Milli Məclisin iclasında
Oktyabrın 11-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
Spiker Sahibə Qafarova əvvəlcə oktyabrın 5-dən 7-dək İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilmiş "Böyük iyirmilik" (G20) ölkələri parlament sədrlərinin 8-ci Sammiti barədə məlumat verib. Bildirib ki, o, bu tədbirə Milli Məclisin sədri və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri kimi xüsusi qonaq qismində dəvət olunmuşdu.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan "Böyük iyirmiliyin" parlament ölçüsündə keçirilən tədbirində ilk dəfə təmsil olunurdu. Bu, Azərbaycana və Qoşulmama Hərəkatının yeni yaradılmış parlament qurumuna göstərilən diqqət və marağın ifadəsi kimi qiymətləndirilməlidir.
Sahibə Qafarova bildirib ki, o, sammit çərçivəsində keçirilən tədbirlərdə etdiyi 2 çıxışda, o cümlədən əsas məruzəçi kimi çıxışında müasir dövrün çağırışları barədə fikirlərini bölüşüb, bu sahədə parlament əməkdaşlığı platformalarının oynaya biləcəyi mühüm rolu qeyd edib.
Spiker həmin tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qoşulmama Hərəkatının Sədri kimi irəli sürdüyü təşəbbüs əsasında yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi haqqında geniş məlumat verdiyini diqqətə çatdırıb. Sonra ərzaq və enerji təhlükəsizliyi mövzusuna həsr olunmuş sessiyada o, ərzaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışıb. Həmçinin Azərbaycanın öz tərəfdaşlarının enerji təhlüksəizliyinin təmin olunmasında oynadığı rolu, ölkəmizdə alternativ enerji mənbələrinin inkişaf etdirilməsi çərçivəsində görülən işləri qeyd edib. İşğaldan azad edilmiş ərazilərimizin ərzaq və enerji təhlükəsizliyi məsələləri baxımından əhəmiyyətini vurğulayıb.
Daha sonra tədbirdə Milli Məclisin sədri beynəlxalq miqyaslı problemlərin həllinə mane olan amillər, o cümlədən ikili standartlar və selektiv yanaşmalar barəsində danışıb. Xatırladıb ki, Azərbaycan bu reallığı öz təcrübəsində yaşayıb.
Spiker bildirib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququn norma və prinsiplərini öz gücü hesabına icra edərək, torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoymuş, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etmişdir. O, 44 günlük müharibə başa çatdıqdan sonra post-münaqişə dövründə regionda uzunmüddətli sülh və sabitliyin təmin edilməsi istiqamətində Azərbaycanın göstərdiyi səylər barəsində də məlumat verib. Ermənistanın sülh prosesinə maneçilik törətmək cəhdləri, xüsusən, 13 sentyabr təxribatı haqqında ətraflı danışıb.
Milli Məclisin sədri qeyd edib ki, Sammit çərçivəsində 7 rəsmi görüş keçirilib. İndoneziya Nümayəndələr Palatasının sədri Puan Maharani, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Birləşmiş Krallıq Parlamentinin İcmalar Palatasının sədri Lindsi Hoyl, Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri Saqr Qobaş, Namibiya Milli Şurasının sədri Lukas Sinimbo Muha, Cənubi Afrika Respublikası Milli Assambleyasının sədri Nosivive Mapisa-Nqakula , Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratiuk ilə rəsmi görüşlərdə dövlətlərarası münasibətlərin parlament ölçüsünün inkişaf yolu və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Qoşulmama Hərəkatının üzvü olan ölkələrin parlament təmsilçiləri ilə danışıqlarda həmin ölkələrin parlament üzvləri arasında qarşılıqlı əlaqə və əməkdaşlığın dərinləşdirilməsi, yeni yaradılmış Parlament Şəbəkəsinin fəaliyyəti, təşkilatın qarşısında duran vəzifələr haqqında fikir mübadiləsi aparılıb.
Spiker qeyd edib ki, bundan başqa, 7 qeyri-rəsmi görüş keçirilib. O, bütün görüşlərdə 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqaz bölgəsində yaranmış vəziyyət, işğaldan azad edilmiş bölgədə aparılan bərpa və quruculuq işləri, uzunmüddətli sülh və sabitliyin təmin edilməsi naminə Azərbaycanın göstərdiyi səylər, beynəlxalq vasitəçilərin köməyi ilə aparılan danışıqlarda Ermənistanın destruktiv mövqe tutması, müharibədən sonra da minaları yerləşdirməkdə davam etməsi, hərbi təxribatlar törətməsi barədə həmsöhbətlərinə geniş məlumat verib.
Milli Məclisin sədri çıxışının sonunda dünən, oktyabrın 10-da Milli Məclisdə Moldova Respublikasının Baş naziri Natalya Qavrilitsa ilə görüşündən də danışıb. Bildirib ki, söhbət zamanı Azərbaycanla Moldova arasında münasibətlərin səviyyəsindən məmnunluq ifadə edilib, iki ölkə arasında dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafında parlamentlərin oynadığı rolun əhəmiyyəti vurğulanıb.
Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Çıxış edən komitə sədrləri Musa Quliyev, Qənirə Paşayeva, Zahid Oruc, deputatlar Soltan Məmmədov, Sevil Mikayılova, Sahib Alıyev, Aydın Mirzəzadə, İltizam Yusifov, İlham Məmmədov, Aqil Abbas son vaxtlar gündəmdə olan aktual məsələlər barədə fikirlərini açıqlayıblar.
Millət vəkilləri Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 6-da Praqada keçirilmiş “Avropa siyasi birliyi” Zirvə Toplantısının iclasında iştirakını yüksək qiymətləndiriblər. Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə dördtərəfli görüşünün ölkəmizin növbəti diplomatik uğuru olduğunu vurğulayıblar.
Bununla yanaşı, deputatlar bölgədə son vaxtlar baş verən proseslərin, o cümlədən Ermənistanın ölkəmizə qarşı genişmiqyaslı təxribatlarının Avropa məkanında bəzi ermənipərəst qüvvələr tərəfindən qeyri-obyektiv şəkildə təqdim edilməsindən təəssüfləndiklərini bildiriblər, Azərbaycana qarşı nümayiş etdirilən bu qərəzli münasibəti pisləyiblər. Deputatlar bütün bunlara baxmayaraq, Azərbaycanın uğurlu daxili və xarici siyasət nəticəsində dünyada mövqeyinin möhkəmlənməsini xüsusi qeyd ediblər.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, iclasın gündəliyinə 30 məsələ daxil edilib. Gündəliyin ilk 10 məsələsi müxtəlif beynəlxalq sənədlərin təsdiq edilməsi ilə bağlı qanun layihələridir.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Ekstradisiya haqqında” Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib.
Diqqətə çatdırılıb ki, sözügedən Əlavə Protokol "Ekstradisiya haqqında" Avropa Konvensiyasının bir sıra müddəalarının müasirləşdirilməsi və onların tamamlanması məqsədilə hazırlanıb. Qeyd olunub ki, Azərbaycan Dördüncü Əlavə Protokolu müvafiq qeyd-şərt və bəyanatlarla imzalayıb.
İnsan hüquqları komitəsinin sədri Zahid Oruc sənəd barədə fikirlərini açıqlayıb və komitənin rəyini diqqətə çatdırıb. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov təqdim olunan sənəd barədə bu komitənin müsbət rəyini səsləndirib.
Komitə sədri Siyavuş Novruzov, deputatlar Azay Quliyev, Cavid Osmanov, Məlahət İbrahimqızı məsələ ilə bağlı fikirlərinin bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev “İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (İCİEC) Təsis Müqaviləsi”nin təsdiq edilməsi barədə qanun layihəsi haqqında məlumat verib. Bildirilib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında iqtisadi münasibətlərin islam prinsipləri və ideyaları əsasında möhkəmləndirilməsi, kapital axınına və ticarət əlaqələrinin genişləndirilməsinə yardımçı olmaq məqsədilə 19 fevral 1992-ci il tarixdə "İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (İCİEC) Təsis Müqaviləsi" qəbul edilib. Bu müqavilənin müddəalarına uyğun olaraq, İslam İnkişaf Bankının "İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (İCİEC)" adlı törəmə Korporasiyası təsis edilib. Təsis müqaviləsi 8 fəsil, 64 maddədən ibarətdir. Həmin müqavilə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında investisiyanın təşviqi, qorunması və təminatına dair məsələləri tənzimləyir.
Deputat Elman Nəsirov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində sənəd barədə müsbət rəy verildiyini bildirib.
Millət vəkili Ceyhun Məmmədov məsələ ilə bağlı öz qeydlərini səsləndirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra Məzahir Əfəndiyev “İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMİC) Əsasnaməsi”nin təsdiq edilməsi haqqında qanun layihəsini diqqətə çatdırıb. Bildirilib ki, Əsasnaməyə uyğun olaraq, İnstitutun məqsədləri standartlaşdırmada əhatə olunan məhsullar, proses və sistemlərlə əlaqədar üzv dövlətlər arasında ticarətdə maneə yarada biləcək istənilən amili aradan qaldırmaq, standartlaşdırmanın gətirəcəyi iqtisadi fürsətlərdən maksimal dərəcədə yararlanmaq imkanı verən İƏT/SMIIC standartlarını hazırlamaq, istehsal olunan mallar və məhsulların mübadiləsinə yardım etmək üçün uyğunluğun qiymətləndirilməsi sxemini hazırlamaq, metrologiya, mövcud vasitələrdən səmərəli şəkildə istifadə etməklə və toplanmış informasiya və təcrübəni paylaşmaqla standartlaşma və metrologiya sahəsində üzv dövlətlərin personalı üçün təhsil imkanı yaratmaq və digərlərdən ibarətdir.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sənəd barədə rəyi dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO arasında İCESCO-nun Regional Ofisinin yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini nəzərə çatdırıb. Bildirilib ki, Saziş 20 may 2022-ci il tarixində Bakı şəhərində imzalanıb. Sazişə əsasən, İCESCO-nun Regional Ofisi Bakı şəhərində yerləşir və hüquqi şəxs statusuna malikdir. Ofis Azərbaycan Respublikasının milli qanunvericiliyinə uyğun olaraq müqavilə bağlamaq, daşınar və daşınmaz əmlak icarəyə götürmək, əldə etmək, ondan istifadə etmək, onun barəsində sərəncam vermək və Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququna malikdir. Ofisin rəsmiləri səlahiyyətləri çərçivəsində şifahi, yaxud yazılı sözlərinə və bütün hərəkətlərinə münasibətdə hüquqi proseslərə qarşı toxunulmazdır. Ofisin heyət üzvləri Azərbaycan Respublikasında qüvvədə olan qanuna əsasən sosial müdafiə və sosial sığorta ilə təmin edilirlər.
Deputat Elman Nəsirov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində sənəd ətrafında geniş müzakirələrin aparıldığını və lehinə səs verildiyini diqqətə çatdırıb.
Deputat Etibar Əliyev məsələ ilə bağlı fikirlərini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirilib ki, Sazişin müddəaları Çikaqo Konvensiyasının beynəlxalq hava əlaqələrinə tətbiq edilən müddəaları ilə şərtlənir. Dövlətlərin əraziləri arasında hava əlaqələrinin qurulması məqsədi ilə bağlanan Sazişə əsasən tərəflər bir-birinə yerə enmədən öz ərazisi üzərindən uçmaq, qeyri-kommersiya məqsədləri ilə öz ərazisində dayanmaq hüquqları verirlər. Tərəflər bir-birinə müəyyən olunan marşrutlar üzrə beynəlxalq hava əlaqələrini yerinə yetirmək məqsədi ilə bu Sazişdə müəyyən edilən hüquqları verir.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sənəd barədə rəyi açıqlandıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
İclasda Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında diplomatik nümayəndəliklərin, konsulluqların və daimi nümayəndəliklərin üzvlərini müşayiət edən şəxslər tərəfindən haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. Qeyd olunub ki, Sazişə əsasən, tərəflərin diplomatik nümayəndəliklərinin, konsulluqlarının və beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliklərinin üzvlərini müşayiət edən şəxslərə qarşılıqlı şəkildə qəbul edən dövlətdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə verilir.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra Elman Nəsirov “Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini diqqətə çatdırıb. Bildirilib ki, sənəd iki ölkə arasında dostluq münasibətlərinin inkişafının təşviq edilməsi, dövlətlərin etibarlı diplomatik pasportlara malik olan vətəndaşlarının iki ölkə arasında gediş-gəliş və səyahətlərinin asanlaşdırılması məqsədi daşıyır.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Qida və Baytarlıq Xidməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirib ki, Memorandum idxal və ixrac olunan qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi sahəsində qarşılıqlı cavabdehlik, təcrübə mübadiləsi və əməkdaşlığı təşviq etmək məqsədi daşıyır.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi tərəfindən müsbət rəy verilən qanun layihəsi səsə qoyularaq qəbul edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi (BEPS) layihəsində assosiativ üzv qismində İnklüziv Çərçivə”yə qoşulmaq barədə Azərbaycan Respublikası ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı arasında məktublar mübadiləsi formasında bağlanmış Razılaşmanın təsdiq edilməsi haqqında qanun layihəsini təqdim edib.
Bildirib ki, Razılaşma 2021-ci il noyabrın 26-da və 2022-ci il iyunun 1-də məktublar mübadiləsi formasında imzalanıb. Azərbaycan Respublikasının iştirak şərtləri və üsulları İnklüziv Çərçivənin iclaslarında iştirak üçün tətbiq edilən ümumi qaydalarla tənzimlənəcəkdir. BEPS layihəsinə assosiativ üzvlük Azərbaycan üçün İnklüziv Çərçivə və onun törəmə qurumları tərəfindən BEPS istiqamətində görülən işlərdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvləri ilə bərabər səviyyədə tam şəkildə iştirakı nəzərdə tutur.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sənədə müsbət rəyi bildirildikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov “Avropa Sosial Xartiyasının təsdiq edilməsi barədə”, “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlillərin hüquqları haqqında” Konvensiyanın Fakültativ Protokoluna qoşulmaq barəsində”, “Dərc olunmuş əsərlərin kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”nə qoşulmaq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini diqqətə çatdırıb. Qeyd olunub ki, layihədə sözü gedən qanunlarda aydın, birmənalı və mahiyyəti üzrə ifadələrin işlədilməsi ilə bağlı dəyişikliklər təklif olunur.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin rəyi dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumat verib. Bildirib ki, qanun layihəsi "Media haqqında" Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli Qanununun tətbiqini təmin etmək məqsədilə hazırlanıb. Layihəyə əsasən "televiziya yayımı və regional radio yayımı" sözləri "yerüstü televiziya yayımçısı və regional yerüstü radio yayımçısı" sözləri ilə əvəz edilir.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra Milli Məclisin sədri diqqətə çatdırıb ki, növbəti 17 məsələ birinci oxunuşda olan qanun layihələridir.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihələrini təqdim edib. Diqqətə çatdırılıb ki, hər iki sənəd "Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair" Avropa Şurası Konvensiyasının müəyyən maddələrinin icrası məqsədilə hazırlanıb. Təqdim olunan layihələrdə cinayətdən zərər çəkmiş şəxslərə kompensasiyanın ödənilməsi və əmlakın qanuni sahiblərinə qaytarılması prosedurları ilə bağlı məsələlərin həlli öz əksini tapıb.
Komitə sədri Siyavuş Novruzov və deputat Qüdrət Həsənquliyev məsələlərlə bağlı fikirlərini və qeydlərini bildiriblər.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Sonra parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycan Respublikasının 1995-ci il 10 yanvar tarixli 947 nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verib. Bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Ordu quruculuğu prosesi geniş şəkildə davam edir. Bu proses çərçivəsində həyata keçirilən Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi və döyüş hazırlığının yüksək səviyyədə saxlanılması üçün önəmli məsələlər dövlətin müdafiə sahəsindəki əsas prioritetlərindəndir. İstənilən hərbi əmlakın düzgün istismarı və saxlanılması dövlətə maddi ziyanın vurulmasının qarşısının alınması məqsədinə xidmət edir.
Qeyd olunub ki, layihədə hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin törətdikləri hərbi xidmət əleyhinə olan inzibati xəta nəticəsində dövlətə vurduqları ziyana görə ödənilməmiş ziyanın bütün miqdarı həcmində maddi məsuliyyətə cəlb edilməsi nəzərdə tutulur. Cinayət və ya inzibati məsuliyyətə səbəb olmayan digər hərəkətlər nəticəsində vurulan ziyana görə maddi məsuliyyətin hədləri isə müddətli hərbi xidmətdə olan hərbi qulluqçular və kursantlar üçün pul təminatının iki aylıq məbləğindən üç aylıq məbləğinə, qalan hərbi qulluqçular isə pul təminatının aylıq məbləğindən iki aylıq məbləğinə qaldırılır. Sənəddə bir sıra təkmilləşdirmə xarakterli dəyişikliklər də nəzərdə tutulub.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Sonra iclasda fasilə elan edilib.
Fasilədən sonra Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin 15-ci və 16-cı məsələləri ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olub və mahiyyətcə bir-birinə yaxın məsələlərdir.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirib ki, "Antiinhisar fəaliyyəti haqqında" qanunun 16-cı maddəsinin 1-ci hissəsində antiinhisar fəaliyyətini həyata keçirən orqanın öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət orqanlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ təsbit edildiyindən, Vergi Məcəlləsinə müvafiq dəyişiklik təklif olunur. Belə ki, Məcəllənin 30.6.5-ci maddəsi uyğunlaşdırma və dəqiqləşdirmə xarakterli dəyişikliklər aparılaraq yeni redaksiyada verilib. Eyni zamanda, antiinhisar fəaliyyətini həyata keçirən orqanın fəaliyyətinin daha səmərəli təşkil olunması məqsədilə 30.6.15-ci maddənin əlavə olunması nəzərdə tutulub.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. Bildirib ki, qanunun 15-ci maddəsində kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatların verildiyi subyektlərin dairəsi müəyyən olunub. Bu subyektlərin dairəsinə antiinhisar fəaliyyətini həyata keçirən orqanın əlavə edilməsi təklif edilir. Digər dəyişiklik dəqiqləşdirmə xarakteri daşıyır. Belə ki, "İcra haqqında" Qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Buna uyğun olaraq, layihədə "məcburi icra orqanına" sözlərinin "icra məmuru" sözləri ilə əvəz edilməsi nəzərdə tutulub.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra ölkə Prezidenti tərəfindən bir məktubla daxil olan və mahiyyətcə bir-birinə yaxın olan növbəti üç məsələyə baxılıb.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə danışıb. Qeyd edilib ki, qanun layihəsi torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı xidmətlərə görə xidmət haqlarının tutulmasının hüquqi əsaslarını müəyyən edir.
Tahir Rzayev “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini də birinci oxunuşda diqqətə çatdırıb. Bildirib ki, bu sənəd dövlət qurumlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işləri, texniki kadastr və yerquruluşu sənədlərinin tərtibi kimi xidmətlərə görə xidmət haqlarının tutulmasının hüquqi əsaslarını müəyyən edir.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Layihəyə əsasən, qanuna 6.4-cü maddə əlavə edilir. Əlavəyə görə, daşınmaz əmlakın ilkin və təkrar texniki inventarlaşdırılması, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və başqasına keçməsi ilə bağlı daşınmaz əmlak barədə məlumatların yoxlanılması və dövlət reyestrinə daxil edilməsi, daşınmaz əmlakın hüquq sahibi, təsviri və ünvanı barədə dövlət reyestrindən məlumatların verilməsi, sxematik ünvan planlarının tərtibi, hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi, torpaq kadastr məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsi ilə bağlı göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.
Deputatlar Vüqar Bayramov və Arzu Nağıyev təqdim olunan məsələlərə dair bəzi suallarını səsləndiriblər. Komitə sədri Tahir Rzayev deputatların suallarını cavablandırdıqdan sonra hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verib. Bildirib ki, dəyişikliklər qanunun 3-cü maddəsinin yeni 2-2-ci hissəsində qeyd olunan qrantların reyestrinin aparılması qaydasını müəyyən edir. Dəyişikliklərə əsasən, yuxarıda qeyd olunan maddə ilə müəyyən edilmiş qrantların reyestrinin hansı qaydada aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən ediləcək. Dəyişiklik qrantların alınmasında şəffaflığın təmin edilməsi, bu sahədə müasir tələblərə cavab verən sistemin formalaşdırılması, qrantlar haqqında zəruri məlumatları əhatə edən vahid informasiya sisteminin mövcudluğu, nəzərdə tutulan reyestrin eyni forma, metod və prinsiplər əsasında aparılması baxımından zəruri hesab edilir.
Deputatlar Etibar Əliyev və Şahin İsmayılov məsələ ilə bağlı fikirlərini bildiriblər. Komitə sədri Ziyafət Əsgərov deputatların səsləndirdiyi bəzi məqamlara aydınlıq gətirib.
Qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. Bildirib ki, layihə aksizli və məcburi nişanlama ilə nişanlanmalı malların dövriyyəsinin tənzimlənməsi, bu malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin təmin edilməsi məqsədilə hazırlanıb.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirib ki, layihə ölkə Prezidenti tərəfindən Milli Məclisə daxil olub və bu sahənin tənzimlənməsi və inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Komitə sədri “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün göstərilən hədəflərdən söhbət açıb və bu hədəflərə çatmaq üçün yeni qanunun önəmli rolundan danışıb.
Bildirilib ki, qanun 5 fəsil, 15 maddədən ibarətdir. Qanunun hazırlanmasında beynəlxalq təcrübədən istifadə olunub. Burada məqsəd əlverişli ekosistemin yaradılması, investisiya və innovasiyaların stimullaşdırılması, bazarlara çıxışa dəstək, ÜDM-də məşğulluğun qeyri-neft sektorunda KOB-ların payının daha da artırılmasından ibarətdir. Qanunun əsas istiqamətləri KOB-lara yerində xidmət, optimal vergi siyasəti, prosedurların daha da sadələşdirilməsi, bilik və bacarıqların artırılması, maliyyə resurslarından çıxışın asanlaşdırılmasıdır.
Layihəyə əsasən, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən səlahiyyətli qurumun yanında daimi fəaliyyət göstərən koordinasiya qrupunun yaradılması nəzərdə tutulub. Bununla yanaşı, səlahiyyətli qurum sahibkarlıq subyektləri haqqında müvafiq məlumatların daxil edildiyi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrini yaradır. Vahid reyestrin aparılması qaydası və həmin reyestrə daxil edilməli olan məlumatların siyahısı mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə ilə müəyyən edilir.
Komitə sədri Tahir Mirkişili “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı diqqətə çatdırıb ki, qanunun 2-ci maddəsinin 1-ci hissəsində "Azərbaycan Respublikasının Qanunu" sözləri "və "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" Azərbaycan Respublikasının qanunları" sözləri ilə əvəz edilir.
Müzakirələrdə çıxış edən deputatlar Vüqar Bayramov, Elşad Mirbəşir oğlu, Emin Hacıyev, Fəzail Ağamalı, Qüdrət Həsənquliyev, Sahib Alıyev, Müşfiq Cəfərov yeni qanun layihəsi barədə fikirlərini açıqlayıblar, qeyd və təkliflərini bildiriblər.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri üzvü Mahir Abbaszadə Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Tibbi sığorta haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.
Bildirib ki, sənəd Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 3 dekabr 2021-ci il tarixli qanuna uyğun olaraq hazırlanıb. Həmin qanuna əsasən, Vergi Məcəlləsində qaimə-fakturanın, həmçinin əmtəə təyinatlı yüklərin daşınmasına görə əmtəə-nəqliyyat qaiməsinin elektron qaydada tərtib edilməsi, vergi borcu ilə bağlı vergi ödəyicisinin siyahıya alınmış dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların ticarət şəbəkələrində satılması barədə məhkəmə qərarlarının icrasının vergi orqanları tərəfindən həyata keçirilməsi, bir sıra dəqiqləşdirmə xarakterli düzəlişlər nəzərdə tutulub.
Layihədə "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz" ifadəsinin "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" adlandırılması ilə əlaqədar "Sosial sığorta haqqında" qanuna müvafiq dəyişikliyin edilməsi təklif olunur.
Yalnız fiziki şəxslərin mülkiyyətində olan bina, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisinin bələdiyyə vergilərində saxlanması və yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin isə dövlət vergilərinə aid edilməsi ilə əlaqədar "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" qanuna müvafiq dəyişikliklər edilir.
İcbari tibbi sığorta haqlarının vergi orqanları tərəfindən toplanması ilə əlaqədar icbari tibbi sığorta haqqı ödəyicilərinin Vergi Məcəlləsində müəyyən olunan vəzifələrinin "Tibbi sığorta haqqında" qanunda təsbit olunması təklif olunur.
Həmçinin Vergi Məcəlləsində daşınar əmlakın yüklülüyü ilə bağlı mövcud olan halların (vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması üçün girov müqaviləsinin bağlanması və vergi ödəyicisinin mülkiyyətində olan və satış üçün yararlı daşınar əmlakının siyahıya alınması halları) "Daşınar əmlakın yüklülüyü haqqında" qanunda təsbit edilməsi ilə bağlı müvafiq dəyişiklik aparılıb.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu komitələrin təqdim olunan sənədi dəstəklədiklərini bildiriblər.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Büdcə sistemi haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) haqqında məlumat verib. Diqqətə çatdırıb ki, sənəd "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2021-ci il 24 dekabr tarixli qanunun icrası məqsədilə hazırlanıb. Layihəyə əsasən, "Büdcə sistemi haqqında" Qanunun 12-ci maddəsindən "Azərbaycan Respublikasının ərazisi üzrə toplu maliyyə balansı" (12.1.9) çıxarıldığından 1.1.22-ci maddənin (toplu maliyyə balansı anlayışının) ləğv edilməsi, habelə qanunun 7-ci maddəsinə uyğun olaraq 15.4-cü maddənin dəqiqləşdirilməsi təklif olunur.
Sənəddə dövlət sosial müdafiə fondu və işsizlikdən sığorta fondunun maliyyə əməliyyatları barədə illik hesabatların dövlət büdcəsinin icrası barədə hesabatla birgə təqdim olunması tələbinin aradan qaldırılması nəzərdə tutulur.
Habelə, qeyd olunub ki, Hesablama Palatası "Büdcə sistemi haqqında" Qanunun 1.1.31-1-ci maddəsində nəzərdə tutulan büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə və həmin büdcədənkənar dövlət fondlarının icrasına dair illik hesabatlara rəy verir. 1.1.31-1-ci maddəyə əsasən, buraya Azərbaycan Respublikasının Dövlət Neft Fondu, Dövlət Sosial Müdafiə Fondu, İşsizlikdən Sığorta Fondu aid edilmişdir. Həmin qanunun tələbləri "Hesablama palatası haqqında" qanunun müvafiq maddələrində əks etdirilir.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev rəhbərlik etdiyi komitədə sənədə müsbət rəy verildiyini diqqətə çatdırıb.
Deputatlar Əli Məsimli və Etibar Əliyev sənəd barədə fikir və qeydlərini bildiriblər. Komitə sədri səslənən bəzi məsələlərə aydınlıq gətirib.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edərək bildirib ki, sənəd sahibkarlığa dövlət dəstəyinin artırılması, istehlakçıların hüquqlarının qorunması, heyvan mənşəli məhsullarda kəskin qiymət artımının qarşısının alınması məqsədilə baytarlıq yükünün daşınması üçün tələb olunan baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumunun ləğv edilməsi ilə əlaqədar hazırlanıb.
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bu məsələyə dair komitəsinin müsbət rəyini bildirib.
Sonra komitə sədri Tahir Rzayev “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsini təqdim edib. Bildirilib ki, bu layihə də eyni mahiyyətə malikdir. Dəyişikliyə əsasən, baytarlıq yükünün daşınması üçün tələb olunan arayışın alınmasına görə dövlət rüsumu ləğv olunur. Bu, müsbət haldır və sahibkarlığın inkişafına xidmət edən amildir.
Deputat Naqif Həmzəyev fikirlərini açıqladıqdan sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verib. Diqqətə çatdırılıb ki, layihədə dövlət idarəetməsinin təkmilləşdirilməsi məqsədi ilə yeni yaradılan dövlət orqanlarında vəzifə tutan dövlət qulluqçularının inzibati vəzifələrinin müvafiq təsnifata aidiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar dəyişikliklər təklif olunur.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin son iki məsələsi ikinci oxunuşda olan qanun layihələridir. Bu sənədlər ölkə Prezidenti tərəfindən bir məktubla parlamentə daxil olub və mahiyyətcə bir-birinə yaxındırlar.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. Bildirib ki, qanun layihəsində icbari sığortalanma prosesinin sadələşdirilməsi və sığorta risklərinin düzgün qiymətləndirilməsi məqsədi ilə İcbari Sığorta Bürosunun elektron informasiya sistemi ilə müvafiq dövlət orqanlarının elektron informasiya sistemlərinin inteqrasiyası, bütün icbari sığorta müqavilələrinin bağlanılmasını və sığorta hadisələrini təsdiq edən sənədlərin elektron formada təmin edilməsi nəzərdə tutulub.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov “Yol hərəkəti haqqında”, “Notariat haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Qeyd edilib ki, bu qanun layihəsi də İcbari Sığorta Bürosunun elektron informasiya sistemi ilə müvafiq dövlət orqanlarının elektron informasiya sistemlərinin inteqrasiyasını nəzərdə tutur.
Deputat Əli Məsimli İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu məsələyə dair müsbət rəyini açıqlayıb.
Deputatlar Razi Nurullayev, Rüfət Quliyev, İltizam Yusifov, Rəşad Mahmudov bu iki sənədlə bağlı fikirlərini və qeydlərini səsləndiriblər.
Müzakirələrdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin bugünkü iclası başa çatıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi