Azərbaycan Respublikasının Milli Məclisi ASEAN Parlamentlərarası Assambleyasına müşahidəçi üzv qəbul olunub

Sədrin səfərləri
23 noyabr 2022 | 18:04   
Paylaşın:        

Noyabrın 23-də Kamboca Krallığında keçirilən ASEAN Parlamentlərarası Assambleyasının (ASEAN PA) 43-cü Baş Assambleyasının ikinci plenar iclası Azərbaycan parlamentarizmi üçün əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, iclasda Azərbaycan Respublikası Milli Məclisinin ASEAN Parlamentlərarası Assambleyasına müşahidəçi üzv kimi qəbul olunması ilə bağlı təntənəli mərasim təşkil olunub.

Ölkələrin rəsmi qəbuletmə mərasimində ilk olaraq, Azərbaycanın üçrəngli bayrağı Fəxri Qarovulun müşayiəti ilə səhnəyə gətirilib.

Kamboca Krallığı Milli Assambleyasının sədri, ASEAN PA-nın 43-cü Baş Assambleyasının prezidenti Akka Moha Ponhea Çakri Henq Samrin Milli Məclisin ASEAN PA-ya müşahidəçi üzv qəbul olunması ilə bağlı müvafiq sənədi Azərbaycan parlamentinin sədri Sahibə Qafarovaya təqdim edib.

Xatırladaq ki, ASEAN PA-nın daxili nizamnaməsinə əsasən, milli parlamentlərin təşkilatda müşahidəçi statusu alması ilə bağlı müraciətləri 2-3 il ərzində araşdırıldıqdan sonra müvafiq qərar qəbul olunsa da, Azərbaycan Milli Məclisinin bununla bağlı müraciətinə prioritet qaydada baxılaraq, dərhal cavab verilib və dəstəklənib.

Əlavə edək ki, iclasda Azərbaycan parlamenti ilə yanaşı, ABŞ Konqresi və Nepal Federal Demokratik Respublikasının Milli Assambleyası və Gürcüstan parlamenti də müşahidəçi üzv qismində təşkilata qəbul edilib. Qeyd olunub ki, yeni müşahidəçi üzvlərin bu təşkilatda iştirakı ASEAN PA-nın fəaliyyətinə mühüm töhfə verəcəkdir.

Təntənəli mərasimindən sonra təşkilata yeni müşahidəçi üzv qəbul olunmuş parlamentlərin nümayəndələri ilə görüşlər keçirilib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU