Komitələrin birgə iclasında
Noyabrın 10-da Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub.
İclası açan Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli bu günlərdə qeyd edilən Zəfər Günü, Bayraq Günü münasibətilə iclas iştirakçılarını təbrik edib. Cənab Prezident İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə reallaşdırılan ardıcıl islahatlar nəticəsində Azərbaycanın dövlət və cəmiyyət həyatında əldə olunan nailiyyətlərdən söz açan Fəzail İbrahimli ölkəmizin bir qalib dövlət kimi dünyada söz sahibi olmasından, hərbi və iqtisadi qüdrətinin artmasından danışıb. O, dövlət büdcəsini ölkənin inkişaf proseslərinin davamlılığının təmin olunmasında, qarşıda duran strateji hədəflərə çatmaqda böyük əhəmiyyət daşıdığını vurğulayıb, onu vətəndaş cəmiyyətinin inkişafına, siyasi sabitliyin möhkəmlənməsinə dəstək verən bir alət kimi xarakterizə edib.
Azərbaycanın Dövlət Büdcənin ildən-ilə artmasını müsbət hal kimi qiymətləndirən Fəzail İbrahimli müzakirəyə təqdim olunan 2023-cü ilin dövlət büdcəsi layihəsini dövlətin artan qüdrətinin göstəricisi kimi yüksək dəyərləndirib.
Sonra maliyyə naziri Samir Şərifov “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi barədə ətraflı məlumat verib. O, qeyd edib ki, 2023-cü ilin dövlət büdcəsi, həmçinin Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcələri, büdcə zərfinə daxil olan digər qanunverici aktlar və sənədlər qanunvericiliyin tələblərinə müvafiq olaraq Milli Məclisə təqdim olunub. Nazir bildirib ki, təqdim olunmuş dövlət və icmal büdcələrinin layihələri ölkə Prezidentinin sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qarşıya qoyulan hədəflərə uyğun hazırlanıb.
Maliyyə naziri bildirib ki, 2023-cü ilin büdcə layihəsi orta müddətli dövrdə makroiqtisadi və fiskal sabitliyin təmin edilməsi, büdcənin neft gəlirlərindən asılılığının mərhələlərlə aradan qaldırılması, borc intizamının təmin olunması kimi qarşıya qoyulan hədəflərə adekvatdır və gələn ilin büdcəsində ölkənin müdafiə qabiliyyətinin artırılması, Qarabağ və Şərqi Zəngəzur rayonlarında bərpa-quruculuq işlərinin aparılması, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın gerçəkləşdirilməsi kimi strateji çağırışlar, həmçinin dünyada gedən iqtisadi meyllər nəzərə alınıb.
Diqqətə çatdırılıb ki, 2023-cü ilin dövlət büdcəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş əsas inkişaf prioritetlərinin və dövlətin əsas funksiyalarının, o cümlədən müdafiə və təhlükəsizlik, dövlət borcuna xidmət, sahibkarlığın inkişafı, aztəminatlı əhalinin sosial müdafiəsi, elm, təhsil, səhiyyə, sosial təminat və digər sahələrdə xərclərin maliyyələşdirilməsini təmin edəcək.
Vurğulanıb ki, 33 milyard 300 milyon manat məbləğində nəzərdə tutulan büdcə xərclərinin 24,2 faizi və yaxud 8 milyard 63 milyon manatı müdafiə və hüquq-mühafizə xərclərinə yönəldiləcək. Əsaslı xərclərin 3 milyard manatı işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə, Böyük Qayıdışın təmin edilməsinə, infrastrukturun qurulmasına və digər tədbirlərə yönəldiləcək.
Qeyd edilib ki, sosialyönümlü xərclərə 2023-cü ildə 15 milyard 219 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub. Cari illə müqayisədə bu, 1 milyard 289 milyon manat və yaxud 9,3 faiz çoxdur.
Əhalinin sosial müdafiəsi və sosial təminat xərcləri üçün növbəti ilin büdcəsində 4 milyard 416 milyon manat vəsait proqnozlaşdırılır. Qeyd olunub ki, növbəti ildə yaşayış minimumu və ehtiyac meyarının məbləğləri də bərabərləşdiriləcək.
Maliyyə naziri təhsil, səhiyyə, tibbi sığorta, sahibkarlığın maliyyələşdirilməsi sahələrində, habelə sosial-mədəni təyinatlı obyektlərin və digər layihələrin maliyyə təminatı üçün ayrılan vəsaitlər, o cümlədən uşaqların müdafiəsi, elm, təhsil və mədəniyyət sahələrində artırılan xərclər barədə ətraflı məlumat verib.
Vurğulanıb ki, 2023-cü ildə səhiyyə xərcləri üçün cari illə müqayisədə 198 milyon manat və yaxud 11,6 faiz çox vəsait ayrılacaq. Bununla da səhiyyə xərclərimiz 1 milyard 906 milyon manat təşkil edəcək. Növbəti ildə mədəniyyət və incəsənət xərcləri üçün 227 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari ilə nisbətən 7 milyon manat və yaxud 3,2 faiz çoxdur.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev çıxışında icbari tibbi sığorta üçün dövlət büdcəsindən 1 milyard 263 milyon manat vəsaitin ayrıldığını qeyd edib, icbari tibbi sığortanın ümumi gəlirlərinin isə 2 milyard 393 milyon manat nəzərdə tutulduğunu deyib.
İcbari Tibbi Sığorta Fondunun vəsaitlərinin hər il artması tendensiyasından danışan Zaur Əliyev vəsaitlərin strukturu, xərc istiqamətləri, onlardan səmərəli istifadə barədə fikirlərini bölüşüb.
Sonra Hesablama Palatası sədrinin müavini Nəsir Sadıqov palatanın 2023-cü ilin dövlət büdcəsinin layihəsinə dair rəyini təqdim edib. Bildirilib ki, Büdcə Zərfində əsas makroiqtisadi göstəricilər üzrə müxtəlif ssenarilər şərh edilib, iqtisadi artımın əsasən qeyri-neft sektoru hesabına təmin olunacağı proqnozlaşdırılıb. Qeyd edilib ki, büdcə layihəsi ilə birgə hazırlanan və təqdim olunan sənədlər, əks etdirilən əsas göstəricilər qanunvericiliklə müəyyən olunmuş əsas tələblərə uyğundur.
Bildirilib ki, hazırlanan və təqdim edilən sənədlərdə məlumatlılıq əvvəlki illərlə müqayisədə artırılıb, izahatlara daxil edilmiş məlumatların keyfiyyəti və həcmi də yüksəldilib. Hesablama Palatası, bununla yanaşı, bəzi istiqamətlər üzrə təkmilləşmələrin davam etdirilməsinin zəruriliyini də diqqətə çatdırıb.
Sonra iclasda parlamentin komitə sədrləri çıxış ediblər.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxışında 2023-cü ilin Dövlət Büdcəsini sosial yönümlü və investisiya tutumlu büdcə kimi xarakterizə edərək, səhiyyə xərclərində ciddi artımın olduğunu vurğulayıb. O, səhiyyəyə ayrılan vəsaitin gələn ildə artırılaraq 3 milyard manata qədər yaxınlaşmasını təqdirəlayiq hal kimi dəyərləndirib, xüsusən icbari tibbi sığortanın tətbiqində, xəstəxanaların maddi-texniki bazasının müasirləşdirilməsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirib. Əhliman Əmiraslanov icbari tibbi sığortanın əhatə dairəsinin artırılması, icbari tibbi sığorta üzrə xidmətlər zərfinin genişləndirilməsi, xüsusən oraya onkoloji və autizm kimi xəstəliklərin daxil edilməsi ilə bağlı fikirlərini bölüşüb.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova təqdim olunan dövlət büdcəsində ailə institutunun qorunmasına, qadın və uşaqların müdafiəsinə ayrılan vəsaitlərin artırılmasını təqdirlə qarşılayıb. Çıxışında Hicran Hüseynova atalıq məzuniyyətinin ödənişli olması, təhsil müəssisələrində psixoloq və sosial işçilərin ştat vahidinin artırılması, Aliment Fondunun yaradılması, qadınların əmək bazarında iştirakı ilə bağlı təkliflərini səsləndirib.
Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə uyğun olaraq, Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini bildirib. O, müzakirəyə çıxarılan büdcə layihəsini bu inkişaf templərinə, işğaldan azad edilmiş ərazilərin bərpası, milli təhlükəsizliyin təmini kimi regional və digər qlobal çağırışlara cavab verməsindən danışıb.
Bəxtiyar Əliyev gələn ilin büdcə layihəsində təhsilə ayrılan xərclərin artırılmasını yüksə qiymətləndirərək, bunun Ordumuz üçün yüksəkixtisaslı kadrların hazırlanmasına da xidmət etdiyini söyləyib. Komitə sədri davamlı inkişafı təmin edəcək mütəxəssislər hazırlanması, elmlə təhsilin inteqrasiyası, ali təhsil müəssisələrində elmi tədqiqatlara ayrılan vəsaitlərin artırılması, büdcə vəsaitlərinin nəticə yönümlüyünün yüksəldilməsi kimi məsələlərlə bağlı fikirlərini bölüşüb.
Sonra Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxış edərək gələn ilin büdcəsində mədəniyyət sahəsinə dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıdan söz açıb. Qənirə Paşayeva mədəniyyət sahəsində bir çox dövlət proqramlarının nəticələrinin qiymətləndirilməsinin, mədəniyyətin bir çox sahələrində stimullaşdırıcı tədbirlərin tətbiqinin əhəmiyyətinə toxunub, bəzi bölgələrdəki tarixi-mədəniyyət abidələrinin bərpa edilməsinin yubandığını qeyd edib, bu istiqamətlərlə bağlı təkliflərini dilə gətirib.
Büdcə layihəsinin müzakirələrində İctimai birliklər və dini qurumlar komitəsi sədrinin müavini Sahib Alıyev, Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva, deputatlar Sabir Rüstəmxanlı, Məlahət İbrahimqızı, Azər Badamov, Ceyhun Məmmədov, Razi Nurullayev, İlham Məmmədov, Etibar Əliyev, Müşfiq Məmmədli, Rauf Əliyev, Aqiyə Naxçıvanlı çıxış ediblər. Millət vəkilləri 2023-cü ilin dövlət büdcəsi layihəsi ilə bağlı rəy və təkliflərini bildiriblər, suallarını səsləndiriblər.
Sonra maliyyə naziri Samir Şərifov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev, elm və təhsil nazirinin müavini İdris İsayev, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, səhiyyə nazirinin müavini Rasim İsmayılov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Siyavuş Heydərov, Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər, səsləndirdikləri sualları cavablandırıblar.
Müzakirələrin sonunda deputatlar “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
İclasda deputatlar Eldar Quliyev, Cavanşir Paşazadə, Kamilə Əliyeva, Afət Həsənova, Rafael Hüseynov, Ülviyyə Ağayeva, Kəmaləddin Qafarov, Sədaqət Vəliyeva, Nigar Arpadarai, Könül Nurullayeva, Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov, Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi