QDİƏT PM-in komitə iclasında

Tədbirlər
13 oktyabr 2022 | 17:42   
Paylaşın:        

Oktyabrın 13-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin onlayn formatda 59-cu iclası keçirilib.

Tədbirdə QDİƏT PM-dəki Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, qurumun Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin sədri Musa Quliyev, komitənin üzvü Ramin Məmmədov, QDİƏT PM-in Baş katibi Asəf Hacıyev və digər üzv ölkələrin parlamentariləri iştirak ediblər.

Komitə sədri Musa Quliyevin moderatorluğu ilə keçən iclasda əvvəlcə komitənin 58-ci toplantısının protokolu təsdiqlənib, təşkilatın cari işləri və qarşıdakı tədbirləri barədə məlumat verilib. Sonra komitənin üzvü, deputat Ramin Məmmədov “QDİƏT ölkələrində qaçqın böhranının sosial nəticələri” mövzusunda məruzəni təqdim edib.

İclas iştirakçıları məruzəni və məruzə üzrə komitənin tövsiyələrini təsdiqləyiblər, qurumun cari fəaliyyətini və gündəlikdəki digər məsələləri nəzərdən keçiriblər, müvafiq qərarlar qəbul ediblər. Komitənin növbəti iclasının tarixi, yeri və gündəliyi müəyyənləşdirilib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU