İnsan hüquqları komitəsinin iclasında

Komitə iclasları
07 oktyabr 2022 | 17:10   
Paylaşın:        

Oktyabrın 7-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib.

Komitənin sədri Zahid Oruc iclası açaraq gündəliyə “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanunun layihəsinin daxil edildiyini deyib.

Əvvəlcə “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun  layihəsinə (ikinci oxunuş) baxılıb. Bildirilib ki, Qanunun 7.2-ci maddəsinə təklif olunan əlavəyə görə, Milli Fəaliyyət Planı iştirakçılarının fəaliyyətinin əlaqələndirilməsi Milli Koordinator yanında ictimai əsaslarla fəaliyyət göstərən işçi qrup vasitəsilə həyata keçirilir. İşçi qrupun tərkibi, təşkili və fəaliyyət qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Daha sonra komitə sədri Zahid Oruc “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirib ki, qanun layihəsi insan hüquqları və azadlıqları sahəsində Azərbaycan Respublikasının dövlət siyasətinin məqsəd və prinsiplərinə xidmət etməklə, müvəkkilin bu sahədə fəaliyyətinin təkmilləşdirilməsinə və effektivliyinin artırılmasına, müsbət beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə, bununla da təsisatın beynəlxalq nüfuzunun artırılmasına töhfə vermək məqsədi daşıyır.

Qanun layihəsində təklif edilən bir qrup dəyişikliklər isə ölkədə aparılan islahatlar nəticəsində Azərbaycan Respublikasında dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsi məqsədilə hazırlanıb. Konstitusiya Qanununun göstərilən subyektlərə münasibətdə tətbiqi baxımından yarana biləcək məhdudiyyətlərin qarşısının alınması, bununla da müvəkkilin insan hüquq və azadlıqlarının müdafiəsi üzrə fəaliyyətinin təmin edilməsi üçün Konstitusiya Qanununun 1.1-ci maddəsində müvafiq dəqiqləşdirmə aparılıb, eləcə də digər maddələr üzrə fəaliyyət istiqamətləri konkretləşdirilib.

Qeyd olunanlarla yanaşı, uşaq hüquqları sahəsində preventiv tədbirlərin həyata keçirilməsi, bu hüquqların təşviqi, müdafiəsi və təmini vəziyyətinin monitorinqi, eləcə də pozulmuş hüquqların bərpası sahəsində Ombudsman fəaliyyətinin effektivliyinin artırılması məqsədilə (BMT-nin Uşaq Hüquqları Komitəsinin və digər beynəlxalq təşkilatların tövsiyələri də nəzərə alınmaqla) zəruri mexanizmin təşkili üçün Konstitusiya Qanununa yeni müddəaların əlavə edilməsi zərurəti yaranıb.

Müzakirələrdə çıxış edən komitə sədrinin müavini Tahir Kərimli, komitə üzvləri Fazil Mustafa, Razi Nurullayev, Elşad Mirbəşiroğlu, Naqif Həmzəyev, Elman Nəsirov, Bəhruz Məhərrəmov, Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid qanun layihəsi barədə fikirlərini açıqlayıblar, suallarını, qeydlərini və təkliflərini səsləndiriblər.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı rəhbərinin müavini Rəşid Rumzadə iclasda qaldırılan məsələlərə münasibət bildirib. Qeyd edib ki, qanun layihəsi hazırlanarkən bir çox ölkələrin qanunvericilik təcrübəsi  nəzərdən keçirilib. Eyni zamanda, Milli Məclisin komitə iclaslarında qaldırılan məsələlərin, eləcə də parlamentdə deputatlar tərəfindən səsləndirilən təkliflərin bir çoxu burada nəzərə alınıb. Konstitusiya Qanununa təklif edilən dəyişikliklər Müvəkkilin Konstitusion səlahiyyətlərinin icrasındakı mövcud praktiki çətinliklərin aradan qaldırılmasına, pozulmuş hüquq və azadlıqların daha operativ və effektiv qaydada bərpa olunmasına xidmət edəcək.

Müzakirələrin sonunda deputatlar gündəlikdəki qanun layihələrini baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

İclasda deputatlar Hikmət Məmmədov, Tural Gəncəliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU