Milli Məclisdə Avropa Parlamentinin nümayəndə heyəti ilə görüş olub

Tədbirlər
22 sentyabr 2022 | 16:57   
Paylaşın:        

Sentyabrın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Avropa Parlamentinin Kənd, dağlıq və ucqar ərazilər və Ağıllı kəndlər üzrə interqrupunun sədri Frank Boqoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitə sədri Tahir Mirkişili qonaqları salamlayaraq, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirib. Ölkəmizin  Avropa İttifaqının əsas tərəfdaşlarından biri olduğunu qeyd edib. Parlamentlər səviyyəsində əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətindən danışıb.

Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini söyləyən komitə sədri birgə müxtəlif layihələrin uğurla həyata  keçirildiyini deyib. Qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsi, informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafından bəhs edib. Azərbaycanın zəngin neft-qaz ehtiyatlarından danışan Tahir Mirkişili ölkəmizin enerji təhlükəsizliyi sahəsində həm regionda, həm də dünyada əhəmiyyətli rol oynadığını bildirib.

Sonra komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan Ermənistan tərəfindən 30 il ərzində  işğal edilmiş əzəli torpaqlarını öz qüvvəsinə azad edib və hazırda bu ərazilərdə böyük quruculuq və bərpa işləri aparılır. Lakin işğalçı Ermənistan tərəfindən həmin ərazilərin  minalanması böyük maneələr törədir. Buna baxmayaraq, azad olunmuş ərazilərdə yeni infrastruktur yaradılır, kommunikasiya, nəqliyyat xətləri salınır, o cümlədən yeni hava limanları inşa edilir.

Tahir Mirkişili işğaldan azad olunmuş torpaqlarımızda “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin həyata keçirildiyi barədə məlumat verib. Bildirib ki, beynəlxalq standartlara cavab verən bu layihələr əsasında yenidən qurulan Zəngilan rayonunun Ağalı kəndinə artıq bir çox ailələr köçürülüb. Burada yaşayan vətəndaşların şəraitinin daha da yaxşılaşdırılmasında, rifah halının yüksəldilməsində həmin layihələr önəmli rol oynayır.

Komitə sədri  Şərq və Qərb arasında kommunikasıyaların qurulmasında, enerji və ərzaq təhlükəsizliyi sahəsində Azərbaycanın rolu, işğaldan azad olunmuş ərazilərdə yeni nəqliyyat infrastrukturunun qurulması, yaşıl enerji zonaları, sənaye zonalarının yaradılması, bu ərazilərə investisiyanın cəlb edilməsi istiqamətində dövlət tərəfindən görülən işlər barədə danışıb.

Avropa Parlamentinin Kənd, dağlıq və ucqar ərazilər və Ağıllı kəndlər üzrə interqrupunun sədri Frank Boqoviç görüşə və maraqlı söhbətə görə öz minnətdarlığını ifadə edib. Avropa İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafının önəmli olduğunu deyib. İqtisadi əlaqələrin möhkəmləndirilməsi, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində mövcud imkanlardan, ərzaq təhlükəsizliyinin təmin edilməsinin vacibliyindən bəhs edib.

Qonaq “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin əhəmiyyətindən söhbət açaraq, müasir  texnologiyaların tətbiqinin insanların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət etdiyini bildirib. O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində belə kəndlərin qurulmasını yüksək qiymətləndirib. Təmsil etdiyi qurumda bu istiqamətdə ölkəmizin təcrübəsinin böyük maraqla qarşılandığını söyləyib.

Söhbət zamanı deputatlar Tural Gəncəliyev, Vüqar Bayramov, Məzahir Əfəndiyev, ölkəmizin Belçikadakı səfiri Vaqif Sadıqov ikitərəfli əlaqələrin inkişafı, enerji və ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlıq, digər qarşılıqlı maraq doğuran məsələlər barədə  öz fikirlərinin açıqlayıblar.

Görüşdə deputat Mahir Abbaszadə, Avropa Parlamenti nümayəndə heyətinin üzvləri Hannes Heide, Engin Eroğlu, Marin Miletiç, Adam Muxtar, Alessandro da Rold, Angele Kedaitene, Rafet Kurnaz, Gencay Koyunbaşoğlu, Ethem Güngör və digər rəsmi şəxslər  iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU