Deputatlarımız MDB PA-nın komissiya iclaslarında iştirak edəcəklər

Tədbirlər
20 sentyabr 2022 | 15:46   
Paylaşın:        

Milli Məclisin bir qrup deputatı MDB Parlamentlərarası Assambleyasının daimi komissiyalarının iclaslarında iştirak etmək üçün sentyabrın 21-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.

Qurumun Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının işində Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev onlayn formatda və deputat Arzu Nağıyev iştirak edəcəklər.

Tədbirdə “Milli təhlükəsizlik haqqında” model qanun layihəsi, “Sərhəd təhlükəsizliyi haqqında”, “Dövlət sərhədi haqqında” model qanunlara dəyişikliklər, habelə informasiya-kommunikasiya texnologiyaları sahəsində hüquq pozuntularının qarşısının alınmasına dair, terrorizmə və zorakı ekstremizmə qarşı mübarizədə beynəlxalq humanitar hüququn prinsiplərinin tətbiqi ilə bağlı tövsiyələr haqqında və digər məsələlər müzakirə olunacaq.

Elm və təhsil daimi komissiyasının iclasına Milli Məclisin komitə sədri Bəxtiyar Əliyev qatılacaq. İclasın gündəliyinə MDB ölkələri üçün model İnformasiya kodeksi, Elmi və elmi-texniki fəaliyyətin subyektlərinin dövlət attestasiyası haqqında model qanun layihəsi, təhsil sahəsində rəqəmsallaşdırmanın normativ tənzimlənməsi üzrə tövsiyələr və digər məsələlər daxil edilib.

Təhlükəsizlik və yeni çağırışlara və təhdidlərə qarşı mübarizə sahəsində qanunvericiliyin uyğunlaşdırılması üzrə MDB PA yanında Birgə komissiyanın işində deputat Arzu Nağıyev iştirak edəcək. Komissiyada “İctimai təhlükəsizlik haqqında” model qanun layihəsi, MDB iştirakçısı olan ölkələrin sərhəd orqanlarının terrorizmə qarşı mübarizə sahəsində fəaliyyətinin, habelə MDB dövlətlərinin  sularında qanunsuz fəaliyyətin qarşısının alınması sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsinə dair tövsiyələrin layihələri üzərində aparılan iş və digər məsələlər barədə danışılacaq.

Dövlət quruculuğu və yerli idarəetmə sahəsində təcrübənin öyrənilməsi üzrə daimi komissiyanın iclasında deputat Jalə Əliyeva iştirak edəcək. Toplantıda Müstəqil Dövlətlər Birliyindən olan beynəlxalq müşahidəçilər üçün seçkilərin və referendumların müşahidəsi üzrə Tövsiyələrin layihəsi, “Beynəlxalq müşahidə haqqında”, “Dövlət və bələdiyyə xidməti haqqında” model qanun layihələri və digər məsələlər müzakirə olunacaq.

Nəzarət və büdcə komissiyasının iclasına deputat Malik Həsənov qatılacaq. Yığıncaqda quruma üzv dövlətlərin Parlamentlərarası Assambleyanın 2022-ci il büdcəsinə kapital qoyuluşlarının köçürülməsi üzrə maliyyə öhdəliklərinin yerinə yetirilməsi, MDB iştirakçısı olan dövlətlərin təşkilatın Parlamentlərarası Assambleyasının 2023-cü il üçün fəaliyyətinin təmin edilməsi üzrə gəlir və xərclər smetalarının layihələri, komissiyanın 2023-cü il üçün iş planı və digər məsələlərə baxılacaq.

Deputatlarımız MDB PA-nın komissiya iclaslarında müzakirəyə çıxarılacaq məsələlər barədə öz fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcəklər.

Səfər sentyabrın 25-də başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU