Koreya nümayəndə heyəti ilə görüşdə

Tədbirlər
14 dekabr 2022 | 17:59   
Paylaşın:        

Dekabrın 14-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Koreya Respublikası Milli Assambleyasının Milli müdafiə komitəsinin sədri Li Hun-seunqun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan vitse-spiker Adil Əliyev iki ölkə arasında qurulan əlaqələrdən söz açaraq bildirib ki, Azərbaycan və Koreya arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Vitse-spiker təhsildə və tələbə mübadiləsi sahəsində əldə olunan nailiyyətləri vurğulayaraq, münasibətlərin daha da inkişafı üçün mövcud potensialdan istifadə olunmanın vacibliyini bildirib.

Adil Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasının uzun müddət kağız üzərində qalmış 4 qətnaməsini öz gücü hesabına həyata keçirərək 2020-ci ildə torpaqlarını erməni işğalından azad etməsindən, 10 noyabr 2020-ci il tarixində Ermənistanın kapitulyasiya sənədinə qol çəkərək üzərinə götürdüyü öhdəliklərdən danışıb. O, qeyd edib ki, müharibədən iki il keçməsinə baxmayaraq, Ermənistan öhdəliklərə əməl etmir, hər addımda təxribata əl atır, eləcə də mütəmadi olaraq silahlanmağa cəhd edir. Eyni zamanda, Laçın humanitar dəhlizindən hərbi sursatların, o cümlədən piyada əleyhinə minaların, habelə Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərindən qanunsuz çıxarılan təbii sərvətlərin daşınması üçün istifadə edir. Təhlükəsizliyə cavabdeh olan Rusiya sülhməramlıları isə bütün bunlara göz yumur, ekoloji monitorinqin aparılmasına qarşı törədilən təxribatlarla bağlı heç bir addım atmır. Qeyd olunub ki, hazırda QHT nümayəndələri və ekologiya fəalları tərəfindən Şuşa-Laçın yolunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərimizin qanunsuz çıxarılmasına, vəhşicəsinə talan edilməsinə və ekoloji terrora qarşı aksiya keçirilir.

Vitse-spiker beynəlxalq ictimaiyyətin Ermənistana tezliklə bu sahədə təsir göstərəcəyinə ümidini ifadə edib.

Görüşdə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycanın Koreya ilə bütün sahələrdə əlaqələrin daha da dərinləşdirilməsində maraqlı olduğunu deyib. O, parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən danışaraq, bunun üçün qarşılıqlı səfərlərin intensivliyinin artırılmasının əhəmiyyətini vurğulayıb. Ziyafət Əsgərov bu səfərin və səfər çərçivəsində aparılacaq müzakirələrin dostluq münasibətlərimizin, eləcə də parlamentlərarası əlaqələrin inkişafına yeni təkan verəcəyinə inamını ifadə edib.

Koreya Respublikası Milli Assambleyasının Milli müdafiə komitəsinin sədri Li Hun-seunq  səmimi qəbul üçün təşəkkür edib, ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında, xüsusilə “ağıllı şəhər” və “yaşıl enerji” kimi layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib. O, Koreyanın Busan şəhərinin “Expo 2030” Ümumdünya Sərgisinə ev sahibliyi üçün namizədliyini irəli sürməsindən danışıb.

Söhbətdə Koreya Milli Assambleyasının üzvü Li Joo Hvan, Müdafiə Təminatı Proqramı Administrasiyasının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Sanqdeok Çoi, “UI helicopter” şirkətinin təmsilçisi Yae Seunq Yanq çıxış edərək Azərbaycan-Koreya münasibətlərinin inkişaf perspektivləri və istiqamətləri ilə bağlı fikirlərini bölüşüblər.

Görüşdə Koreya Respublikasının Azərbaycandakı səfiri Li İn-Yonq və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU