AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin nümayəndələri Milli Məclisdə olublar

Tədbirlər
22 noyabr 2022 | 17:56   
Paylaşın:        

Noyabrın 22-də Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc ilə AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin üzvü Konstantinos Efstatiu arasında görüş keçirilib.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qonaqları salamlayaraq, onlara son illərdə komitə tərəfindən görülən işlər barədə məlumat verib. Bildirib ki, insan hüquqları həm qanunvericilik siyasətində, həm hüquq prosesində, həm də dövlət idarəçiliyində mühüm yer tutur.

Komitə sədri qeyd edib ki, 44 günlük Vətən müharibəsindəki Qələbədən sonra Azərbaycan daha geniş beynəlxalq əlaqələrin qurulmasında maraqlıdır. Azad olunmuş torpaqlara Böyük Qayıdış, insanların hüquqları və azadlıqları ilə bağlı mühüm məsələlər daim diqqətdə saxlanılır.

“Media haqqında” və “Siyasi partiyalar haqqında” qanunlardan söz açan Zahid Oruc bu sənədlərin hazırlanması prosesindən bəhs edib. Bildirib ki, “Media haqqında” Qanun qəbul edilməzdən əvvəl ölkəmizdəki media orqanlarının təmsilçilərinin iştirakı ilə geniş müzakirə edilib. “Siyasi partiyalar haqqında” qanun layihəsi isə 1966-cı il Mülki və Siyasi Hüquqlar Haqqında Pakta, 2000-ci il Avropa Şurasının İnsan Haqları Konvensiyasına, Kopenhagen Sammitində Qəbul edilmiş Deklarasiyaya, Venesiya Komissiyasının 2010-2020-ci il Konvensiyasına, Avropa İnsan Hüquqları Məhkəməsinin onlarla qərarlarındakı direktivlərə söykənərək hazırlanıb. Bunun nəticəsində mükəmməl, təkmil bir layihə formalaşıb.

Görüşdə çıxış edən Milli Məclisin deputatı Kamal Cəfərov Azərbaycanın qanunvericilik prosesində AŞPA-nın sənədlərini nəzərə aldığını söyləyib. O, 30 il müddətində davam edən Ermənsitan-Azərbaycan münaqişəsi zamanı ölkəmizə qarşı ayrı-seçkilik, ikili standartların müşahidə edildiyini təəssüf hissi ilə bildirib.

Milli Məclisin deputatı Tahir Kərimli bildirib ki, Azərbaycanda Avropa İnsan Hüquqları Məhkəməsinin bütün qərarları nəzərə alınır. O, həmçinin diqqətə çatdırıb ki, Avropa Azərbaycan vətəndaşlarının Ermənistan tərəfindən pozulan hüquqlarına qarşı biganə münasibət bəsləyir. Eyni zamanda, Fransa Senatının Azərbaycana qarşı qərəzli qətnaməsi qəbuledilməzdir.

AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin üzvü Konstantinos Efstatiu bildirib ki, insan hüquqlarına hörmət bəslənməsi cəmiyyətin əsasını təşkil edən məsələdir. Qeyd edib ki, bütün Avropada qanunverici orqanlar həm qanunların qəbul olunması, eyni zamanda, onların icrasına nəzarət nöqteyi-nəzərindən çox böyük əhəmiyyət kəsb edirlər.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam edib. Qonaqların sualları Milli Məclisin deputatları tərəfindən cavablandırılıb.

Görüşdə AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin əməkdaşı Elinor Huriqan və  Avropa Şurasının Bakı Ofisinin rəhbəri Petr Zix iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU