Ailə, qadın və uşaq məsələləri komitəsində görüş

Tədbirlər
12 oktyabr 2022 | 15:44   
Paylaşın:        

Beynəlxalq Qızlar Günü münasibəti ilə fəal gənc qızların hökumət və özəl qurumlara tanışlıq səfərləri çərçivəsində oktyabrın 12-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində görüş keçirilib.

Görüş Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi, BMT-nin Əhali Fondu (UNFPA) və  Qadınlar üzrə Agentliyinin təşkilatçılığı ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan 11 oktyabr – Beynəlxalq Qızlar Gününə həsr olunmuş kampaniya çərçivəsində təşkil olunub.

Komitə sədri Hicran Hüseynova görüş iştirakçılarını Milli Məclisdə salamlayaraq, onları Beynəlxalq Qızlar Günü münasibətilə təbrik edib. O, bu görüşün Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə keçirildiyini bildirərək, spikerin salamlarını gənc qızlara çatdırıb.

Hicran Hüseynova bildirib ki, Azərbaycanda dövlət uşaq siyasətinin formalaşması və inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün də bu siyasət ölkə Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.

Komitə sədri Milli Məclisdə bu sahənin qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi istiqamətində müvafiq işlərin görüldüyünü diqqətə çatdırıb. Parlamentdə uşaq hüquqlarının qorunması istiqamətində, habelə gender bərabərliyi ilə bağlı qəbul edilən qanunlardan söhbət açıb.

Hicran Hüseynova ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyət göstərdiyini bildirib. O, qadınların ailədə, uşaqların tərbiyəsində önəmli rol oynadığını söyləyərək, onların, eyni zamanda, ictimai həyatda da fəal olmalarının vacibliyini qeyd edib. Ölkəmizdə qadınların dövlət strukturlarında, o cümlədən rəhbər vəzifələrdə təmsilçiliyini yüksək qiymətləndirib.

Komitənin sədr müavini Jalə Əliyeva, üzvləri Tamam Cəfərova, Sədaqət Vəliyeva, Sevil Mikayılova, Könül Nurullayeva qızlar günü münasibəti ilə görüş iştirakçılarını təbrik ediblər. Uşaqların vətənpərvərlik ruhunda böyüməsi, layiqli vətəndaş kimi formalaşmaları üçün ölkəmizdə bütün imkanların mövcud olduğunu deyiblər. Deputatlar qızların həyatda və təhsildə fəal olmalarının vacibliyini qeyd ediblər. Onların bütün sahələrdə bilik və bacarıqlar əldə etmək üçün səy göstərmələrini, ictimai həyatda aktiv olmalarını tövsiyə ediblər. Bildiriblər ki, bütün bunlar qızlarımızın gələcəkdə özlərinə inamını möhkəmləndirəcək, həyatda layiqli mövqe tutmaq üçün zəmin yaradacaq.

Görüş iştirakçıları Fidan Xəlilova, Lətifə Nəcəfova, Gülnur Niftəli, Dəniz Səlimova, Nuriyyə Yaqublu, Leyla Fərəcova səmimi görüşə görə minnətdarlıqlarını ifadə ediblər. Gənc qızlar həyatda və təhsildə onları narahat edən bəzi məsələlərlə bağlı fikirlərini açıqlayıblar, suallarını səsləndiriblər.

Komitə sədri Hicran Hüseynova gənclərin suallarını ətraflı cavablandıraraq, gənc qızlara gələcək həyatlarında uğurlar diləyib.

Görüşdə parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, BMT-nin Əhali Fondunun layihə rəhbəri Səbinə Manafova, “Regional inkişaf” İctimai Birliyinin layihə rəhbəri Zərifə Məmmədli və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU