Ailə, qadın və uşaq məsələləri komitəsində
Sentyabrın 21-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2022-ci ilin payız sessiyasında ilk iclası keçirilib. İclasda sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan tərəfindən Azərbaycanla sərhəddə törədilmiş təxribatın qarşısı alınarkən qəhrəmanlıq göstərərək şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Komitə sədri Hicran Hüseynova gündəliyə 5 məsələnin daxil edildiyini deyərək, əvvəlcə, Ailə, qadın və uşaq məsələləri komitəsində 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabatı təqdim edib. Bildirilib ki, hesabat dövründə komitədə 3 iclas, 1 konfrans, 2 dinləmə keçirilib. İclaslarda Azərbaycan Respublikasının Mülki Prosessual, Ailə, Mülki, Cinayət, Cəzaların İcrası, İnzibati Xətalar məcəllələrində, “Yol Hərəkəti haqqında”, “Prokurorluq haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Notariat haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Biometrik informasiya haqqında”, “Fərdi Məlumatlar haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətçəkmə haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılıb.
Bu müddətdə komitə tərəfindən Yeni Azərbaycan Partiyası ilə birgə “Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda konfrans, “Ailə qanunvericiliyi: ənənəvilik və müasirlik” mövzusunda ictimai dinləmə keçirilib. Bununla yanaşı, Gənclər və idman komitəsi ilə birgə Şuşa şəhərində “Qarabağın tarixində ailə dəyərləri və qadın hüquqları” mövzusunda dinləmə keçirilib. Komitə üzvləri Azərbaycan-Özbəkistan sahibkar qadınlarının beynəlxalq Forumunda da iştirak ediblər. Komitənin sədri və üzvləri parlamentlərarası əlaqələr üzrə işçi qrupları ilə bir sıra görüşlər keçirib, müxtəlif beynəlxalq konfrans və tədbirlərə qatılıblar.
Qeyd olunub ki, ötən sessiyalarda komitədə vətəndaşların qəbulu keçirilib, onların müraciətləri dinlənilib, müvafiq tədbirlər görülüb. Vətəndaşlardan daxil olan 542 müraciət təhlil olunub, onlardan 300-ə qədəri baxılmaq üçün aidiyyəti qurumlara göndərilib, digərləri ilə bağlı lazımi izahatlar verilib.
Sonra Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin 2022-ci ilin payız sessiyası üçün iş planının layihəsini diqqətə çatdırıb. Qeyd olunub ki, bu sessiya çərçivəsində bir sıra qanunlara edilən dəyişikliklərin müzakirəsi, müxtəlif mövzularda dinləmələrin keçirilməsi nəzərdə tutulub.
İclasda daha sonra gündəlikdəki qanun layihələrinə baxılıb.
Komitə sədri əvvəlcə Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. Diqqətə çatdırılıb ki, layihə Azərbaycan Prezidentinin 2020-ci il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.2-ci bəndinə əsasən hazırlanıb. “Milli Fəaliyyət Planı”nda bildirilir ki, dövlət xidmətinin göstərilməsi üçün zəruri olan sənəd və ya məlumat digər dövlət qurumunda mövcud olduğu halda, həmin sənədin və ya məlumatın vətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan alınmasının təmin edilməsi üçün bu prinsipin sahəvi normativ hüquqi aktlarda təsbit edilməsi, habelə bu prinsipə əsaslanan elektron xidmətlərin sayının artırılması təmin edilməlidir. Bununla əlaqədar olaraq həmin tələbin sahəvi qanunlarda əks olunmasına zərurət yaranır.
Qeyd edilənləri nəzərə alaraq, Ailə Məcəlləsinə müvafiq dəyişiklik təklif olunur. Dəyişikliyə əsasən, Məcəllənin yeni redaksiyada verilmiş 164.1-ci maddəsində deyilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Bu sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
Sonra Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) təqdim edilib. Bildirilib ki, milli qanunvericiliyi “Dəyişdirilmiş Avropa Sosial Xartiyası”nın əsas prinsiplərinə və müddəalarına uyğunlaşdıracağı barədə dövlətimizin Avropa Şurası qarşısında öhdəlik götürdüyünü və Sosial Hüquqlar üzrə Avropa Komitəsinin, eləcə də BƏT-in tövsiyələrini nəzərə alaraq, Əmək Məcəlləsinin 211-ci, 240-cı, 241-ci və 243-cü maddələrinin Xartiyanın 20-ci və 8-ci maddələrinin tələblərinə uyğunlaşdırılması zərurəti yaranıb. Layihənin hazırlanması Azərbaycanın 11 may 2010-cu il tarixli 1003-IIIQ nömrəli Qanunu ilə qoşulduğu “Beynəlxalq Əmək Təşkilatının "Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında" 156 nömrəli Konvensiyasının tələblərinə də uyğundur ki, haqqı ödənilən iş yerinə yetirən və ya yerinə yetirmək istəyən, ailə vəzifələri olan şəxslər bu hüququ ayrı-seçkiliyə məruz qalmadan və mümkün olan qədər peşə və ailə vəzifələrini uzlaşdıraraq həyata keçirə bilsinlər.
Qeyd olunub ki, qanun layihəsi qəbul edilərsə, Nazirlər Kabinetinin “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin Siyahısının təsdiq edilməsi haqqında” 1999-cu il 20 oktyabr tarixli 170 nömrəli qərarı qüvvədən düşəcək.
Beləliklə, mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan 674 peşə və iş yeri azaldılarıq 204 müəyyən ediləcək, eyni zamanda, qadağan edilən bu peşə və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara tətbiq ediləcək.
Daha sonra “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb. Komitə sədri bildirib ki, ölkədə uşaq hüquqlarının müdafiəsi sahəsində güclü qanunvericilik bazası mövcuddur. Beynəlxalq konvensiyalara qoşulmaq isə uşaq hüquqlarının qorunması mexanizminin daha da təkmilləşdirilməsinə öz müsbət təsirini göstərir.
Müzakirələrdə çıxış edən komitə üzvləri Tamam Cəfərova, Sədaqət Vəliyeva, Pərvin Kərimzadə, Sevil Mikayılova, Ramin Məmmədov, Rəşad Mahmudov gündəlikdəki məsələlər barədə fikirlərini açıqlayıblar, bəzi təkliflərini səsləndiriblər. Deputatlar komitənin ötən sessiyada səmərəli fəaliyyət göstərdiyini, iş planına daxil edilən məsələlərin əhəmiyyətini, qanunlara edilən dəyişikliklərin məqsədəmüvafiq olduğunu qeyd ediblər.
İclasda Ailə, qadın və uşaq məsələləri komitəsinin 2022-ci il yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər məqbul hesab edilib, komitənin 2022-ci ilin payız sessiyası üçün iş planının layihəsi təsdiq olunub. Gündəlikdəki hər üç qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi