Milli Məclisin Elm və təhsil komitəsinin iclasında
Noyabrın 4-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. Komitənin sədri Bəxtiyar Əliyev gündəliyə 2 məsələnin daxil edildiyini diqqətə çatdırıb.
Komitə sədri, əvvəlcə, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsini ikinci oxunuşda təqdim edib. O, bildirib ki, sənəd ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.2-ci bəndinə əsasən hazırlanıb. Belə ki, Milli Fəaliyyət Planının 4.2-ci bəndinə görə, dövlət xidmətinin göstərilməsi üçün zəruri olan sənəd və ya məlumat digər dövlət qurumunda mövcud olduğu halda, həmin sənədin və ya məlumatın vətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan alınması təmin edilir. Bununla əlaqədar “Elektron imza və elektron sənəd haqqında” qanuna müvafiq dəyişiklik təklif olunur. Dəyişiklik vətəndaşların sənəd və ya məlumatın toplanması və təqdim edilməsi ilə bağlı problemlərinin aradan qaldırılmasına, vətəndaş məmnunluğunun artırılmasına, ölkədə Elektron Hökumət İnformasiya Sisteminin funksionallığının daha da yüksəldilməsinə və qurumlararası elektron inteqrasiyanın güclənməsinə xidmət edir.
Sonra komitə sədri gündəliyin ikinci məsələsi – Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”,“Təhsil haqqında”,“Sosial xidmət haqqında”, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verib.
Diqqətə çatdırılıb ki, qanun layihəsi “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli Qanununun icrası ilə əlaqədar hazırlanıb. Layihədə təqdim edilmiş qanunlara və məcəllələrə təklif edilən dəyişikliklər Konvensiyaya uyğun olaraq qabaqlayıcı tədbirlər, qurbanlara yardım və maddi cinayət hüququ normalarından irəli gələn öhdəliklərin milli qanunvericilikdə yerinə yetirilməsini nəzərdə tutur.
Komitə sədri bildirib ki, təklif edilən dəyişikliklərdə uşaqların cinsi istismarının və onlara qarşı cinsi zorakılığın bütün formalarının qarşısının alınması, belə zorakılığın qurbanı olmuş şəxslərə yardımın göstərilməsi nəzərdə tutulur. Eyni zamanda, uşaqlarla işləyənlərə dair qoyulan tələblər, hüquqi şəxslərə dair cinayət hüququnun tətbiqi, valideynlik hüququndan məhrumetmə, yetkinlik yaşına çatmayan şəxslərin dairəsinin müəyyənləşdirilməsi, uşaqların müdafiəsi ilə bağlı məsələlər öz əksini tapıb. Bəxtiyar Əliyev bununla bağlı qabaqlayıcı tədbirlərin əhəmiyyətindən, maarifləndirmə işinin vacibliyindən danışıb. Bu sahənin dövlət tərəfindən diqqətdə saxlandığını söyləyib.
Sonra Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək adı çəkilən məcəllələrdə və qanunlarda nəzərdə tutulan dəyişikliklərin mahiyyəti barədə məlumat verib. O, qanun layihəsində 81 maddəyə əlavə və dəyişikliyin təklif edildiyini bildirib, dəyişikliklərin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan əməllərin qarşısının alınmasına yönəldiyini söyləyib.
Müzakirələr zamanı komitənin sədr müavini Musa Qasımlı, üzvləri Etibar Əliyev, Ceyhun Məmmədov, Anar İsgəndərov, Kamilə Əliyeva, Tamam Cəfərova və Fatma Yıldırım çıxış edərək, təqdim olunan qanun layihələri barədə fikirlərini açıqlayıblar, qeyd və təkliflərini səsləndiriblər.
İclasın sonunda gündəliyə daxil edilən hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Tədbirdə komitə üzvləri Ülviyyə Ağayeva, Afət Həsənova, Pərvin Kərimzadə və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi