Milli Məclisin sədri Sahibə Qafarova İndoneziya Respublikasının Nümayəndələr Palatasının spikeri ilə görüşüb

Sədrin səfərləri
05 oktyabr 2022 | 20:44   
Paylaşın:        

Xəbər verildiyi kimi, Milli Məclisin sədri Sahibə Qafarova “Böyük İyirmilik” ölkələrinin Parlament Sədrlərinin 8-ci Sammitində iştirak etmək üçün İndoneziya Respublikasının paytaxtı Cakarta şəhərində səfərdədir.

Səfər çərçivəsində Sahibə Qafarova oktyabrın 5-də İndoneziya Respublikasının Nümayəndələr Palatasının sədri xanım Puan Maharani ilə görüşüb.

Görüşdən məmnunluğunu ifadə edən Milli Məclisin sədri Sahibə Qafarova onu G20 Parlament Spikerlərinin 8-ci Sammitinə dəvət etdiyinə görə Puan Maharaniyə təşəkkür edib. O, bu platformada həm Azərbaycan Respublikası parlamentinin spikeri, həm də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri kimi iştirak etdiyini vurğulayaraq, tədbirin müasir dünyada hər kəsi narahat edən çox aktual mövzulara həsr olunduğunu bildirib.

Parlamentin sədri bu il Azərbaycanla İndoneziya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu söyləyib. Sahibə Qafarova müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin iki dövlət arasında münasibətlərin inkişafına təkan verəcəyini deyib.

Dövlətlərimizin bir sıra mötəbər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığından danışan Sahibə Qafarova dövlətlərimiz arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin önəmli rol oynadığını qeyd edib. O, qanunvericilik orqanlarının səmərəli əməkdaşlığının daha da genişləndirilməsinin, həmçinin dostluq qrupları səviyyəsində əlaqələrin  əhəmiyyətindən bəhs edib, bu əlaqələrin möhkəmlənməsində qarşılıqlı səfərlərin önəmli olduğunu qeyd edib. Milli Məclisin sədri bildirib ki, deputatlarımız bir sıra beynəlxalq təşkilatların parlament qurumlarında, o cümlədən Parlamentlərarası İttifaq, İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, Asiya Parlament Assambleyası, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində səmərəli fəaliyyət göstərirlər.

Milli Məclisin spikeri ərazilərimizin Ermənistan tərəfindən işğalı dövründə İndoneziyanın BMT Baş Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatının qəbul etdiyi qətnamələrə qoşulduğunu qeyd edərək, Azərbaycanın haqq işini dəstəkləməsini yüksək qiymətləndirib.

Söhbətdə Milli Məclisin sədri Sahibə Qafarova İndoneziyanın Qoşulmama Hərəkatında Azərbaycanın təşəbbüslərini dəstəklədiyini də vurğulayıb.

İndoneziya Respublikasının Nümayəndələr Palatasının sədri xanım Puan Maharani Milli Məclisin sədri Sahibə Qafarovanı ölkəsində görməkdən məmnunluğunu ifadə edib. O, dövlətlərimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Qeyd edib ki, İndoneziya Azərbaycanla bütün sahələrdə əlaqələrin inkişafında maraqlıdır. O, Azərbaycanın ölkəsi üçün xüsusi önəmə malik olduğunu qeyd edərək, deyib ki, Azərbaycanın İndoneziyadakı səfirliyi Cənub–Şərqi Asiyada açılmış ilk səfirliyidir. İkitərəfli əlaqələrin hazırkı inkişafı məmnunluq doğurur. Puan Maharani ümidvar olduğunu bildirib ki, əlaqələrimiz inkişaf etməyə davam edəcək.

Söhbət zamanı Nümayəndələr Palatasının sədri dövlətlərarası əlaqələrin möhkəmləndirilməsində hər iki ölkənin parlamentlərinin əhəmiyyətli rolundan danışıb. İndoneziya parlamentində Azərbaycanın Milli Məclisi ilə əlaqələrə önəm verildiyini bildirib. Qanunverici orqanların qarşılıqlı faydalı əməkdaşlığının, o cümlədən parlamentlərarası dostluq qrupları çərçivəsində əlaqələrin təcrübə və informasiya mübadiləsi baxımından vacibliyini qeyd edib. O, deyib ki, dostluq qruplarının qarşılıqlı fəaliyyəti, təmas və görüşlərin sıxlaşdırılması əhəmiyyətlidir. Beynəlxalq təşkilatlarda da qarşılıqlı dəstəyi davam etdirəcəyik. Nümayəndələr Palatasının sədri İndoneziya parlamentində fəaliyyət göstərən dostluq qrupunun Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək bəyanatlarını xatırladıb.

Puan Maharani deyib ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Hərəkatın ruhuna, qarşısına qoyduğu hədəflərə uyğundur və İndoneziya Şəbəkənin fəaliyyətini tam dəstəkləyir. Bu platforma bütün üzv ölkələr üçün olduqca faydalıdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU