Milli Məclisin iclasında
Oktyabrın 18-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirilib.
İclası açan Milli Məclisin sədri diqqətə çatdırıb ki, həm birinci, həm də ikinci Qarabağ müharibələri dövründə Ermənistan silahlı qüvvələri dinc əhaliyə qarşı çoxsaylı müharibə cinayətləri törədiblər. 2020-ci il oktyabrın 17-də münaqişə zonasından kənarda yerləşən Gəncə şəhərinin mərkəzi qadağan olunmuş silahlardan, o cümlədən ballistik raketlərdən və kasetli bombalardan istifadə edilməklə növbəti dəfə atəşə tutulmuşdu. Bu dövlət terrorizmi aktı nəticəsində 15 nəfər dinc sakin həyatını itirmiş, 79 mülki şəxs yaralanmışdır.
Ümumiyyətlə, 44 günlük Vətən müharibəsi dövründə Gəncəyə 5 raket hücumu nəticəsində 26 dinc sakin həlak olub, 175 adam yaralanıb.
Gəncəyə qarşı terror aktlarının ildönümü ilə əlaqədar dünən Gəncədə anım mərasimləri, beynəlxalq konfrans və digər tədbirlər keçirilib. Milli Məclisin deputatları həmin tədbirlərdə iştirak ediblər.
Biz erməni terroru nəticəsində şəhid olmuş insanlarımıza Allahdan rəhmət, onların yaxınlarına səbir diləyirik.
Sonra Milli Məclisin sədri bildirib ki, bu gün Azərbaycan tarixinin yeni bir dövrünün başlanğıcını qoymuş Müstəqilliyin bərpası günüdür. Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması, təqribən 70 il sonra, 1991-ci il oktyabrın 18-də isə dövlət müstəqilliyinin bərpa edilməsi Azərbaycan xalqının dövlətçilik potensialının yeni şəraitdə real şəkil alması və qəlbində yaşatdığı müstəqillik arzusunun gerçəkləşməsi idi.
Lakin xalqımız əsrin əvvəllərində qurduğu dövlətini cəmi 23 ay yaşada bilmişdisə, əsrin sonlarına yaxın müstəqil dövlətini Ulu Öndər, dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin qüdrətli zəkası və müdrikliyi, yenilməz iradəsi və qətiyyəti sayəsində qoruyub saxlaya bildi.
90-cı illərin əvvəllərini hamımız yaxşı xatırlayırıq. İqtidara gəlmiş bir illik hakimiyyət ölkəni vətəndaş müharibəsi və dağılmaq həddinə gətirib çıxarmışdı. Dövlətin idarə edilməsində, daxili və xarici siyasətin həyata keçirilməsində kobud səhvlərə yol verilmişdi.
Ordu adı ilə yaradılan silahlı dəstələrin özbaşınalığı siyasi, iqtisadi, hərbi böhranı daha da dərinləşdirirdi. Bütün bunlar Azərbaycan ərazilərinin işğalına şərait yaradır, yüz minlərcə soydaşımızın yurd-yuvasından didərgin düşməsinə səbəb olurdu.
Biz bu həqiqəti dönə-dönə təkrarlayırıq ki, əgər o dövrdə ölkədə baş verən hadisələrə Heydər Əliyevin şəxsi müdaxiləsi olmasaydı, bu gün müstəqil Azərbaycan dövlətinin varlığından danışmaq mümkün olmazdı.
Sahibə Qafarova qeyd edib ki, Ulu Öndərin böyük siyasətə qayıdışı 1993-cü il iyunun 15-də onun Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə başlanıb. Xilaskarlıq missiyasını həyata keçirmək yolunda onun ilk addımları məhz bu dövrdə və bu binada başlanıb.
Heydər Əliyevin 4 ay ərzində Azərbaycan parlamentinin sədri vəzifəsində çalışması bütün digər məsələlərlə yanaşı, ölkəmizdə qanunvericilik hakimiyyəti orqanının nüfuzunu yüksək səviyyəyə qaldırıb və onun peşəkar fəaliyyət istiqamətlərini müəyyənləşdirməyə imkan verib.
Ulu Öndərin başladığı bütün möhtəşəm işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində real təcəssümünü tapıb. Cəmiyyət və dövlət həyatının bütün sahələrində əldə edilmiş uğurlar dünyanın diqqətini Azərbaycana cəlb edib.
Yaradılmış böyük siyasi, iqtisadi, hərbi potensial Ümummilli Liderimizin ən mühüm vəsiyyətini şərəflə yerinə yetirməyə imkan verib – dövlətimizin taleyüklü problemi həll edilib, torpaqlarımızın 30 illik işğalına son qoyulub, ərazi bütövlüyümüz bərpa olunub, Azərbaycana qarşı ərazi iddiasına düşənlərin layiqli cavabı verilib.
Bu gün Azərbaycan Respublikası gələcəyə inamla baxan, Cənubi Qafqaz bölgəsində güc mərkəzi və söz sahibi olan qüdrətli dövlətdir.
İnamla söyləmək olar ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti Azərbaycan dövlətini və xalqını indiyə qədər olduğu kimi, qarşıdakı illərdə də qələbədən-qələbəyə, uğurdan-uğura aparacaqdır.
Milli Məclisin sədri çıxışını möhtərəm Prezidentin sözləri ilə bitirib: “Azərbaycanın dövlət müstəqilliyi respublikamızın hər bir vətəndaşı üçün ən böyük sərvətdir.
... Bu gün müstəqil və azad xalq kimi yaşamağımız ən böyük qürurverici amildir.
... Biz gələcəkdə bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq. Xalqın iradəsi əsasında irəli gedəcəyik. Müstəqilliyimiz dönməzdir, əbədidir”.
Spiker Müstəqilliyin bərpası günü münasibəti ilə təbriklərini səsləndirib, hər kəsə möhkəm can sağlığı və uğurlar arzulayıb.
Çıxışının sonunda Milli Məclisin sədri təklif edib ki, möhtərəm Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlansın. Məktublarda Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişaf etməsi, xalqımızın rifahının yüksəlməsi naminə dəyərli fəaliyyətlərində onlara yeni uğurlar arzulayaq.
Spiker Sahibə Qafarovanın təklifi alqışlarla qarşılanıb.
Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Komitə sədrləri Zahid Oruc, Hicran Hüseynova, deputatlar Elnur Allahverdiyev, Naqif Həmzəyev, Rauf Əliyev, Vahid Əhmədov, Sahıb Alıyev, Musa Qasımlı, Tahir Kərimli, Elman Nəsirov, Aqil Abbas Müstəqilliyin Bərpası günü ilə bağlı fikirlərini səsləndiriblər. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə söhbət açan millət vəkilləri bildiriblər ki, Ermənistan 30 ilə yaxın işğal etdiyi torpaqlarımızda törətdiyi cinayətlərə görə cavab verməli, vurduğu maddi və mənəvi ziyanı ödəməlidir. Deputatlar bir sıra digər aktual məsələlərə də toxunublar, qeyd də təkliflərini bildiriblər.
Sonra Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan nümayəndə heyətinin bu günlərdə Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında iştirakı barədə məlumat verib. O, sessiyada Ermənistan tərəfindən ölkəmizə qarşı yönəlmiş təxribatlar haqqında danışıb və onların bütün cəhdlərinin boşa çıxdığını bildirib. Səməd Seyidov Azərbaycan nümayəndə heyəti üzvlərinin ölkəmizin milli maraqlarını yüksək səviyyədə müdafiə etdiklərini söyləyib. Komitə sədri Azərbaycan Prezidentinin apardığı uğurlu siyasəti davam etdirməyin vacibliyini vurğulayıb.
İclasda çıxış edən Milli Məclisin sədr müavini Fəzail İbrahimli deputatların və digər dövlət rəsmilərinin Milli Məclisin orqanı olan “Azərbaycan” qəzetində dərc edilən məqalələri ilə bağlı son günlər mediada səsləndirilən bəzi qərəzli fikirlərə münasibət bildirib, fikirlərini açıqlayıb.
Sonra gündəlikdəki məsələlərə baxılıb. Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, bugünkü iclasda 21 məsələ müzakirə olunacaq. Gündəliyin ilk iki məsələsi birinci oxunuşda olan qanun layihələridir.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi (birinci oxunuş) haqqında məlumat verib.
Komitə sədri diqqətə çatdırıb ki, Prezident tərəfindən təqdim olunan Konstitusiya Qanununun hazırlanmasını iki əsas amil zəruri edir. Birincisi, bir sıra qanunlarda, o cümlədən bu Konstitusiya qanununda da insan hüquqları sahəsində ombudsmana verilmiş bir sıra səlahiyyətlərin yeni icra mexanizmlərini müəyyən etmək və təkmilləşdirməkdir. İkincisi, bəzi beynəlxalq hüquqi sənədlərdən və beynəlxalq təşkilatların tövsiyələrindən irəli gələrək, Konstitusiya Qanununu təkmilləşdirmək, həmin qanunları implementasiya etməkdir. Bununla əlaqədar, Konstitusiya Qanununa "Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya"nın, "Uşaq hüquqları haqqında Konvensiya"nın həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının təşviqi və monitorinqi üzrə müstəqil mexanizm funksiyalarının tətbiqini nəzərdə tutan müddəalar əlavə edilir.
Bununla yanaşı, ombudsmanın seçilməsi ilə bağlı 4.3-cü maddə yeni redaksiyada verilir. Maddəyə əsasən, müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisinə yeni Müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Azərbaycan Respublikasının Milli Məclisi 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.
Həmçinin, milli preventiv qrup haqqında mövcud olan maddə təkmilləşdirilərək yeni redaksiyada təqdim olunur.
Qanun layihəsində, eyni zamanda, ombudsman Aparatında monitorinq qruplarının yaradılması və onların hüquqlarının müəyyən edilməsi nəzərdə tutulub, həmçinin ombudsmanın, monitorinq qrupunun, milli preventiv qrupun fəaliyyətinə maneə törədilməsinə görə məsuliyyət müəyyən edilir.
İnsan hüquqları komitəsinin sədri Zahid Oruc sənəd barədə bu komitənin rəyini səsləndirib, təklif olunan dəyişikliklərin məqsədəmüvafiq olduğunu deyib.
Məsələ ətrafında gedən müzakirələrdə deputatlar Etibar Əliyev, Fəzail Ağamalı, Sahib Alıyev, Tamam Cəfərova, Qüdrət Həsənquliyev, Bəxtiyar Əliyev, Erkin Qədirli fikirlərini açıqlayıblar.
Müzakirələrin sonunda Konstitusiya qanununun layihəsi birinci oxunuşda qəbul edilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. Qeyd olunub ki, Əsasnaməyə miqrasiya orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların maddi təminatının yaxşılaşdırılması və vahid əmək haqqı sisteminin tətbiq edilməsi məqsədilə müvafiq dəyişikliklər təklif olunur.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Parlamentin spikeri bildirib ki, növbəti 17 məsələ ikinci oxunuşda olan qanun layihələridir. 3-cü və 4-cü məsələlər Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə bağlıdırlar.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) qanun layihələrini təqdim edərək bildirib ki, hər iki sənəd "Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair" Avropa Şurası Konvensiyasının müvafiq maddələrinin icrası məqsədilə hazırlanıb.
Cinayət Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdə qanunla müəyyən edilmiş qaydada tanınmış xarici dövlətlərin məhkəmə hökmlərindən irəli gələn məhkumluğun cinayətlərin residivi zamanı və cəza təyin edilərkən nəzərə alınması qaydası müəyyən edilir. Eyni zamanda, əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxsə yeni cinayətə görə cinayət-hüquqi tədbir təyin olunmasının mexanizmlərinin Məcəlləyə əlavə edilməsi təklif olunur.
Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrinə isə xarici dövlətlərin məhkəmə hökmlərinin tanınması qaydasının təkmilləşdirilməsi ilə əlaqədar dəyişikliklər nəzərdə tutulur.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycan Respublikasının 1995-ci il 10 yanvar tarixli 947 nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Layihəyə əsasən, hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin törətdikləri hərbi xidmət əleyhinə olan inzibati xəta nəticəsində dövlətə vurduqları ziyana görə ödənilməmiş ziyanın bütün miqdarı həcmində maddi məsuliyyətə cəlb edilməsi nəzərdə tutulur, cinayət və ya inzibati məsuliyyətə səbəb olmayan digər hərəkətlər nəticəsində vurulan ziyana görə maddi məsuliyyətin hədləri isə müddətli hərbi xidmətdə olan hərbi qulluqçular və kursantlar üçün pul təminatının iki aylıq məbləğindən üç aylıq məbləğinə, qalan hərbi qulluqçular üçün isə pul təminatının aylıq məbləğindən iki aylıq məbləğinə qaldırılır.
Komitə sədri Siyavuş Novruzov məsələ barədə fikirlərini səsləndirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. Qeyd olunub ki, Məcəllənin müvafiq maddələrində uyğunlaşdırma və dəqiqləşdirmə xarakterli, habelə antiinhisar fəaliyyətini həyata keçirən orqanın fəaliyyətinin daha səmərəli təşkil olunması ilə bağlı düzəlişlər nəzərdə tutulub.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov isə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. Layihəyə əsasən, qanunda kommersiya hüquqi şəxslərin təsisçiləri və onların nizamnamə kapitalındakı payları barədə məlumatların verildiyi subyektlərin dairəsinə antiinhisar fəaliyyətini həyata keçirən orqanın əlavə edilməsi təklif edilir.
Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
İclasda Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) və “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələri ilə bağlı məlumat verib.
Torpaq Məcəlləsində edilən dəyişikliklərdə torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı xidmətlərə görə xidmət haqlarının tutulmasının hüquqi əsasları göstərilir.
“Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanuna təklif olunan dəyişikliklərdə dövlət qurumlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işləri, texniki kadastr və yerquruluşu sənədlərinin tərtibi və bu işlərə dair məlumatların və sənədlərin verilməsinə görə xidmət haqlarının tutulmasının hüquqi əsasları müəyyən edilir.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (ikinci oxunuş) məlumat verib. Bildirib ki, təklif olunan dəyişiklikdə müvafiq orqan tərəfindən daşınmaz əmlak hüquqlarının qeydiyyatı zamanı beş xidmət növünün siyahısının qanunda öz əksini tapması və buna görə haqqın tutulması ehtiva edilir.
Deputat Qüdrət Həsənquliyev fikirlərini açıqladıqdan sonra hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Bildirib ki, dəyişiklik qrantların alınmasında şəffaflığın təmin edilməsi, bu sahədə müasir tələblərə cavab verən sistemin formalaşdırılması, qrantlar haqqında zəruri məlumatları əhatə edən vahid informasiya sisteminin mövcudluğu, nəzərdə tutulan reyestrin eyni forma, metod və prinsiplər əsasında aparılması baxımından zəruri hesab edilir.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. Bildirib ki, layihə aksizli və məcburi nişanlama ilə nişanlanmalı malların dövriyyəsinin tənzimlənməsi, bu malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin təmin edilməsi məqsədilə hazırlanıb. Dəyişiklik iqtisadi fəallığın və şəffaflığın təmin olunması, istehlakçıların hüquqlarının qorunması baxımından əhəmiyyətlidir.
Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikası qanununun layihəsini (ikinci oxunuş) də diqqətə çatdırıb. Bildirib ki, ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim olunan qanun layihəsinin hazırlanmasında beynəlxalq təcrübədən geniş istifadə olunub. Burada məqsəd əlverişli ekosistemin yaradılması, investisiya və innovasiyaların stimullaşdırılması, bazarlara çıxışa dəstək, ÜDM-də, məşğulluqda, qeyri-neft sektorunda KOB-ların payının daha da artırılmasından ibarətdir. Qanunun əsas istiqamətləri KOB-lara yerində xidmət, optimal vergi siyasəti, prosedurların daha da sadələşdirilməsi, bilik və bacarıqların artırılması, maliyyə resurslarından çıxışın asanlaşdırılmasıdır. Layihəyə əsasən, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə daimi fəaliyyət göstərən koordinasiya qrupunun yaradılması nəzərdə tutulub. Bununla yanaşı, sahibkarlıq subyektləri haqqında müvafiq məlumatların daxil edildiyi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin yaradılması təklif olunur.
Komitə sədri çıxışında qanun layihəsinin birinci oxunuşu zamanı deputatlar tərəfindən səsləndirilən bəzi fikirlərə aydınlıq gətirib.
Sonra Tahir Mirkişili “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsindən (ikinci oxunuş) bəhs edərək deyib ki, bu Qanunun 2-ci maddəsinin 1-ci hissəsində "Azərbaycan Respublikasının Qanunu" sözləri "və "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" Azərbaycan Respublikasının qanunları" sözləri ilə əvəz olunur.
Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Tibbi sığorta haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Bildirib ki, sənəd Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 3 dekabr 2021-ci il tarixli qanuna uyğun olaraq hazırlanıb.
Həmin qanuna əsasən, Vergi Məcəlləsində qaimə-fakturanın, əmtəə-nəqliyyat qaiməsinin elektron qaydada tərtib edilməsi, vergi borcu ilə bağlı vergi ödəyicisinin siyahıya alınmış dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların ticarət şəbəkələrində satılması barədə məhkəmə qərarlarının icrasının vergi orqanları tərəfindən həyata keçirilməsi ilə bağlı düzəlişlər nəzərdə tutulub. "Sosial sığorta haqqında" qanuna "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz" ifadəsinin "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" adlandırılması ilə əlaqədar dəyişiklik təklif olunur. "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" qanunda yalnız fiziki şəxslərin mülkiyyətində olan bina, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisinin bələdiyyə vergilərində saxlanması və yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin isə dövlət vergilərinə aid edilməsi ilə əlaqədar dəyişikliklər edilir. "Tibbi sığorta haqqında" qanunda icbari tibbi sığorta haqlarının vergi orqanları tərəfindən toplanması ilə əlaqədar icbari tibbi sığorta haqqı ödəyicilərinin Vergi Məcəlləsində müəyyən olunan vəzifələrinin təsbit olunması təklif olunur. "Daşınar əmlakın yüklülüyü haqqında" qanunda isə Vergi Məcəlləsində daşınar əmlakın yüklülüyü ilə bağlı mövcud olan halların təsbit edilməsi ilə bağlı müvafiq dəyişiklik aparılıb.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov sənəd barədə bu komitələrin rəylərini bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Büdcə sistemi haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) mahiyyətindən danışıb. Diqqətə çatdırılıb ki, qanun layihəsi büdcədənkənar fondların büdcə layihəsinin müəyyən olunması və onun icrası ilə bağlı hesabatlılığın formasını özündə müəyyən edir. Layihə "Büdcə sistemi haqqında" Qanunda dəyişiklik edilməsi barədə" 2021-ci il 24 dekabr tarixli qanunun icrası məqsədilə hazırlanıb.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev sənəd barədə rəhbərlik etdiyi komitənin müsbət rəyini diqqətə çatdırdıqdan sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Bildirib ki, sənəd sahibkarlığa dövlət dəstəyinin artırılması, istehlakçıların hüquqlarının qorunması, heyvan mənşəli məhsullarda kəskin qiymət artımının qarşısının alınması məqsədilə baytarlıq yükünün daşınması üçün tələb olunan baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumunun ləğv edilməsi ilə əlaqədar hazırlanıb.
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bu məsələ ilə əlaqədar komitəsinin rəyini səsləndirib və növbəti məsələ - “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) haqqında danışıb. Bildirib ki, dəyişikliyə əsasən, baytarlıq yükünün daşınması üçün tələb olunan arayışın alınmasına görə dövlət rüsumu ləğv olunur.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib. Qanuna təklif olunan dəyişikliklər dövlət idarəetməsinin təkmilləşdirilməsi məqsədi ilə yeni yaradılan dövlət orqanlarında vəzifə tutan dövlət qulluqçularının inzibati vəzifələrinin müvafiq təsnifata aidiyyətinin müəyyənləşdirilməsi məqsədi daşıyır.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Daha sonra iclasda üçüncü oxunuşda olan son iki məsələyə baxılıb.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb. Bildirib ki, qanun layihəsinin komitədə müzakirəsi zamanı onun mütərəqqi formada hazırlandığı və dəyişikliklərin məqsədəmüvafiq olduğu qeyd edilib. Sənəddə İcbari Sığorta Bürosunun elektron informasiya sistemi ilə müvafiq dövlət orqanlarının elektron informasiya sistemlərinin inteqrasiyası, bütün icbari sığorta müqavilələrinin bağlanılmasını və sığorta hadisələrini təsdiq edən sənədlərin elektron formada təmin edilməsi nəzərdə tutulub.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov “Yol hərəkəti haqqında”, “Notariat haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Bildirib ki, bu qanun layihəsi də İcbari Sığorta Bürosunun elektron informasiya sistemi ilə müvafiq dövlət orqanlarının elektron informasiya sistemlərinin inteqrasiyasını nəzərdə tutur.
Deputat Əli Məsimli İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu məsələyə dair rəyinin müsbət olduğunu açıqladıqdan sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin bugünkü iclası başa çatıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi