Milli Məclis 2023-cü ilin dövlət büdcəsini birinci oxunuşda qəbul edib
Noyabrın 17-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib.
Milli Məclisin sədri Sahibə Qafarova iclasda iştirak edən hökumət təmsilçilərini, deputatları və media nümayəndələrini salamlayaraq, 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə səmimi təbriklərini çatdırıb, hamıya can sağlığı, firavanlıq və fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra iclasda “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin (birinci oxunuş) müzakirələri davam etdirilib.
Müzakirələrdə Milli Məclisin komitə sədrləri Əhliman Əmiraslanov, Siyavuş Novruzov, Zahid Oruc, Qənirə Paşayeva, Bəxtiyar Əliyev, Tahir Rzayev, Hicran Hüseynova, komissiya sədrləri Eldar İbrahimov, Eldar Quliyev, deputatlar Hikmət Məmmədov, Məşhur Məmmədov, Elnur Allahverdiyev, Anar Məmmədov, İlham Məmmədov, Elşad Mirbəşiroğlu, Aydın Hüseynov, Qüdrət Həsənquliyev, Aqiyə Naxçıvanlı, Sahib Alıyev, Fəzail Ağamalı, İltizam Yusifov, Azər Badamov, Elman Nəsirov, Razi Nurullayev, Vahid Əhmədov, Əli Məsimli, Fatma Yıldırım, Kamal Cəfərov, Tahir Kərimli, Ceyhun Məmmədov, Rauf Əliyev, Rafael Hüseynov, Asim Mollazadə, Emin Hacıyev, Musa Qasımlı, Kamran Bayramov, Malik Həsənov, Sadiq Qurbanov, Bəhruz Məhərrəmov, Pərvin Kərimzadə, Könül Nurullayeva, Məlahət İbrahimqızı, Şahin İsmayılov, Kamilə Əliyeva, Cəbi Quliyev, Əziz Ələkbərov, Nəsib Məhəməliyev, Səbinə Xasayeva çıxış ediblər.
Millət vəkilləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının qəbul olunması, Yeni Azərbaycan Partiyasının yaranmasının qarşıdan gələn 30 illik yubileyi ilə bağlı fikirlərini bölüşüblər, həmçinin Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə kəskin etirazlarını bildiriblər. Çıxış edənlər ölkə gündəmində olan vacib məsələlərdən danışıblar, təmsil etdikləri bölgə və rayonlarda seçiciləri narahat edən məsələləri qaldırıblar.
Deputatlar 2023-cü ilin dövlət büdcəsini müstəqillik tariximizin ən böyük dövlət büdcəsi kimi xarakterizə ediblər, büdcə layihəsində əvvəlki illərdə olduğu kimi, sosialyönümlü xərclərinin artırılmasını müsbət qiymətləndiriblər. Bildiriblər ki, tarixdə ilk dəfədir ki, dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri 30 milyard manatı keçib. Vurğulanıb ki, 2023-cü ilin dövlət büdcəsi ölkənin müdafiə qabiliyyətinin artırılması, Qarabağ və Şərqi Zəngəzur rayonlarında bərpa-quruculuq işlərinin aparılması, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın gerçəkləşdirilməsi kimi qarşıya qoyulan məsələlərin həllinə yönəlik maliyyələşmə mexanizmlərini və imkanlarını özündə əks etdirir.
Millət vəkilləri gələn ilin dövlət büdcəsini dünyanın müasir çağırışları, qlobal kataklizmlər və ərzaq təhlükəsizliyi kontekstində dəyərləndirərək, onun bu çağırışlara adekvat cavab verdiyini qeyd ediblər. Deputatlar büdcə siyasətində iqtisadiyyatın, onun qeyri-neft sektoru, kənd təsərrüfatı kimi sahələrinin inkişafının dəstəklənməsi, əhalinin həssas qruplarının, xüsusən də şəhid ailələri və müharibə iştirakçılarının, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin əhəmiyyətini vurğulayıblar.
Deputatlar səhiyyəyə, təhsilə, ailə institutunun qorunmasına, qadın və uşaqların müdafiəsinə ayrılan vəsaitlərin artırılmasını təqdir etməklə yanaşı, icbari tibbi sığortanın əhatə dairəsinin genişləndirilməsi, büdcə vəsaitlərinin nəticə yönümlüyünün yüksəldilməsi kimi məsələlərlə bağlı fikirlərini bölüşüblər, rəy və təkliflərini hökumət üzvlərinin diqqətinə çatdırıblar.
Bununla da 2023-cü ilin dövlət büdcəsi layihəsinin Milli Məclisin dünənki plenar iclasında başlayan, bu gün səhər və fasilədən sonra davam edən müzakirələri yekunlaşıb. Beləliklə, parlament tarixində ilk dəfədir ki, çıxışa yazılmış deputatların hər biri çıxış edərək, müvafiq təkliflərini səsləndiriblər.
Geniş müzakirələrin sonunda “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda səsə qoyulub və qəbul edilib.
İclasa sədrlik edən spiker Sahibə Qafarovanın təklifi ilə gündəliyin növbəti iki məsələsinin - “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” və “İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihələrinin təqdimatları və müzakirələri birlikdə aparılıb, səsvermə isə ayrı-ayrılıqda keçirilib.
“Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş) barədə məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsi, xüsusilə, aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsi cənab Prezident İlham Əliyevin daxili siyasətinin prioritet istiqamətidir. Bildirilib ki, Fondun 2023-cü il üçün gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 263 milyon 970 min manat proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 657,7 milyon manat və ya 11,7% çoxdur.
Fondun gəlirlərinin strukturuna diqqət çəkən Musa Quliyev qeyd edib ki, gəlirlərin 4 mlrd. 783,6 milyon manatının, yaxud 76,4%-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar hesabına formalaşması proqnozlaşdırılır ki, bu da cari ildəkindən 9,7%, yaxud 422 milyon manat çoxdur.
Orta aylıq əmək haqqının cari ilin sonuna 838 manat təşkil edəcəyinin proqnozlaşdırıldığını deyən komitə sədri bunun da gələn ildə pensiyaların orta hesabla 14,5% artırılmasını təmin etməyə imkan yaradacağını vurğulayıb.
Dövlət Sosial Müdafiə Fondunun xərclərindən danışan Musa Quliyev ümumi xərclərin 97%-nin və ya 6 milyard 77 milyon 580 min manatının əhaliyə ödənişlər təşkil edəcəyini qeyd edib. Bildirilib ki, gələn il əhaliyə ödənişlərin nəzərdə tutulmuş proqnozu ötən ilin təsdiqlənmiş proqnozundan 646,4 milyon manat, yaxud 12% çoxdur, eyni zamanda əmək pensiyalarının orta aylıq məbləğinin 2023-cü ildə 423 manat təşkil edəcəyi gözlənilir. Musa Quliyev DSMF-nin işinin təkmilləşdirilməsi, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara göstərilən xidmətin dairəsinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədilə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin təkliflərini səsləndirib.
“İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş) barədə məlumat verən komitə sədri Musa Quliyev diqqətə çatdırıb ki, gələn ildə fondun gəlirləri və xərcləri bərabər olmaqla 212,7 milyon manat nəzərdə tutulur ki, bu da cari ildəkindən 31,3 milyon manat, yaxud 17,3% çoxdur.
Qeyd olunub ki, İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 159,6 milyon manatı, yaxud 74,9 %-i işsizlikdən sığorta haqları üzrə yığımın, 53 milyon manatı, yaxud 24,9%-i isə cari ilin sonuna qədər istifadə olunmamış vəsaitin hesabına formalaşacaqdır. Sığorta haqları üzrə yığımın 71,8%-i qeyri-büdcə sektorunun payına düşəcək.
Fondun xərc istiqamətlərindən söz açan Musa Quliyev növbəti ildə də özünə məşğulluq layihəsinin davam edəcəyini bildirib. Beləliklə də özünəməşğulluq layihəsi ilə məşğulluğu təmin olunanların sayı 80.000 nəfərə çatacaq. Vurğulanıb ki, İşsizlikdən Sığorta Fondunun 2023-cü il üçün nəzərdə tutulmuş büdcə layihəsi sığorta olunanların itirilmiş əmək haqlarının kompensasiya edilməsi, özünəməşğulluq, peşə hazırlığı və peşəyönümlü tədbirlərin keçirilməsi, ictimai-sosial işlərin və digər xidmətlərin maliyyələşməsi üçün optimal əsaslar yarada biləcək.
Sonra komitə sədri Tahir Mirkişili təqdim olunan qanun layihələri ilə bağlı rəhbərlik etdiyi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəyini bildirib, məsələlər barədə fikirlərini açıqlayıb. Tahir Mirkişili DSMF-nin büdcəsinin ilk dəfə olaraq İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilməsini qeyd edərək komitənin rəyinin müsbət olduğunu açıqlayıb. Vurğulayıb ki, həm Dövlət Sosial Müdafiə Fondunun, həm də İşsizlikdən Sığorta Fondunun gəlir və xərclərinin artırılması Azərbaycanda dövlət başçısı tərəfindən aparılan sosial siyasətin təminatı baxımından mühüm rol oynayır.
O, diqqətə çatdırıb ki, 2023-cü ilin dövlət büdcəsində sosial xərclərin 45,7 faizə çatması planlaşdırılır ki, bu da cari illə müqayisədə 1 milyard 300 milyon manat əlavə vəsait deməkdir.
Bildirilib ki, fondların təklif olunan büdcə layihələri pensiya sisteminin və sosial siyasətlə bağlı qarşıya qoyulan hədəflərin maliyyə dayanıqlılığını tam təmin edir.
Sonra əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev müzakirəyə təqdim olunan qanun layihələri barədə fikirlərini açıqlayıb. Bildirib ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ölkə vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi və rifah halının yaxşılaşdırılması ölkə başçısı tərəfindən həyata keçirilən siyasətin əsas prioritetlərindəndir. Prezidentin islahatlar proqramına uyğun olaraq, əhalinin sosial müdafiəsi və məşğulluğunun təmin edilməsi ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Növbəti ilin dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisinin 46 faizə çatdırılması, o cümlədən son 5 ildə bu istiqamətdə ayrılan vəsaitin mütləq ifadədə 2 dəfə artırılması bunun əyani sübutudur.
Nazir diqqətə çatdırıb ki, Dövlət Sosial Müdafiə Fondunun növbəti il üçün büdcəsinin gəlirləri 6 milyard 264 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2022-ci ilin gəlirlərindən 658 milyon manat və ya 12 faiz çoxdur. Gəlirlərin 76 faizi və ya 4 milyard 784 milyon manatı məcburi dövlət sosial sığorta daxilolmaları hesabına formalaşacaq. Bu isə cari ildən 422 milyon manat və ya 10 faiz çoxdur. Büdcədən maliyyələşən təşkilatlar üzrə 2023-cü il üçün daxilolmalar 1 milyard 783 milyon manat, qeyri-büdcə təşkilatları üzrə isə 3 milyard manat proqnozlaşdırlır. Ümumilikdə 2022-ci ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 2023-cü il üçün büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 5 faiz və ya 88 milyon manat, qeyri-büdcə sektoru üzrə daxilolmalar isə 13 faiz və ya 334 milyon manat artacaq.
Qeyd edilib ki, dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün 2023-cü il üzrə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi 1 milyard 468 milyon manat müəyyən edilib. Eyni zamanda, sosial sığorta haqlarının yığımının proqnoza nisbətən çox olması, habelə sosial sahədə inzibatçılığın təkmilləşdirilməsi və əsassız ödənişlərin qarşısının alınması nəticəsində cari ilin yekunları üzrə Fondun ciddi ehtiyat yastığının formalaşması proqnozlaşdırılır.
Bildirilib ki, növbəti ildə fondun xərcləri gəlirlərinə bərabər olmaqla 6 milyard 264 milyon manat məbləğində proqnozlaşdırılır. Bu da 2022-ci ilə nisbətən 658 milyon manat və ya 12 faiz çoxdur. Qeyd olunub ki, növbəti il üçün pensiyaların orta aylıq məbləği 423 manat, yaşa görə pensiyanın orta aylıq məbləği isə 456 manat olaraq proqnozlaşdırılır.
Sahil Babayev diqqətə çatdırıb ki, 2023-cü il üçün ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarı da ilk dəfə olaraq bərabərləşdirilir və 246 manat məbləğində müəyyən edilir.
Qeyd edilib ki, bununla yanaşı, “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilərək, sığorta stajı amnistiyasının müddətinin daha 3 il uzadılması ilə bağlı layihə də büdcə zərfinə daxil edilib.
Sonra Sahil Babayev İşsizlikdən Sığorta Fondunun 2023-cü il üçün büdcəsi barədə məlumat verib. Diqqətə çatdırıb ki, Fondun gəlirləri və xərcləri 212,7 milyon manat proqnozlaşdırılıb. Sığorta haqları üzrə gəlirlər 159,6 milyon, cari ildən qalıq vəsait 53 milyon manat olaraq planlaşdırılır. O, qeyd edib ki, Fondun əsas fəaliyyət istiqamətini məşğulluq proqramlarının icrası, xüsusilə aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi təşkil edir. Məşğulluq xidməti tərəfindən son 4 il ərzində 400 mindən çox şəxs işlə təmin edilib. Özünəməşğulluq proqramının icrasına 87 milyon manat vəsaitin yönəldilməsi planlaşdırılır və bu, 10 min 600 ailənin kiçik və mikro biznesinin qurulmasına sərf ediləcək.
Nazir, eyni zamanda, büdcə zərfinə daxil olan digər qanun layihələri ilə bağlı məlumat verib. Bildirib ki, layihələrə əsasən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 10 il müddətində məcburi dövlət sosial sığorta haqqının subsidiyalaşdırılması, bu ərazilərdə işləmək üçün azı bir il müddətinə bağlanılmış əmək müqaviləsi olduqda, ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 2023-cü il yanvarın 1-dən 5 il müddətinə birdəfəlik müavinətin müəyyən edilməsi nəzərdə tutulur.
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov DSMF-in 2023-cü il üçün gəlir və xərcləri ilə bağlı palatanın mövqeyini təqdim edib.
Palata sədri bildirib ki, DSMF büdcəsinin büdcə sisteminə daxil olmaması büdcə sistemi haqqında tənzimləmələrin fondun büdcəsinə münasibətdə tətbiqinə şərait yaratmır. Dövlət Sosial Müdafiə Fondunun hesablarında yaranan qalıq vəsaitin istifadəsinə toxunan Vüqar Gülməmmədov bu vəsaitin cari dövrdə digər istiqamətə yönəldilməsinin haqq-öhdəlik zəncirinin qırılması ilə fondun, deməli, dövlətin yeni öhdəliklərinin yaranmasına gətirib çıxara biləcəyini diqqətə çatdırıb.
Bildirib ki, cari ilin sonuna da qalıqların 1 mlrd. manatdan yuxarı həddə olacağı gözlənilir ki, bu da növbəti il üçün proqnozlaşdırılan məcmu gəlirlərin 17,1%-i həcmindədir. Fondun ilin əvvəlinə xəzinə hesabında qalığının növbəti ildə xərclərin maliyyələşdirilməsinə yönəldildiyini diqqətə alaraq, Hesablama Palatası Fondun gələcək dövrdə maliyyə dayanıqlılığının təmin olunması məqsədilə dövlət öhdəliyinin dəqiqləşdirilməsi şərti ilə sığorta ehtiyatı kimi istifadəsi ilə bağlı hüquqi tənzimlənmənin yaradılmasına zərurət olması qənaətindədir.
Qeyd olunub ki, Hesablama Palatası dövlət büdcəsində olduğu kimi, büdcədənkənar dövlət fondlarının büdcə layihələrini müşayiət edən sənədlərin çeşidinin artırılması, həmin sənədlərin məzmununa tələblərin müəyyən edilməsi tərəfdarıdır.
Məcburi dövlət sosial sığorta haqlarının tərkibində xüsusi potensiala malik qeyri-büdcə sektoru üzrə daxilolmalarla bağlı məlumat verən palata sədri cari ilin gözlənilən icra göstərici ilə müqayisədə artım tempinin orta aylıq əmək haqqının proqnozlaşdırılmış artım tempi ilə müqayisədə təhlil edib.
Qeyd olunub ki, növbəti ildə əhaliyə ödənişlərin cari illə müqayisədə artımla proqnozlaşdırılması fonunda bu ödənişlərin digər struktur elementi olan məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərclərinin azalma ilə nəzərdə tutulması artımın bütünlüklə pensiya xərclərini əhatə edəcəyini göstərir ki, bu da pensiyaçıların rifah halının qorunması və gücləndirilməsi istiqamətində müsbət rol oynayacaq.
Müzakirələrdə çıxış edən deputatlar Etibar Əliyev, Cavanşir Paşazadə, Sədaqət Vəliyeva, Aydın Mirzəzadə, Vahid Əhmədov, Elnur Allahverdiyev, Siyavuş Novruzov qanun layihələri ilə bağlı fikirlərini, rəy və təkliflərini bildiriblər.
Müzakirələrin yekununda “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi və “İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin bugünkü iclası başa çatıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi