Milli Məclisin İnsan hüquqları komitəsi 2022-ci ilin payız sessiyasında ilk iclasını keçirib
Sentyabrın 21-də Milli Məclisin İnsan hüquqları komitəsinin 2022-ci ilin payız sessiyasında ilk iclası keçirilib. İclasda öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı, yaralılarımıza şəfa diləyib.
Sonra Zahid Oruc Azərbaycanla sərhəddə Ermənistan tərəfinin törətdiyi son təxribatla bağlı fikirlərini bölüşüb, Azərbaycana böhtan atmağa çalışanlara qarşı fəal mübarizənin vacibliyini diqqətə çatdırıb, bu istiqamətdə Milli Məclisin sədri Sahibə Qafarova başda olmaqla deputatların fəaliyyətini xüsusi qeyd edib.
Sonra komitə sədri gündəliyin birinci məsələsi olan 2022-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində İnsan hüquqları komitəsinin gördüyü işlər barədə hesabatı təqdim edib. Bildirilib ki, 2022-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində Milli Məclisin İnsan hüquqları komitəsinin 9 iclası keçirilib, həmin iclaslarda 14 məsələ müzakirə olunub.
Komitənin sədri baxılan məsələlər haqqında fikirlərini söyləyib, qəbul edilən qanun layihələrinin əhəmiyyətindən söz açıb, hesabat dövründə müxtəlif dövlət qurumları, ictimai və beynəlxalq təşkilatlarla birgə keçirilmiş konfranslardan, forumlardan, görüşlərdən və digər tədbirlərdən bəhs edib.
Məlumat verilib ki, hesabat dövründə komitəyə daxil olan 800 müraciət komitədə geniş təhlil olunub, araşdırılıb, müvafiq tədbirlər görülüb və ya onların həlli üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılıb. Qeyd olunub ki, həmçinin komitə rəhbərliyi tərəfindən 207 vətəndaşın qəbulu keçirilib.
Gündəliyin ikinci məsələsi - İnsan hüquqları komitəsinin 2022-ci ilin payız sessiyası üçün iş planının layihəsi ilə bağlı Zahid Oruc bildirib ki, komitəyə daxil olacaq qanun layihələrinin və digər sənədlərin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması ilə yanaşı, sənəddə insan hüquqları sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatların nümayəndələri, dövlət qurumları ilə insan hüquqları sahəsinin aktual məsələləri ilə bağlı görüşlərin, müzakirələrin, dinləmələrin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təxribatlarının hüquqi aspektlərinin müzakirəsi, işğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdışla bağlı, xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında qanunvericilik aktının hazırlanması, həmçinin komitənin profilinə uyğun qanunvericiliyin təkmilləşdirilməsi kimi məsələlər də planda öz əksini tapıb.
Gündəliyin son iki məsələsi barədə məlumat verən komitə üzvü Bəhruz Məhərrəmov bildirib ki, üçüncü məsələ “Ekstradisiya haqqında” Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə qanun layihəsidir. Qeyd olunub ki, Əlavə Protokol 1957-ci ildə qəbul edilmiş “Ekstradisiya haqqında” Avropa Konvensiyasının bir sıra müddəalarının müasirləşdirilməsi və onların tamamlanması məqsədinə xidmət edir və protokolun müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan Respublikası ilə münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.
Bəhruz Məhərrəmov gündəliyin dördüncü və sonuncu məsələsinin birinci oxunuşda olan qanun layihəsi olduğunu qeyd edib. Sənəddə “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun 7.2-ci maddəsinə əlavə təklif edilir. Əlavəyə görə, Milli Fəaliyyət Planı iştirakçılarının fəaliyyətinin əlaqələndirilməsi Milli Koordinator yanında ictimai əsaslarla fəaliyyət göstərən İşçi Qrup vasitəsilə həyata keçirilir. İşçi Qrupun tərkibi, təşkili və fəaliyyəti qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Müzakirələrdə İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, komitə sədrinin müavini Tahir Kərimli, komitə üzvləri Elman Nəsirov, Fazil Mustafa, Jalə Əhmədova, Elşad Mirbəşiroğlu, Razi Nurullayev, Naqif Həmzəyev, Bəhruz Məhərrəmov çıxış ediblər, gündəlikdəki məsələlərlə bağlı fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.
İclasda 2022-ci ilin yaz və növbədənkənar sessiyalarında İnsan hüquqları komitəsində görülən işlər qənaətbəxş hesab olunub, komitənin 2022-ci il payız sessiyası üçün iş planının layihəsi təsdiq edilib. Deputatlar gündəlikdəki qanun layihələrini Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi