Milli Məclisin Gənclər və idman komitəsinin iclasında

Komitə iclasları
20 sentyabr 2022 | 14:46   
Paylaşın:        

Sentyabrın 20-də Milli Məclisin Gənclər və idman komitəsinin 2022-ci ilin payız sessiyasında onlayn formatda ilk iclası keçirilib.

İclasda Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev son günlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatların qarşısını alan zaman qəhrəmancasına şəhid olmuş hərbi qulluqçularımıza Allahdan rəhmət diləyib, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralılarımıza şəfa diləyib. 

Sonra Adil Əliyev diqqətə çatdırıb ki, iclasın gündəliyinə 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabat və komitənin 2022-ci ilin payız sessiyası üçün iş planı daxil edilib.

Komitə sədri əvvəlcə 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Gənclər və idman komitəsində görülən işlər barədə danışıb. Bildirib ki, ötən sessiyalarda komitə səmərəli  fəaliyyət göstərib. Bu müddətdə komitənin 7 iclası keçirilib, həmin iclaslarda 9 məsələyə baxılıb. Belə ki, komitədə “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Lotereyalar haqqında”, “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə və digər qanun layihələri müzakirədən keçirilərək Milli Məclis tərəfindən qəbul olunub. Bununla yanaşı, Şuşa şəhərində parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsi ilə birgə dinləmə keçirilib.

Diqqətə çatdırılıb ki, ötən sessiyada komitəyə daxil  olan 412 ərizə və məktuba baxılıb. Bundan başqa, vətəndaşların şifahi və sosial şəbəkələr üzərindən 930-a yaxın müraciəti ilə bağlı müvafiq tədbirlər görülüb.

Bildirilib ki, komitənin sədri və üzvləri hesabat dövründə Vətən müharibəsi qaziləri, şəhid ailələrinin üzvləri ilə görüşlərdə, həmçinin Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş çoxsaylı tədbirlərdə iştirak ediblər.

Diqqətə çatdırılıb ki, 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin Gənclər və idman komitəsinin 31 qəbulu keçirilib və bu qəbullarda ümumilikdə 326 vətəndaş iştirak edib. Bundan başqa, ötən dövrdə ölkəmizi beynəlxalq yarışlarda təmsil edən idmançılarla və gənclərlə görüşlər keçirilib. Hesabat dövründə komitə sədri və üzvləri bir sıra ölkədaxili və beynəlxalq səviyyəli tədbirlərdə iştirak ediblər, təmsil olunduqları parlamentlərarası əlaqələr üzrə işçi qrupları, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirib, müzakirələr aparıb, ictimaiyyəti maraqlandıran məsələlərlə bağlı fəal mövqe nümayiş etdiriblər.

Sonra iclasda komitənin 2022-ci ilin payız sessiyası üçün iş planına baxılıb. Qeyd edilib ki, Milli Məclisə daxil olacaq qanun layihələri, bir sıra qanunlarda dəyişiklik edilməsi ilə bağlı məsələlərlə yanaşı, komitədə “Bədən tərbiyəsi və idman haqqında”, “Gənclər siyasəti haqqında”, “Könüllü fəaliyyəti haqqında”, “Vətənpərvərlik tərbiyəsi haqqında”  qanun layihələrinin, eləcə də “Ali təhsil haqqında” qanun layihəsində gənclərlə bağlı müddəaların müzakirəsi nəzərdə tutulub.

Eyni zamanda, iş planında “2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq, komitə üzvlərinin gənclərin maarifləndirilməsi tədbirlərində, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə görüşlərdə, Ermənistanın təcavüzü və həqiqətlərimizin dünyaya çatdırılmasında fəal iştirakının təmin edilməsi nəzərdə tutulub.

Çıxış edən Gənclər və idman komitəsinin üzvü  Etibar Əliyev ölkəmizdə gənclərin sağlam, savadlı, vətənpərvər vətəndaşlar kimi yetişməsi üçün bir sıra təkliflər səsləndirib.

Müzakirələrin sonunda Gənclər və idman komitəsinin Milli Məclisin 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə gördüyü işlərlə bağlı hesabatı məqbul sayılıb və  komitənin 2022-ci ilin payız sessiyası üçün iş planı təsdiqlənib. 

Onlayn iclasda komitənin sədr müavini Şahin İsmayılov, üzvləri Mahir Abbaszadə, Ülvi Quliyev, Elnur Allahverdiyev, Cavid Osmanov, Könül Nurullayeva, Sevinc Hüseynova, Ramil Həsən, Vüqar İskəndərov və Cəbi Quliyev iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU