Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb
Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) Şura və 54-cü plenar iclasında iştirak etmək üçün Özbəkistanın Səmərqənd şəhərində səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova səfər çərçivəsində oktyabrın 28-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova görüşdə qeyd edib ki, Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrin Parlamentlərarası Assambleyası ikitərəfli və çoxtərəfli əlaqələrin dərinləşməsində əhəmiyyətli platformadır. Bu istiqamətdə əməkdaşlıq ölkələrimiz arasında da münasibətlərin genişlənməsinə töhfə verir.
İki ölkə arasında parlamentlərarası münasibətlərə toxunan Milli Məclisin sədri ikitərəfli əlaqələrin inkişafında qanunverici orqanların özünəməxsus rolundan danışıb. Bildirib ki, bu sahədə həm Milli Məclisdə, həm də Federal Məclisdə fəaliyyət göstərən dostluq qruplarının, həmçinin Milli Məclis və Federal Məclis arasında daimi fəaliyyət göstərən ikitərəfli parlamentlərarası komissiyanın işi təqdirəlayiqdir. Parlamentlərarası Assambleya kimi platformalar isə əməkdaşlıqla bağlı məsələlərin müzakirəsinə imkan verir.
Görüşdə regionda mövcud olan vəziyyət barədə danışan Milli Məclisin sədri deyib ki, artıq iki ildir ki, Azərbaycan işğal altında olan ərazilərini azad edib. Spiker Sahibə Qafarova bildirib ki, hazırda Cənubi Qafqaz regionunda tamamilə yeni şərait yaranıb və Azərbaycan işğaldan azad olunmuş ərazilərində sürətli bərpa-quruculuq işləri aparır. Artıq keçmiş məcburi köçkünlər öz yurdlarına geri qayıtmağa başlayıblar. Ağalı kəndində həyat bərpa olunub və bu ilin sentyabr ayında həmin kənddə orta məktəbdə ilk dəfə zəng çalınıb.
Milli Məclisin sədri Ermənistanın işğal altında saxladığı şəhər və kəndlərimizi tamamilə dağıtdığını bildirərək, həmçinin, ərazilərin Ermənistan tərəfindən minalanmasının bölgədə aparılan yenidənqurma və bərpa işlərinə böyük problemlər yaratdığını qeyd edib. O, diqqətə çatdırıb ki, Ermənistandan böyük çətinliklə alınan mina xəritələri yalnız 25 faiz dəqiqliyə malikdir. Bu günə qədər minaların partlaması nəticəsində 260 nəfərdən artıq Azərbaycan vətəndaşı həlak olub və ya yaralanıb. Sahibə Qafarova xüsusilə diqqətə çatdırıb ki, Ermənistan müharibədən sonra da əraziləri minalamağa davam edir. Belə ki, bu ərazilərdə 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalar aşkarlanıb. Cari ilin 13 sentyabrında isə Ermənistanın Azərbaycan ərazilərini növbəti dəfə minalamaq cəhdi toqquşmalara səbəb oldu.
Milli Məclisin sədri xatırladıb ki, Azərbaycan Üçtərəfli Bəyannamənin bütün bəndlərini yerinə yetirib. Ermənistan da bu bəyannamə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. O, Azərbaycanla Naxçıvanı bağlayan nəqliyyat və kommunikasiya xətlərinin, Zəngəzur dəhlizinin yaradılmasının vacibliyini bildirib. Spiker qeyd edib ki, Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif edib. Prezident İlham Əliyevin də dediyi kimi, bizim də səbrimizin həddi var. Spikerin sözlərinə görə, sülh müqaviləsinin imzalanması regionda daimi sabitlik və təhlükəsizliyin yaranmasına gətirib çıxara bilər. Bu müqavilənin imzalanması, ilk növbədə Ermənistanın özünə lazımdır. Ermənistan rəhbərliyi bunu başa düşməlidir.
Söhbət zamanı Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinin cari ilin sentyabr ayında ölkəmizə səfərinin və səfər çərçivəsində keçirilən görüşlərin əhəmiyyətini qeyd edib.
Valentina Matviyenko Milli Məclisin sədri ilə görüşməkdən məmnunluğunu bildirərək, onun Parlament Assambleyasının şura və plenar iclaslarında şəxsən iştirakına görə minnətdarlığını ifadə edib. O, Azərbaycanın Assambleyanın işində fəal iştirak etdiyini, Milli Məclisin deputatlarının daimi komissiyaların işində məhsuldar fəaliyyətini qeyd edib.
Federasiya Şurasının sədri, ölkəsinin Azərbaycanla dostluq münasibətlərinin inkişaf etməsində maraqlı olduğunu bildirərək, ölkə başçılarının daimi ünsiyyətdə olduğunu, bunun da münasibətlərin inkişafında mühüm rol oynadığını qeyd edib. O, bu mənada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin əhəmiyyətini diqqətə çatdırıb. Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin, regionlar arasında münasibətlərin inkişafının önəmini vurğulayan Valentina Matviyenko hökumətlərarası komissiyanın fəaliyyətini qeyd edib. O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin gələn il qeyd olunacaq 100 illik yubileyi ilə bağlı fikirlərini bölüşərək, bildirib ki, Heydər Əliyevin əziz xatirəsi Rusiyada da dərin hörmət və ehtiramla yad edilir. O, ölkəsində də Heydər Əliyevin 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunmasını istədiklərini bildirib.
Valentina Matviyenko söhbət zamanı, həmçinin qanunverici orqanlarımız arasında əməkdaşlıq məsələləri barədə fikirlərini bölüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi