İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Komitə iclasları
13 dekabr 2022 | 18:05   
Paylaşın:        

Dekabrın 13-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Tahir Mirkişili bildirib ki, gündəliyə 26 məsələ daxil edilib.

Komitə sədri bir-biri ilə bağlı olan ilk iki məsələni müzakirəyə təqdim edib. O, Gömrük Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrini gömrük sistemində aparılan islahatlar kontekstində xarakterizə edərək təklif olunan dəyişikliklərin gömrük prosedurlarının sadələşdirilməsi, sahibkarların maraqlarının qorunması baxımından əhəmiyyətini yüksək qiymətləndirib.

Tahir Mirkişili deyib ki, Gömrük Məcəlləsinə təklif olunan dəyişikliklər malların gömrükdən daha sürətli keçidinin təmin edilməsi məqsədilə hazırlanıb. Layihədə malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına daxil olan müraciətə (bəyannaməyə) bir gün müddətində baxılması və bunun əsasında malların buraxılışının təmin olunması təklif olunub. Əgər malın buraxılışı üçün gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə zərurət yaranırsa, gömrük orqanı bu barədə bildirişi bəyannamənin gömrük orqanına təqdim olunduğu andan 24 saat ərzində bəyannaməçiyə təqdim etməlidir.

“Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi isə malların gömrük dəyərinin müəyyən edilməsinin sadə və ədalətli meyarlara əsaslanmasını təsbit etməklə, gömrük dəyərinin müəyyən edilməsi sahəsində vahid təcrübənin formalaşmasına,  bu sahədə sui-istifadə və neqativ halların qarşısının alınmasına, beynəlxalq qaydaların implementasiyasına və şəffaflığın artırılmasına xidmət edir.

İclasda iştirak edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini icra edən Şahin Bağırov deyib ki, qanun layihələri daha çox biznes mühitinin inkişafına yönəlib. Malların gömrük dəyərinin düzgün müəyyən edilməsinin əhəmiyyətini vurğulayan Şahin Bağırov dəyişikliklərlə bağlı gömrük orqanlarının üzərlərinə düşən məsuliyyətə ciddi riayət edəcəyini bildirib.

Dövlət Gömrük Komitəsinin rəhbəri gömrük orqanlarında görülən işlər, prosedurların sadələşdirilməsi, gömrük sisteminin elektronlaşdırılması, vətəndaşların gömrük sahəsində məmnunluq səviyyəsinin yüksəldilməsi və digər istiqamətlərdə həyata keçirilən tədbirlər barədə deputatlara məlumat verib.

Müzakirələrdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli, komitənin üzvləri Vahid Əhmədov, Ziyad Səmədzadə, Mahir Abbaszadə, Vüqar Bayramov, Rüfət Quliyev, İqbal Məmmədov, Məzahir Əfəndiyev, Aydın Hüseynov, Məşhur Məmmədov və Anar Məmmədov çıxış ediblər.  Millət vəkilləri layihələri gömrük xidmətlərindən istifadənin asanlaşdırılması və elektronlaşdırılması baxımından müsbət  qiymətləndiriblər, son vaxtlar gömrük sistemində görülən işləri təqdirlə qarşılayıblar. Deputatlar malların gömrük dəyərinin formalaşması qaydaları, daxili bazarın qorunması metodologiyası ilə maraqlanıblar, gömrük sahəsində məmnunluq indeksinin yüksəldilməsinin vacibliyini vurğulayıblar, qanun layihələri barədə  fikirlərini bildiriblər və suallarını səsləndiriblər.

Dövlət Gömrük Komitəsi sədrinin vəzifəsini icra edən Şahin Bağırov deputatların suallarına aydınlıq gətirəndən sonra hər iki qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Sonra komitə sədri bildirib ki, gündəliyin 3-cü məsələsindən başlayaraq növbəti 18 məsələ Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq hazırlanıb və üçüncü oxunuşda müzakirəyə çıxarılan qanun layihələridir.

Beləliklə, deputatlar Vergi Məcəlləsində, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Valyuta tənzimi haqqında”, “Maliyyə-sənaye qrupları haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Avtomobil yolları haqqında”, “Banklar haqqında”, “Lotereyalar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “İpoteka haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Dövlət borcu haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunlarda, həmçinin “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi ilə bağlı qanun layihələrini nəzərdən keçirərək üçüncü oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

İclasda bir-biri ilə bağlı olan və mobil cihazların qeydiyyatının aparılmasının hüquqi əsaslarını müəyyən edən İnzibati Xətalar Məcəlləsində və “Telekommunikasiya haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlı olan qanun layihələri, həmçinin radiotezlik resurslarının müddətli ayrılması, radiotezliklərdən istifadənin əsaslarının müəyyən olunduğu “Telekommunikasiya haqqında” Qanunda, “Lisenziyalar və icazələr haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı daha üç qanun layihəsi də nəzərdən keçirilərək ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasın sonunda Ələt azad iqtisadi zonasında fəaliyyət üçün əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisinə daxil olması, müvəqqəti qalması məsələlərinin tənzimlənməsi ilə bağlı Miqrasiya Məcəlləsində və “Ələt azad iqtisadi zonası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə (ikinci oxunuş) baxılaraq Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU