Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında
Noyabrın 24-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin videokonfrans formatında iclası keçirilib. Komitə sədri Sadiq Qurbanov bildirib ki, iclasda bir məsələ - “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə olunacaq.
O, diqqətə çatdırıb ki, qanun layihəsi ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim edilib. Bildirilib ki, layihə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulmasının təkmilləşdirilməsi, bu məqsədlə texnoloji və fiziki qoşulmanın bir-birindən fərqləndirilməsi, tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulmasının və ya əlavə qaz həcmi almasının yeni qaydasının müəyyən olunması, habelə bir sıra dəqiqləşdirmə xarakterli düzəlişlərin edilməsi məqsədilə hazırlanıb.
Sənədə əsasən, qanunun 1-ci maddəsinə “qoşulma xidmətinə görə ödəniş”, “texnoloji qoşulma”, “fiziki qoşulma”, “mövcud qazpaylayıcı şəbəkə” kimi yeni anlayışlar əlavə edilir.
Qanunun 13-cü maddəsinin 12-ci hissəsində nəzərdə tutulan dəyişikliyə görə, ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına qoşulma xidməti üçün ödəniş etməlidirlər.
Bununla yanaşı, maddəyə 12-1, 12-2, 12-3 saylı əlavələrin edilməsi də təklif olunur. 12-1-ci əlavəyə əsasən, ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına qoşulma xidmətinə görə ödəniş etməlidirlər. 12-2-ci əlavədə deyilir ki, ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə bu Qanunun 13-cü maddəsinin 12-1-ci hissəsində nəzərdə tutulan tələblərə cavab verməyən tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması bu Qanunun 13-cü maddəsinin 12-ci hissəsinə uyğun olaraq həyata keçirilir. 12-3-cü əlavəyə görə isə, bu Qanunun 13-cü maddəsinin 12-ci və 12-1-ci hissələrində nəzərdə tutulan ödənişin məbləği müvafiq metodologiya əsasında müəyyən edilir.
Müzakirələr zamanı çıxış edən komitə üzvləri İltizam Yusifov və Naqif Həmzəyev layihə ilə bağlı fikirlərini səsləndiriblər. Deputatlar qanuna təklif olunan təkmilləşdirmə xarakterli dəyişiklikləri müsbət dəyərləndiriblər.
Komitə üzvləri “Qaz təchizatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
Sonra onlayn iclasda cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Komitənin sədri Sadiq Qurbanov, komitə sədrinin müavini Asim Mollazadə, üzvləri İltizam Yusifov, Naqif Həmzəyev, Anar Məmmədov, Məşhur Məmmədov parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov ölkədə su təchizatı və meliorasiya sahəsində mövcud olan problemlərdən danışıblar, su resurslarından istifadədə yeni texnologiyaların tətbiqinin vacibliyini bildiriblər. Deputatlar, eyni zamanda, məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi, ətraf mühitin qorunması, ekologiyaya mənfi təsir göstərən amillərin aradan qaldırılması məsələlərinə toxunublar, bir sıra qeyd və təkliflərini səsləndiriblər.
İclasda komitə üzvləri Afət Həsənova, Əliabbas Salahzadə, Fatma Yıldırım və Mixail Zabelin iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi