Milli Məclisin sədri Sahibə Qafarova Kambocanın baş naziri ilə görüşüb
Noyabrın 24-də Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Akka Moha Sena Padei Teko Hun Sen ilə görüşüb.
Kamboca Krallığının Baş naziri Hun Sen Azərbaycan parlamentinin rəhbərini səmimiyyətlə salamlayaraq, Milli Məclisin ASEAN Parlamentlərarası Assambleyasına müşahidəçi üzv qəbul olunması münasibətilə təbriklərini çatdırıb.
Baş nazir 2014-cü ildə Azərbaycanda səfərdə olduğunu xatırladaraq, ölkəmiz və paytaxt Bakı haqqında xoş təəssüratlarını bölüşüb. O, 1980-ci illərdə də Azərbaycanda olduğunu və xalqımızın Ümummilli lideri Heydər Əliyevlə 2 dəfə görüşdüyünü bildirib. Hun Sen Heydər Əliyevin dünya səviyyəsində tanınan dövlət xadimi olduğunu və Azərbaycan dövlətinin inkişafı üçün böyük işlər gördüyünü qeyd edib.
Ölkəsinin Azərbaycanla münasibətləri müxtəlif istiqamətlərdə inkişaf etdirmək istədiyini söyləyən Baş nazir beynəlxalq təşkilatlarda əməkdaşlığın, o cümədən, Qoşulmama Hərəkatında təmsilçiliyin əhəmiyyətini qeyd edib. Hun Sen ölkəmizin təşkilata uğurlu sədrliyini, həmçinin, Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin əhəmiyyətini vurğulayıb.
Milli Məclisin sədri Kamboca Krallığına səfərindən, burada keçirdiyi görüşlərdən məmnunluğunu bildirib, göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edib.
Milli Məclisin sədri parlamentlərimiz arasında qarşılıqlı fəaliyyətin dövlətlərimiz arasında əlaqələrin daha da inkişafına müsbət təsirini qeyd edərək, ikitərəfli və çoxtərəfli parlamentlərarası əlaqələrimizi inkişaf etdirməyin, həmçinin, dostluq qruplarının fəaliyyətinin, deputatlarımız arasında əməkdaşlığın önəmini vurğulayıb.
Spiker Sahibə Qafarova Azərbaycanın iştirakı ilə həyata keçirilən irimiqyaslı layihələr, beynəlxalq məsələlərin həllinə dair qlobal təşəbbüsləri haqqında Baş nazirə məlumat verib. O, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə görülən işləri diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi hərəkatın parlament ölçüsünün inkişaf etdirilməsi təşəbbüsünü irəli sürüb və 2021-ci ildə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis olunub. Spiker Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti, təşkilatın qarşısında duran vəzifələr haqqında geniş məlumat verib, Parlament Şəbəkəsinin digər parlamentlərarası təşkilatlarla əməkdaşlığını genişləndirməyə çalışdığını söyləyib.
Görüşdə Milli Məclisin sədri Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərlə öz torpaqlarını 30 illik işğaldan azad etməsi, regionda sülh və sabitliyin təmin olunması istiqamətində səyləri haqqında da məlumat verib. Sahibə Qafarova nəzərə çatdırıb ki, müharibənin başa çatmasından iki ilə yaxın vaxt keçsə də, Ermənistan əldə olunan razılaşmalara əməl etməkdən boyun qaçırır, regionun sülh gündəliyinin irəliləməsinə maneə törədir. Spiker Ermənistanın 30 illik işğal dövründə Azərbaycanın şəhər və rayonlarını, infrastrukturu, mədəni və tarixi abidələri tamamilə dağıtması haqqında da danışıb. O, qeyd edib ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq və tikinti işləri həyata keçirir, bu ərazilərimiz bərpa edilir. Lakin Ermənistanın bu ərazilərdə basdırdığı çoxlu sayda mina bərpa işlərinə ciddi əngəl törədir. Sahibə Qafarova diqqətə çatdırıb ki, iki il əvvəl müharibə başa çatandan indiyədək mina partlayışları nəticəsində, təxminən 270 azərbaycanlı həlak olub və ya ağır yaralanıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Milli Məclisin sədri Sahibə Qafarova Kambocanın Baş nazirinə "Qarabağ: işğaldan əvvəl və sonra" adlı kitabı təqdim edib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi