Milli Məclisin sədri Sahibə Qafarova Vyetnam Sosialist Respublikası Milli Assambleyasının sədri ilə görüşüb

Sədrin səfərləri
21 noyabr 2022 | 20:12   
Paylaşın:        

Noyabrın 21-də Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığına səfəri çərçivəsində Vyetnam Sosialist Respublikası Milli Assambleyasının sədri Vuonq Din Hyu ilə görüşüb.

Milli Məclisin sədri Milli Assambleyanın sədrini salamlayaraq, Azərbaycanla Vyetnam arasında  dostluq münasibətlərinin mövcud olduğunu bildirib. O, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından 30 il keçdiyini deyərək, bu illər ərzində siyasi sahədə əlaqələrin inkişaf etdiyini qeyd edib. Spiker ikitərəfli münasibətlərin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolunu vurğulayıb.

Görüşdə Milli Məclisin sədri Azərbaycanın beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində müxtəlif təşəbbüslərlə çıxış etdiyini qeyd edib. O, Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın Hərəkatın Parlament Şəbəkəsinin yaradılması təşəbbüsünün üzv dövlətlər tərəfindən dəstəkləndiyini bildirib. Spiker Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 2021-ci ilin noyabrında Madriddə keçirilən təsis konfransı və bu ilin 30 iyun - 1 iyul tarixlərində Azərbaycanda keçirilən Bakı Konfransı haqqında geniş məlumat verib. Sahibə Qafarova deyib ki, Bakı konfransında 40-dan çox ölkə və 8 beynəlxalq təşkilatın nümayəndələri iştirak edib. Vyetnam Milli Assambleyasının üzvü Madriddə keçirilən təsis konfransında iştirak edib.

Milli Məclisin sədri bildirib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin növbəti Konfransının gələn ilin martında Manamada Parlamentlərarası İttifaqın 146-cı Assambleyası çərçivəsində keçirilməsi planlaşdırılır. O, Parlament Şəbəkəsinin qarşısında duran vəzifələr və növbəti dövr üçün görüləcək işlər barədə geniş məlumat verib.

Söhbət zamanı Milli Məclisin sədri dövlətlərarası münasibətlərin gücləndirilməsində parlamentlərarası əlaqələrin rolunu qeyd edib, belə görüşlərin bu sahədə təcrübə və informasiya mübadiləsi baxımından təqdirəlayiq olduğunu deyib. Sahibə Qafarova deputatlarımızın parlamentlərarası dostluq qrupları çərçivəsində əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, eyni zamanda, beynəlxalq müstəvidə qarşılıqlı faydalı əməkdaşlığın önəmindən danışıb. O, müxtəlif dövlət qurumları arasında əməkdaşlıqla yanaşı, ölkəmizin hakim partiyası Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında da məhsuldar əlaqələrin mövcud olduğunu diqqətə çatdırıb.

Görüşdə spiker Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad ediləməsi və ərazi bütövlüyümüzün bərpası, hazırda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən geniş bərpa və yenidənqurma işləri barədə də danışıb.

Vyetnam Sosialist Respublikası Milli Assambleyasının sədri Vuonq Din Hyu ölkəsinin Azərbaycanla əlaqələrin daha da möhkəmlənməsində maraqlı olduğunu bildirib. O, ölkələrimiz arasında münasibətlərin tarixi köklərə söykəndiyini deyib və qeyd edib ki, əlaqələrimizin əsası Ho Şi Min və Heydər Əliyev tərəfindən qoyulub. Vuonq Din Hyu deyib ki, Azərbaycan bizim üçün dost ölkələrdən biridir. Bizim xarici siyasətimizin əsas prioritetlərimizdən biri ənənəvi dostluq münasibətlərinin olduğu ölkələrlə əməkdaşlığımızı daha da sıxlaşdırmaqdır.

Milli Assambleyanın sədri qarşılıqlı əlaqələrin genişləndirilməsində parlamentlərin xüsusi rolunu vurğulayıb. Bu baxımdan deputatlarımız arasında mütəmadi olaraq görüşlərin təşkilinin, müxtəlif məsələlərlə bağlı fikir mübadiləsinin məqsədəmüvafiq olduğunu deyib. O, eyni zamanda, beynəlxalq parlament qurumlarında əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

Vyetnam Milli Assambleyasının sədri deyib ki, Vyetnam Qoşulmama Hərəkatının üzvü kimi, bu təşkilat çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət verir. O cümlədən, təşkilatın Parlament Şəbəkəsi çərçivəsində də iştirak edir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU