Milli Məclisin sədri Sahibə Qafarova Moldovanın Baş naziri ilə görüşüb

Sədrin görüşləri
10 oktyabr 2022 | 18:49   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 10-da ölkəmizdə səfərdə olan Moldova Respublikasının Baş naziri Nataliya Qavrilitsa ilə görüşüb.

Milli Məclisin sədri Moldova Respublikasının Baş nazirini salamlayaraq, Azərbaycan ilə Moldova arasında əlaqələrin hazırki səviyyəsi haqqında danışıb. Spiker ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayaraq, bu il ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümünü qeyd etdiyimizi diqqətə çatdırıb. Spiker müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafında dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyətini xüsusi vurğulayıb.

Azərbaycanın enerji siyasətinə toxunan Milli Məclisin sədri deyib ki, ölkəmiz öz tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır. Azərbaycanın bu istiqamətdə reallaşdırdığı layihələr, cari ilin iyul ayında Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu bunun bariz nümunəsidir.

Spiker, Moldova Respublikasının Baş nazirinin Azərbaycana səfər proqramının zəngin olduğunu vurğulayaraq, xatırladıb ki, artıq Nataliya Qavrilitsanın Azərbaycan Prezidenti ilə görüşü olub. O, bu səfərin münasibətlərimizin inkişafına təkan verəcəyini qeyd edib.

İki ölkə arasında parlamentlərarası münasibətlərə toxunan Milli Məclisin sədri ikitərəfli əlaqələrin inkişafında qanunverici orqanların özünəməxsus rolundan danışıb. O, bildirib ki, parlamentlərimizdə fəaliyyət göstərən dostluq qruplarının, həmçinin deputatlarımızın beynəlxalq təşkilatlardakı əməkdaşlığı təqdirəlayiqdir.

Sahibə Qafarova Moldova Parlamentinin sədri İqor Qrosunun cari ilin fevral ayında Azərbaycana səfərini məmnunluqla xatırlayaraq, qanunverici orqanlarımızın komitələri arasında əməkdaşlığın inkişafı üçün yaxşı imkanların mövcud olduğunu qeyd edib.

Görüşdə Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etməsi barədə danışan Milli Məclisin sədri deyib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şücaəti sayəsində ərazilərimizin Ermənistan tərəfindən 30 illik işğalına son qoyulub. Təəssüf ki, beynəlxalq münasibətlərdə mövcud olan ikili standartlar səbəbindən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi uzun illər ərzində icra olunmayıb. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını öz gücü hesabına təmin edib.

Milli Məclisin sədri Ermənistanın işğal altında saxladığı şəhər və kəndlərimizi tamamilə dağıtdığını bildirərək, moldovalı həmkarı İqor Qrosunun Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya və işğaldan azad edilmiş ərazilərimizə səfəri zamanı bu reallıqların bilavasitə şahidi olduğunu diqqətə çatdırıb. Qonağa hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə öz gücü hesabına həyata keçirdiyi geniş bərpa-quruculuq işləri haqda da məlumat verilib.

Milli Məclisin sədri 30 ilə yaxın işğaldan əziyyət çəkən, müharibədə qələbə qazanmış Azərbaycanın Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif etdiyini diqqətə çatdıraraq, ümidvar olduğunu ifadə edib ki, oktyabrın 6-da Praqada keçirilmiş dördtərəfli görüşdən sonra tezliklə iki ölkə arasında sülh müqaviləsi imzalanacaq.

Azərbaycana ilk rəsmi səfərindən və Milli Məclisdə olmaqdan məmnunluğunu ifadə edən Moldova Respublikasının Baş naziri Nataliya Qavrilitsa son bir il yarım ərzində Azərbaycanla Moldova arasında onsuz da yüksək səviyyədə olan münasibətlərin daha da intensivləşdiyini bildirib. O, ölkəsinin Azərbaycanla dostluq münasibətlərini yüksək qiymətləndirdiyini qeyd edib.

Nataliya Qavrilitsa Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə bugünkü görüşü barədə təəssüratlarını bölüşüb.

O, Moldova ilə Azərbaycan arasında iqtisadi əlaqələrə də toxunaraq, bu sahədə Hökumətlərarası Komissiyanın fəaliyyətinin mühüm rolunu qeyd edib, ölkələrimiz arasında iqtisadi-ticarət, nəqliyyat, enerji təhlükəsizliyi və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf perspektivlərindən danışıb.

Baş nazir bu gün iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edərək, əlaqələrin inkşafında qanunverici orqanların özünəməxsus rolunu vurğulayıb. Baş nazir Moldova Parlamentinin sədri İqor Qrosunun salamlarını Milli Məclisin sədrinə çatdıraraq, onun ölkəmizə, o cümlədən Şuşaya səfərdən müsbət təəssüratlarla qayıtdığını bildirib.

Sonra görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sabir Hacıyev, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, ölkəmizin Moldovadakı səfiri Qüdsi Osmanov və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU