Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında

Komitə iclasları
05 dekabr 2022 | 18:39   
Paylaşın:        

Dekabrın 5-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. İclasın gündəliyinə 6 məsələ daxil edilib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırıb ki, gündəliyin birinci məsələsi “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalının və “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsidir.

O, qeyd edib ki, digər məsələlər bir-biri ilə bağlı olan qanun layihələridir. Növbəti iki məsələ -  “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” (birinci oxunuş) və “Hədəfli maliyyə sanksiyaları haqqında” (birinci oxunuş) yeni qanun layihələridir. Bildirilib ki, gündəliyə, habelə uyğunlaşdırma xarakterli düzəlişlər nəzərdə tutulan sənədlər, o cümlədən  Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş),  Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələri daxil edilib.

Əvvəlcə, komitə üzvü Nurlan Həsənov birinci məsələni təqdim edib. O, bildirib ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa iki yeni medalın – “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)”  yubiley medalının və “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” medalın əlavə edilməsi nəzərdə tutulub. Qanun layihəsində adları çəkilən medalların Əsasnamələri təsdiq edilir və bu medalların təsviri və elementləri əks olunur. Əsasnamələrdə təltif edilən şəxslər, təltif edən orqan və medalların taxılma qaydası qeyd olunur.

Sonra komitə üzvü Kamal Cəfərov növbəti məsələlər barədə məlumat verib. O, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” mövcud qanun layihəsinin yenidən hazırlanması barədə danışaraq, bu təşəbbüsün iki səbəbdən irəli sürüldüyünü qeyd edib. Bildirilib ki, 2012-ci ildə FATF təşkilatının tövsiyələri yenilənib və həmin tövsiyələr Avropa Şurasının çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində öhdəliklərin icrasına nəzarət edən MONEYVAL Komitəsi tərəfindən raundlar üzrə ölkələrə təqdim edilir və qiymətləndiriməsi aparılır. Həm FATF tövsiyələrinin yenilənməsi, həm də 5-ci raund qiymətləndirmənin həyata keçirilməsi yeni qanun layihəsinin hazırlanmasını zəruri edir.

Bildirilib ki, layihədə virtual aktivlərin əmlak kateqoriyasına daxil edilməsi, maliyyə qruplarına yönəlik xüsusiləşdirilmiş nəzarət mexanizmlərinin qurulması, pul vəsaitlərinin elektron qaydada köçürülməsinə dair tələblərin formalaşdırılması, habelə müştəri uyğunluğu tədbirlərinin əsaslı yenilənməsi, həmçinin benefisiar mülkiyyətçinin müəyyən edilməsində konkret addımların atılması, müştəri uyğunluğu tədbirlərinin daha dəqiq müəyyələşdirilməsi və digər bu kimi yeniliklər öz əksini tapıb.

Qeyd olunub ki, gündəlikdəki digər üç layihədə də bu qanuna uyğunlaşdırma xarakterli bir sıra  dəyişikliklər təklif olunur.

İclasda iştirak edən Maliyyə Monitorinqi Xidmətinin Hüquq Departamentinin rəisi Azər Abbasov müzakirəyə çıxarılan qanun layihələri barədə fikirlərini açıqlayıb. O, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” qanun layihələrinin iki hissədən ibarət olduğunu və bu qanunların tənzimləmə subyektləri arasında konseptual fərqin olduğunu qeyd edib. Mövcud qanunun risk əsaslı meyarlara cavab vermədiyini deyən mütəxəssis, bildirib ki, yeni layihələrdə məqsəd iqtisadiyyatın səmərəli fəaliyyətinin təmin edilməsinə nail olmaqdır.

Sonra Azər Abbasov komitə sədri Əli Hüseynlinin və komitənin üzvü Nurlan Həsənovun  məsələlərlə bağlı səsləndirdiklərin bəzi qeydlərinə aydınlıq gətirib.

Müzakirələrin sonunda gündəliyə daxil edilən 6 məsələnin hamısı birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda komitənin sədr müavini Qüdrət Həsənquliyev, üzvləri Fəzail Ağamalı, Əminə Ağazadə, Sabir Hacıyev, Vüqar İskəndərov, Tahir Kərimli, Azay Quliyev, Cəbi Quliyev, Erkin Qədirli, Elşən Musayev, Madər Musayev, Bəhruz Məhərrəmov və Nizami Səfərov iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU