin Aqrar siyasət komitəsi ilə birgə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yeni regional, sosial-iqtisadi və aqrar inkişafın ünvanıdır” mövzusunda dinləmələri keçirilib.

Diqqətə çatdırılıb ki, hesabat dövründə Regional məsələlər komitəsi ölkənin müvafiq dövlət qurumları və aidiyyəti beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq şəraitində səmərəli fəaliyyət göstərib. Komitənin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Tarix yazan imza”  mövzusunda videokonfrans keçirilib.

Qeyd olunub ki, yaz və növbədənkənar sessiyaları ərzində komitə üzvləri tərəfindən mütəmadi olaraq vətəndaşların qəbulu keçirilib, onların müraciətlərinə baxılıb. Ümumilikdə komitəyə vətəndaşlardan 2102 müraciət daxil olub. 1704 müraciətin icrası təmin edilib, digər müraciətlər baxılması üçün aidiyyəti qurumlara göndərilib. Deputatlar, həmçinin cəmiyyətin həssas qrupları, o cümlədən şəhid ailələri, qazilər, müharibə iştirakçıları və aztəminatlı ailələrlə görüşüb, onların qayğıları ilə maraqlanıblar. Eyni zamanda, komitə üzvləri seçicilərlə görüşərək, onlara öz fəaliyyətləri barədə hesabat xarakterli məlumatlar təqdim edib, habelə  sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində aktual məsələlərlə bağlı çıxış ediblər.

Sonra Regional məsələlər komitəsinin 2022-ci ilin payız sessiyası üçün iş planının layihəsi təqdim edilib. Diqqətə çatdırılıb ki, növbəti sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələrinin, bəzi qanunlarda dəyişikliklər edilməsi haqqında sənədlərin müzakirəsi, dinləmələrin keçirilməsi, komitəyə müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflərin təhlili və ümumiləşdirilməsi nəzərdə tutulub.

Daha sonra Siyavuş Novruzov gündəliyə daxil edilən qanun layihələri barədə danışıb.

Əvvəlcə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsi haqqında məlumat verilib. Bildirilib ki, 4 mart 2022-cil tarixli 492-VIQ nömrəli qanuna əsasən, Gəncə şəhərinin tərkibindəki Kəpəz və Nizami rayonları ləğv edilərək Gəncə şəhərini tərkibinə birləşdirilib. Ləğv edilmiş Nizami rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri və Kəpəz rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 3 və 4 nömrəli sahə inzibati ərazi dairələri hesab edilmişdir. Həmin qanunun icrası məqsədi ilə “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda müvafiq dəyişiklik təklif olunur.

Sonra Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Tibbi sığorta haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təqdim edilib.

Diqqətə çatdırılıb ki, qanun layihəsi  Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 3 dekabr 2021-ci il tarixli 406-VIQD nömrəli qanuna uyğun olaraq hazırlanıb. Bununla əlaqədar sənədə daxil olan “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna müvafiq dəyişikliklər təklif olunur. Bu dəyişikliklər yalnız fiziki şəxslərin mülkiyyətində olan bina, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisinin bələdiyyə vergilərində saxlanması və yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin isə dövlət vergilərinə aid edilməsi ilə əlaqədardır.

Müzakirələr zamanı komitənin sədr müavini Elşən Musayev, üzvləri Məzahir Əfəndiyev, Aqil Məmmədov, Kamran Bayramov, Cavid Osmanov, Səbinə Xasayeva, Emin Hacıyev çıxış edərək gündəlikdəki məsələlər barədə, habelə bələdiyyələrin fəaliyyəti, onların işinin səmərəliliyinin artırılması, bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı fikirlərini açıqlayıblar. Deputatlar, həmçinin Ermənistanın Azərbaycan sərhədində törətdiyi təxribatlar və digər aktual məsələlərə münasibət bildiriblər.

İclasda Milli Məclisinin 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Regional məsələlər komitəsində görülən işlər qənaətbəxş hesab olunub, komitənin 2022-ci ilin payız sessiyası üçün iş planının layihəsi təsdiq edilib. Gündəliyə daxil edilən hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU