Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA Katibliyinin fəaliyyəti ilə tanış olub
Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA Katibliyində olub.
Milli Məclisin sədrini TÜRKPA-nın Baş katibi Süreyya Er qarşılayıb. Sonra spiker Sahibə Qafarova Katibliyin inzibati binasının həyətində ağac əkib.
Milli Məclisin sədri Katibliyin inzibati binası ilə tanış olub, burada yaradılan iş şəraiti ilə maraqlanıb.
Sonra spiker Katibliyin kollektivi ilə görüşüb. Sahibə Qafarova kollektivi səmimiyyətlə salamlayaraq, qeyd edib ki, Azərbaycan Milli Məclisi TÜRKPA yarandığı dövrdən bu təşkilatla əməkdaşlığa önəm verib və təşkilatın fəaliyyətinə diqqət və qayğı göstərib. Onun sözlərinə görə, TÜRKPA-nın fəaliyyəti dövlətlərimiz və xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsinə xidmət edir.
Milli Məclislə TÜRKPA arasında münasibətlərin yüksək səviyyədə inkişaf etməsindən məmnunluğunu bildirən spiker deyib ki, parlamentimiz təşkilata üzv olan ölkələrin qanunverici orqanları ilə geniş əməkdaşlıq əlaqələrinə malikdir. Ötən dövr ərzində təşkilata üzv parlamentlər arasında əməkdaşlıq daha da inkişaf edib. TÜRKPA-nın ayrı-ayrı komissiyalarının iclaslarının və ölkələrimizi maraqlandıran müxtəlif mövzulara həsr edilmiş seminarların keçirilməsi, model qanunların işlənib hazırlanması, seçki və referendum müşahidə missiyalarının təşkili, beynəlxalq parlament təşkilatları çərçivəsində birgə fəaliyyətimiz səmərəli əməkdaşlığımızın mühüm göstəriciləridir.
Azərbaycan parlamentinin sədri xatırladıb ki, Milli Məclisin təşkilatçılığı ilə Bakı şəhərində TÜRKPA-nın komissiya iclası, seminarı, konfrans və görüşləri keçirilib. Digər tərəfdən, üzv parlamentlərin nümayəndələri ölkəmizin 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərinə, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı, 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” Şuşa şəhərinə səfər ediblər. Qardaş ölkələrimizin parlament üzvləri Ermənistanın işğalı dövründə törədilmiş vəhşiliklərin və dağıntıların şahidi olmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərdə ölkəmiz tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri ilə də tanış olublar.
Qeyd olunub ki, TÜRKPA çərçivəsində model qanunların təqdim edilməsi ilə bağlı Milli Məclis Aparatında müsbət əməkdaşlıq təcrübəsi formalaşıb. TÜRKPA-da qəbul edilən 7 model qanundan 5-nin ilkin layihəsi Milli Məclis tərəfindən təqdim edilib. Milli Məclis təşkilata üzv olan ölkələrin parlamentləri ilə qanunvericilik təcrübəsinin bölüşməsində maraqlıdır.
Milli Məclisin sədri Katiblikdə çalışan heyətin fəaliyyətini müsbət qiymətləndirib. O, təşkilatda əlverişli işgüzar mühitin yaradıldığını qeyd edərək, inamını ifadə edib ki, burada çalışan əməkdaşlar öz təcrübə, bilik və bacarıqlarını bundan sonra da təşkilatın səmərəli fəaliyyətinə yönəldəcəklər.
Göstərilən yüksək diqqətə və təşkilata verilən dəstəyə görə Milli Məclisin sədrinə minnətdarlığını bildirən TÜRKPA-nın Baş katibi Süreyya Er Katibliyin fəaliyyəti haqqında geniş məlumat verib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi