İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Komitə iclasları
28 oktyabr 2022 | 18:46   
Paylaşın:        

Oktyabrın 28-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

İclası açan komitənin sədri Tahir Mirkişili gündəliyə 4 məsələnin daxil edildiyini bildirib. O, əvvəlcə “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim edib, sənədin əhəmiyyətindən və onun hazırlanmasını zəruri edən amillərdən danışıb. Bildirib ki, dövlət-özəl tərəfdaşlığı prinsiplərinin və mexanizmlərinin qanunvericiliyə daxil edilməsi qarşıda duran bir çox məsələlərin həlli, eyni zamanda iqtisadi fəallığın artması üçün yeni imkanlar yaradır. Tahir Mirkişili iqtisadi artımın qabaqcıl və effektiv özəl təşəbbüslərə, dövlət-özəl əməkdaşlığa əsaslanması baxışının artıq bir çox dövlət sənədlərində öz əksini tapmasını qeyd edib. Xüsusən, cənab Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də özəl sektorda aktivliyin daha da canlandırılması, işgüzar mühitin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payının artırılması hədəfləri müəyyən olunub. Komitə sədri son 10 ildə bu istiqamətdə Azərbaycanda əldə olunan nəticələrə və iqtisadi nailiyyətlərə nəzər salıb. Qeyd edib ki, Azərbaycan infrastrukturun inkişafına, bir çox iqtisadi göstəricilərinə görə regionun lider dövlətidir. Ölkədə şəffaflığın, dövlətlə sahibkar arasında etimad mühitinin artması özəl sektorla əməkdaşlığın yeni mərhələyə yüksəlməsi üçün zəmin yaradıb. Komitə sədri bu məsələlərin “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsində də təsbit olunduğunu vurğulayaraq sənədi müasir hökumət inzibatçılığının mühüm nümunələrindən biri kimi xarakterizə edib və dövlət-özəl tərəfdaşlığı ilə bağlı fikirlərini bildirib. Sonra komitə sədri sənədin təqdimatı üçün sözü iqtisadiyyat naziri Mikayıl Cabbarova təqdim edib.

Mikayıl Cabbarov sənədin hazırlanmasını zəruri edən şərtlərdən, bu zaman istifadə olunan beynəlxalq təcrübədən, yanaşma metodlarından danışıb. Qanunun məqsədləri və hədəflərini açıqlayan nazir onun strukturundan bəhs edib və layihənin əsas istiqamətləri barədə ətraflı məlumat verib.

Nazir qanun layihəsinin investisiya qoyuluşlarının, qeyri-neft sektorunda fəallığın, dövlət-özəl tərəfdaşlığında səmərəliliyin artmasına göstərəcəyi təsirləri qeyd edib. Qanun layihəsinin beynəlxalq maliyyə institutlarının tövsiyələrinə və beynəlxalq universal qaydalara uyğun hazırlandığını və bu sahədə inklüzivliyin  təmin olunduğunu vurğulayan nazir sənədin maliyyə tutumlu vacib infrastruktur, xüsusən də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası layihələrinə investorların, eyni zamanda xarici sərmayələrin cəlb edilməsi potensialına toxunub.

Mikayıl Cabbarov qanun layihəsində təsbit olunan dövlət-özəl tərəfdaşlığının tənzimlənməsi, dövlət-özəl tərəfdaşlığı layihələrinin seçilməsi qaydası, özəl tərəfdaşlara və kreditorlara verilən dövlət təminatları, dövlət-özəl tərəfdaşlığı layihələrinin icrasının monitorinqi və hesabatlılığı məsələləri haqqında ətraflı arayış verib. Qeyd edib ki, layihəyə əsasən, səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı layihələri haqqında elektron məlumat bazasını yaradacaq.

Qanun layihəsinin müzakirələrində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, komitənin sədr müavini Əli Məsimli, komitənin üzvləri Vahid Əhmədov, Ziyad Səmədzadə, Mahir Abbaszadə, Vüqar Bayramov, Elnur Allahverdiyev, Məzahir Əfəndiyev, Rüfət Quliyev çıxış ediblər, layihə ilə bağlı fikirlərini bildiriblər, suallarını və təkliflərini səsləndiriblər.

Nazir Mikayıl Cabbarov deputatların qaldırdıqları məsələlər aydın gətirib, suallarını cavablandırıb, təkliflərinə münasibətini bildirib.

Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra gündəliyin növbəti məsələləri nəzərdən keçirilib.

“Valyuta tənzimi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim edərkən Tahir Mirkişili bildirib ki, sənəd valyuta əməliyyatları üzrə nəzarətinin effektivliyinin artırılması məqsədilə hazırlanıb və valyuta əməliyyatları ilə bağlı vahid məlumat bazasının formalaşdırılmasının və həmin bazadan istifadənin hüquqi əsaslarını müəyyən edir.

Gündəliyin üçüncü məsələsi olan “Banklar haqqında”, “Poçt haqqında”, “Fərdi məlumatlar haqqında” qanunlarda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı diqqətə çatdırılıb ki, layihənin məqsədi “Valyuta tənzimi haqında” Qanuna uyğun olaraq valyuta əməliyyatları barədə vahid informasiya sisteminin yaradılması və valyuta əməliyyatları barədə məlumatların vahid informasiya sisteminə təqdim edilməsi qaydalarının pozulması məsələlərini tənzimləyir.

Gündəliyin sonuncu məsələsi olan “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) isə işğaldan azad edilmiş ərazilərin rezidentləri tərəfindən istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalının 2023-cü il yanvarın 1-dən 10 il müddətinə gömrük rüsumlarından azad edilməsini nəzərdə tutub.

Komitə bu qanun layihələrini də nəzərdən keçirərək baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə edib.

İclasda deputatlar Aydın Hüseynov, Ağalar Vəliyev, Anar Məmmədov, İqbal Məmmədov, Məşhur Məmmədov, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU