İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2023-cü ilin dövlət büdcəsi müzakirə olunub

Komitə iclasları
03 noyabr 2022 | 19:45   
Paylaşın:        

Noyabrın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi ölkə Prezidenti tərəfindən Milli Məclisə daxil olub.

Qeyd olunub ki, 2022-ci ildə bütün dünyada uzun illər görünməyən inflyasiya, bunun nəticəsində isə ərzaq qıtlığı müşahidə olunur və iqtisadi böhranın aradan qaldırılması ilə bağlı tədbirlər görülməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yaratdığı yeni reallıqlar və yeni imkanlar sayəsində 2022-ci ildə ölkə iqtisadiyyatında dayanıqlı və davamlı artıma nail olunub. Cari ilin 9 ayı ərzində Ümumi Daxili Məhsul (ÜDM) 5,6 faiz artaraq 98 milyard manat, qeyri-neft sektorunda ÜDM isə 10,1 faiz artaraq 50 milyard manatdan çox olub. Keçən dövr ərzində ixrac 19 milyard ABŞ dollarından çox, o cümlədən qeyri-neft ixracı 24 faizdən çox, strateji valyuta ehtiyatları 55 milyard ABŞ  dollarından çox, əhalinin nominal gəlirləri 20 faizdən çox, orta aylıq əmək haqqı 14 faizdən çox artıb. Ötən 9 ay ərzində orta illik inflyasıya 13,4 faiz, ərzaq inflyasiyası isə 19 faizə yaxın olub. Bütövlükdə, 2022-ci ildə büdcə gəlirlərinin artması müşahidə olunub. Komitə sədri, ümumilikdə, ötən dövr ərzində ölkə iqtisadiyyatının uğurlu inkişaf etdiyini söyləyib.

Nəzərə çatdırılıb ki, keçən dövr ərzində ölkə Prezidenti tərəfindən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq edilib. Nazirlər Kabineti tərəfindən antiinflyasiya tədbirləri haqqında sənədlər qəbul olunub və bu istiqamətdə lazımi addımlar atılıb. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri  davam etdirilib. Ümumilikdə büdcədən bu istiqamətdə 4 milyard 848 milyon manat vəsait ayrılıb və növbəti ildə də bu sahəyə vəsait ayrılacaq.

Azərbaycan iqtisadiyyatının 2023-cü ildə daha çox qeyri-neft sektoru hesabına artması, qeyri-neft sektorunun payının ÜDM-də çoxalması, qeyri-neft ixracının daha çox olması, iqtisadiyyatda şəffaflığın artması, etimad mühitinin güclənməsi, qarşıda duran hədəflərin özəl sektor tərəfindən həyata keçirilməsi kimi geniş imkanlar mövcuddur.

Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 720 700,0 min manat, xərcləri 33 300 000,0 min manat məbləğində nəzərdə tutulub.

Sonra maliyyə naziri Samir Şərifov 2023-cü ilin dövlət büdcəsi haqqında geniş məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının 2023-cü il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin layihələri ölkə Prezidentinin Azərbaycan Respublikasının 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair milli prioritetlərin, 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının ehtiva etdiyi məqsədlərin reallaşdırılmasına dair müvafiq sərəncamlarına və “Büdcə sistemi haqqında” qanunun tələblərinə uyğun hazırlanıb. Təqdim olunan layihə büdcənin neft gəlirlərindən asılılığının mərhələlərlə aradan qaldırılmasını, fiskal dayanıqlığı və borc intizamını, habelə Dövlət Neft Fondunun aktivlərinin dayanıqlı səviyyədə qorunmasını təmin etməklə yanaşı, orta müddətli sosial-iqtisadi inkişaf  strategiyasında 2023-cü il üzrə qarşıya qoyulmuş hədəflərə nail olmaq imkanı yaradır. Qeyd olunub ki, növbəti ilin dövlət və icmal büdcələrinin tərtibində İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış ölkənin sosial-iqtisadi inkişafına dair proqnoz göstəricilərində, o cümlədən 2023-cü il üzrə baza ssenaridə ümumi ÜDM-in 2,7 faizlik, qeyri-neft sektoru üzrə 4,5 faizlik real artımı, orta illik inflyasiyanın 6,9 faiz, xam neftin 1 barrelinin orta illik ixrac qiymətinin 50 ABŞ dolları olması nəzərdə tutulub. Qeyd olunub ki, 2023-cü il və sonrakı 3 il üçün büdcə-vergi siyasətinin istiqamətləri müəyyən edilərkən  ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının reallaşdırılması, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, onların ölkə iqtisadiyyatına reinteqrasiyası və işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi kimi strateji çağırışlar nəzərə alınıb.

Diqqətə çatdırılıb ki, 2023-cü ilin dövlət büdcəsinin xərcləri 33 milyard 300 milyon manat məbləğində təklif olunur. 2023-cü il və sonrakı 3 il üzrə dövlət büdcəsi müdafiə və təhlükəsizlik, dövlət borcuna xidmət və digər xərclərin təmin edilməsi ilə yanaşı, iqtisadi artımı və sahibkarlığın inkişafını dəstəkləyən, həssas və aztəminatlı əhalinin sosial müdafiəsi, elm, təhsil, səhiyyə, sosial təminat və digər sahələrdə islahatların davamını təmin edən proqram və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək. 2023-cü il dövlət büdcəsi xərclərinin 22 milyard 674 milyon manatı və yaxud 68,1 faizi cari xərclərə, 9 milyard 621 milyon manatı və yaxud 28,9 faizi əsaslı xərclərə, 1 milyard 5 milyon manatı və yaxud 3 faizi isə dövlət borclarına xidmətlə bağlı xərclərə yönəldiləcək.

Nazir Prezident, Ali Baş Komandan İlham Əliyevin ölkəmizin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsinin, ordunun daim müasirləşdirilməsinin ən önəmli vəzifələr olduğunu bildirdiyini söyləyib. Bunu nəzərə alaraq, növbəti ilin dövlət büdcəsi xərclərinin 24,2 faizi və yaxud 8 milyard 63 milyon manatı müdafiə və hüquq-mühafizə xərclərinə yönəldiləcək. Bununla yanaşı, ölkənin 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün 5 milyard 244 milyon manat, o cümlədən əsaslı xərclər üçün 4 milyard 100 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Əsaslı xərclərin 3 milyard manatı işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə, Böyük Qayıdışın təmin edilməsinə, infrastrukturun qurulmasına və digər tədbirlərə, 1 milyard 100 milyon manat isə strategiyada nəzərdə tutulmuş digər investisiya xərclərinə yönəldiləcək. Strategiyanın maliyyələşdirilməsi çərçivəsində ayrılan  1 milyard 144 milyon manat vəsait sosialyönümlü xərcləri əhatə edir.

Ölkənin ərzaq təhlükəsizliyinin etibarlı və dayanıqlı təminatının, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini deyən nazir növbəti ildə bu istiqamət üzrə 1 milyard 202 milyon manat vəsaitin ayrılacağını deyib.

Qeyd edilib ki,  sosialyönümlü xərclərə 2023-cü ildə 15 milyard 219 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub. Cari illə müqayisədə bu, 1 milyard 289 milyon manat və yaxud 9,3 faiz çoxdur. 2021-ci illə müqayisədə isə 4 milyard 922 milyon manat və yaxud 47,8 faiz çoxdur. 2019-2023-cü illər ərzində sosialyönümlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 13,9 faiz və yaxud 7 milyard 458 milyon manat, yəni 2 dəfəyə qədər artıb. Əhalinin sosial müdafiəsi və sosial təminat xərcləri üçün növbəti ilin büdcəsində 4 milyard 416 milyon manat vəsait proqnozlaşdırılır. Bu, cari ilə nisbətən 687 milyon manat və yaxud 18,4 faiz çoxdur. 2021-ci ilin göstəriciləri ilə müqayisədə isə 1 milyard 252 milyon manat və yaxud 39,6 faiz çoxdur. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət öhdəliklərinin maliyyələşdirilməsi üçün 1 milyard 468 milyon manat vəsait ayrılacaq. 2023-cü ildə sosial müavinətlər, təqaüdlər və digər sosial xarakterli ödənişlərin maliyyə təminatı üçün 2 milyard 598 milyon manat, o cümlədən, məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər üçün 367 milyon manat, əlavə məşğulluq tədbirləri üçün 266 milyon manat vəsait nəzərdə tutulub. Növbəti ildə yaşayış minimumu və ehtiyac meyarının məbləğləri də bərabərləşdiriləcək.

Maliyyə naziri təhsil, səhiyyə, tibbi sığorta, idman, sahibkarlığın maliyyələşdirilməsi sahələrində, habelə ölkənin enerji, qaz, su təchizatı, nəqliyyat, kommunal, kənd təsərrüfatı, sosial-mədəni təyinatlı obyektlərin və digər layihələrin maliyyə təminatı, həmçinin dövlət borclarına xidmət, beynəlxalq fəaliyyət üçün ayrılan vəsaitlər barədə də məlumat verib.

Qeyd edilib ki, dövlət büdcəsinin yerli gəlirləri 2023-cü ildə 757 milyon manat, xərcləri isə 769 milyon manat həcmində proqnozlaşdırılır.

Daha sonra Samir Şərifov 2023-cü il dövlət büdcəsi xərclərinin maliyyə təminatı barədə göstəriciləri diqqətə çatdırıb. Bildirilib ki, büdcə xərclərinin 92,2 faizi və yaxud 30 milyard 721  milyon manatının dövlət büdcəsinin müxtəlif mənbələr üzrə nəzərdə tutulmuş gəlirləri, 7,8 faiz və yaxud 2 milyard 579 milyon manatının isə dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün cəlb ediləcək vəsaitlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulub. Kəsirin ÜDM-ə nisbəti 2,4 faiz səviyyəsində proqnozlaşdırılır. Dövlət büdcəsi gəlirlərinin 14 milyard 424 milyon manatı və yaxud 47 faizi qeyri-neft sektoru üzrə daxilolmaların payına düşür. Büdcənin neft-qaz sektorundan məcmu gəlirləri 16 milyard 297 milyon manat təşkil edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 13 milyard 402 milyon manat vəsaitin, qeyri-neft sektorundan 8 milyard 385 milyon manat vəsaitin, Dövlət Gömrük Komitəsinin  xətti ilə  isə  4 milyard 750 milyon manatın daxil olması proqnozlaşdırılır. Sair gəlirlər üzrə 562 milyon manat, büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə 727 milyon manat vəsaitin daxil olması gözlənilir.

Bildirilib ki, növbəti il üçün icmal büdcənin gəlirləri 33 milyard 6 milyon manat, xərcləri 37 milyard 949 milyon manat, kəsiri isə 4 milyard 944 milyon manat proqnozlaşdırılır.

2023-cü ildə Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 8 milyard 991 milyon manat, xərcləri isə 11 milyard 355 milyon manat, gəlirləri və xərcləri bərabər olmaqla Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 6 milyard 264 milyon manat, İşsizlikdən sığorta fondunun büdcəsi 213 milyon manat, Naxçıvan Muxtar Respublikasının büdcəsi 646 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsi isə 2 milyard 393 milyon manat təşkil edəcək.

Sonra iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində 2021-ci ildə olduğu kimi, cari ilin 9 ayında da ölkə iqtisadiyyatında artım davam edir. Ümumi iqtisadi artım 5,6 faiz, qeyri-neft-qaz sektorunda isə 10,1 faiz təşkil edib. Cari ilin sonuna ÜDM-in nominal həcminin 130 milyard manata çatması gözlənilir ki, bu, tariximizdə ən yüksək göstəricidir. Yüksək templi iqtisadi artımda investisiyalar, o cümlədən, dövlət investisiyaları, ixracın çoxalması, büdcə xərclərinin icrası da mühüm əhəmiyyət kəsb edir. İqtisadi artımın sürətlənməsi şəraitində dövlət büdcəsinin dürüstləşməsindən sonra yanvar-sentyabr aylarında vergi daxilolmaları üzrə proqnoz tapşırığı 110,2 faiz icra edilməklə, proqnozdan əlavə dövlət büdcəsinə 970 milyon manat vəsait daxil olub. 1 noyabr tarixinə isə vergilər üzrə illik proqnoz tam yerinə yetirilib. Cəmi vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 64,5 faiz, qeyri-neft-qaz sektoru üzrə isə 32,2 faiz artıb. Bununla yanaşı, sosial sığorta yığımlarında yüksək artım müşahidə edilir. Cari ilin yanvar-sentyabr aylarında məcburi dövlət sosial sığortası üzrə daxilolmalar üzrə proqnoz 103,6 faiz icra edilərək, 3,3 milyard manat vəsait daxil olub. Bu müddətdə işsizlikdən sığorta üzrə daxilolmaların proqnozu 108 faiz, icbari tibbi sığorta daxilolmaları üzrə isə proqnoz 105,9 faiz icra edilib. Cari ilin yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə idxal məhsullarının ümumi qiyməti indeksi 21,9 faiz artıb.  İnflyasiya templərinin yüksəlməsinə baxmayaraq, cari ilin 9 ayında əhalinin real gəlirləri 6 faiz artıb. Cari ildə hökumət tərəfindən antiinflyasiya tədbirlərinin həyata keçirilməsi inflyasiya templərini azaltmağa imkan verib.

Nazir investisiya fəaliyyəti, mikro, kiçik, orta sahibkarlığın inkişafı sahəsində, o cümlədən sahibkarlara dövlət yardımı ilə bağlı, habelə dövlət satınalmaları üzrə həyata keçirilən layihələr və görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə dövlət proqramı layihəsi hazırlanaraq hökumətə təqdim edilib.

Mikayıl Cabbarov bildirib ki, ölkəmiz post-pandemiya və post-müharibə dövründə keyfiyyətcə yeni olan və 2022-2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olur. Bu dövrdə yeni nəsil struktur və institusional islahatlar vasitəsi ilə iqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümlüyünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi iqtisadiyyatın qlobal dəyişikliklər zəncirinə səmərəli  inteqrasiyasını təmin edir. Beləliklə Azərbaycan dövləti öz qüdrətini daha da artırmaqla yüksək rifaha malik  cəmiyyətin qurulması istiqamətində yedi hədəfləri gerçəkləşdirmək əzmindədir. Ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın bu prioritetlərə əsaslanaraq hazırlandığını deyən nazir 2023-cü il üzrə iqtisadiyyatın bir sıra istiqamətləri üzrə proqnoz rəqəmləri səsləndirib.

Sonra iclasda Mərkəzin Bankın sədri Taleh Kazımov 2023-cü il üçün ölkənin pul siyasəti və bunun büdcəyə təsiri barədə məlumat verib. O, pul siyasətinin effektivliyinin artırılması məqsədi ilə təhlil və proqnozlaşdırma potensialının gücləndirilməsinin, kommunikasıyanın əhatə dairəsinin genişləndirilməsinin davam edəcəyini deyib. Taleh Kazımov qarşıdakı dövrdə Mərkəzi Bankın maliyyə sabitliyinin qorunmasını və maliyyə vasitəçiliyinin genişləndirilməsini diqqətdə saxlayacağını bildirib.

Daha sonra Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov  komitə tərəfindən dövlət büdcəsinə daxilolmalar barədə ətraflı məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.   

İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2023-cü ilin dövlət büdcəsinin layihəsi ilə bağlı Palatanın rəyini təqdim edib.  Bildirib ki, rəydə 3 əsas məsələyə - təqdim edilən sənədlərin tamlığına və mövcud qanunvericiliyin tələblərinə uyğunluğuna, büdcə parametrlərinin makrogöstəricilərə və strateji sənədlərə adekvatlığına və büdcə parametrlərinə dair hesablamaların əsaslılığına və doğruluğuna diqqət yetirilib.

Qeyd edilib ki, 2023-cü ilin dövlət büdcəsinin layihəsi və bu layihə ilə birlikdə təqdim olunan sənədlər  “Büdcə sistemi haqqında” Qanunun tələblərinə uyğun hazırlanıb. “Büdcə zərfi”ndə təqdim edilən sənədlərdə bir sıra yeniliklər tətbiq edilib. Belə ki, vergi və gömrük sahəsində tətbiq olunan güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsiri qiymətləndirilib, ilk dəfə olaraq qeyri-neft ÜDM-i müxtəlif ssenarilərlə təqdim edilib və onun fiskal göstəricilərlə əlaqələndirilməsi həyata keçirilib. Eyni zamanda, məlumatların keyfiyyətinin və həcminin yüksəldilməsi istiqamətində də addımlar atılıb.  “Büdcə zərfi”ndə Hesablama Palatasının rəylərində qeyd edilmiş bəzi məsələlər, eyni zamanda layihənin tərtib edilməsi zamanı müzakirələrdə qaldırılan məsələlər də nəzərə alınıb.

Diqqətə çatdırılıb ki, dövlət büdcəsi barədə qanun layihəsinə dair izahatda fiskal dayanıqlılığın təmin edilməsinə təsir göstərən risklər barədə məlumat əvvəlki illərə nisbətən geniş əks etdirilib və risklərin büdcə gəlirlərinə təsirinin yumşaldılması ilə bağlı tədbirlər də qeyd edilib.

Büdcə qaydasının komponentləri ilə bağlı nəzərə çatdırılıb ki, 2023-cü il üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft Ümumi Daxili Məhsula nisbəti 24,9% proqnozlaşdırılıb ki, bu da müvafiq göstəricinin büdcə qaydası çərçivəsində olduğunu deməyə əsas verir. İcmal büdcənin qeyri-neft gəlirlərinin artımı ilə yanaşı, borcun əsas ödənişinin xərcdən çıxarılması, qeyri-neft ÜDM-in artımının yüksək olması, neftin qiymətinə konservativ yanaşma və İcbari Tibbi Sığorta Fondu adlı büdcədənkənar dövlət fondunun yaradılması da növbəti il üçün büdcə qaydası üzrə hədəflərin yerinə yetirilməsinə şərait yaradır.

Qeyd edilib ki, İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi 2022-ci ilin yenidən baxılmış göstəricisinə nəzərən 2,6 faiz bəndi azalsa da, qeyri-neft baza kəsirinin mütləq ifadədə məbləğində də artım proqnozlaşdırılır. Bildirilib ki, rəydə büdcə qaydası üzrə hədəflərin yerinə yetirilməsinə təsir edən məqamlar barədə ətraflı məlumatlar verilib.

Vüqar Gülməmmədov növbəti ilin büdcəsində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi İnkişaf Strategiyası”nın maliyyə təminatının ayrıca göstərildiyini qeyd edərək, Palatanın rəyində dövlət büdcəsi layihəsinin və birlikdə təqdim edilən sənədlərin Strategiyaya uyğunluğunun qiymətləndirildiyini söyləyib.

Sonra iclasda 2023-cü ilin dövlət büdcəsi layihəsi ətrafında geniş müzakirələr aparılıb.

Müzakirələrdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli, komitə üzvləri Vahid Əhmədov, Ziyad Səmədzadə, Mahir Abbaszadə, Vüqar Bayramov, Aydın Hüseynov, Elnur Allahverdiyev, Məzahir Əfəndiyev, Rüfət Quliyev, parlamentdə təmsil olunan siyasi partiyaların sədrləri Fəzail Ağamalı (Ana Vətən Partiyası), Tahir Kərimli (Vəhdət Partiyası), Asim Mollazadə (Azərbaycan Demokratik İslahatlar Partiyası) çıxış ediblər. Çıxışçılar büdcə layihəsi, onun parametrləri, proqnoz göstəriciləri, gəlirləri, xərc istiqamətləri kimi məsələlərlə bağlı rəy və təkliflərini hökumət üzvlərinin diqqətinə çatdırıblar.

Sonra Maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın sədri Taleh Kazımov, Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qaldırılan məsələlərə aydınlıq gətiriblər, deputatların suallarını cavablandırıblar, səsləndirdikləri təkliflərlə bağlı fikirlərini bildiriblər.

Müzakirələri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili yekunlaşdırıb və deputatlar “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Ağalar Vəliyev, İqbal Məmmədov, Anar Məmmədov və deputat Sabir Hacıyev (Vətəndaş Birliyi Partiyasının sədri), İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov, Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev, Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU