Milli Məclisin iclasında

Plenar iclaslar
27 dekabr 2022 | 18:07   
Paylaşın:        

Dekabrın 27-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

Əvvəlcə, iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Müzakirələrdə Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli, komitə sədri Musa Quliyev, deputatlardan Jalə Əliyeva, Bəhruz Məhərrəmov, Kamilə Əliyeva, Fəzail Ağamalı, Fazil Mustafa, Hikmət Məmmədov, Tahir Kərimli, Tural Gəncəliyev, Sahib Alıyev, Elnur Allahverdiyev çıxış ediblər.

Millət vəkilləri Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü barədə fikirlərini açıqlayıblar. Çıxışlarda görüşün siyasi, tarixi, mənəvi   tərəfləri özündə birləşdirdiyi və mühüm əhəmiyyət kəsb etdiyi xüsusi vurğulanıb.

Deputatlar Qərbi Azərbaycan konsepsiyası ilə bağlı ölkəmizin strategiyasının ölkə Prezidenti tərəfindən dəqiq, əhatəli və üzaqgörənliklə cəmiyyətə təqdim edildiyini deyərək, bu istiqamətdə beynəlxalq platformalarda lazımi işlərin görülməsinin vacibliyindən danışıblar. Qeyd olunub ki, Prezident İlham Əliyevin tədbirdə çıxışı beynəlxalq hüquqa əsaslanan, tarixi ədalətin bərpasını təmin edən sülh və  birgə yaşayış konsepsiyasını özündə ehtiva edir.

Çıxışlarda bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə son dövrlərdə Azərbaycan parlament diplomatiyası yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Prezidentin müəyyənləşdirdiyi vəzifələrin həyata keçirilməsində Milli Məclis də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.

Deputatlar, həmçinin Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, yataqlarda monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və fəallar tərəfindən Laçın-Xankəndi yolunda təşkil olunan və bu gün də davam edən etiraz aksiyası ilə bağlı  fikirlərini və dəstək çağırışlarını səsləndiriblər, bir sıra digər aktual məsələlərə toxunublar.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, bugünkü iclasın gündəliyinə 23 məsələ daxildir. O, qeyd edib ki, ilk 7 məsələ ikinci oxunuşda olan qanun layihələridir və birinci məsələ “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) Konstitusiya qanununun layihəsidir.

Məsələ barədə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O, qanun layihəsinin birinci oxunuşda geniş şəkildə təqdim olunaraq qəbul edildiyini bildirərək, parlament sədrinin tövsiyəsi və deputatların təklifləri əsasında “Normativ hüquqi aktlar haqqında” qanunun 70-ci maddəsinə komitə tərəfindən bir neçə əlavələrin təklif edildiyini və bunun qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırıldığını söyləyib. O, diqqətə çatdırıb ki, bu təkliflər parlamentdə bir oxunuşda qəbul olunacaq sənədlərin siyahısına əlavələrin edilməsi ilə əlaqədardır. Belə ki, 70.3-cü maddəyə edilən əlavədə Milli Məclisdə Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin təsis edilməsinin, inzibati ərazi bölgüsünün və dövlət təltiflərinin də bir oxunuşda baxılması təklif olunur. Komitə sədri bu əlavəni nəzərə almaqla, sənədin səsə qoyulmasını xahiş edib.

Deputat Fazil Mustafa məsələ barədə fikirlərini açıqlayaraq, təklif olunan əlavəni müsbət dəyərləndirib və bir sıra qeydlərini səsləndirib.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Sosial sığorta haqqında", "Diplomatik xidmət haqqında" qanunlarda və Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. O, ikinci oxunuşun tələblərinə uyğun olaraq, layihə barədə maddələr üzrə məlumat verib.

Komitə sədri bildirib ki, "Sosial sığorta haqqında" qanunun 15-ci maddəsinə təklif olunan dəyişikliyə görə, Azərbaycan Respublikasının səfirlik və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşlarına və inzibati-texniki xidməti həyata keçirən şəxslərə ödənilən müavinətlərdən, kompensasiyalardan və dövlət məvacibinə tətbiq edilən əmsalların məbləğindən məcburi dövlət sosial sığorta haqqı tutulmayacaq.

Qeyd edilib ki, "Diplomatik xidmət haqqında" Qanunun 21 və 23-cü maddələrinə 13 dəyişiklik təklif olunur. Dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının səfirlik və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşlarına birdəfəlik yerləşmə müavinəti  təsis edilir. Onların orta ixtisas və ali təhsilin bakalavr səviyyəsində təhsil alan 23 yaşadək övladlarına təhsil müavinəti veriləcək, əmək fəaliyyəti ilə məşğul olmayan ailə üzvlərinə görə aylıq müavinət ödəniləcək. Bununla yanaşı, diplomatik xidmət əməkdaşlarına aylıq təmsilçilik müavinəti, müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətdə fəaliyyət göstərən diplomatik xidmət əməkdaşlarına isə kompensasiya ödəniləcək. Daha bir dəyişikliyə görə, diplomatlar üçün təsis edilən kompensasiya və müavinətlər (21.7-2 maddəsi istisna olunmaqla) həmçinin  diplomatik missiyanın tərkibində fəaliyyət göstərən inzibati-texniki xidməti həyata keçirən şəxslərə də şamil ediləcək. Qanuna edilən digər dəyişikliklər əmək haqqının tərkibi, ödənilmə qaydası, dövlət məvacibinə tətbiq edilən fərqləndirici əmsallar barədə normaları özündə ehtiva edir. Layihədə yeni müddəaların qanuna daxil edilməsi və bununla əlaqədar olaraq bəzi maddələrin ləğv edilməsi təklif olunur.

Komitə sədri deyib ki, Vergi Məcəlləsinin 102-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən isə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşlarına və inzibati-texniki xidməti həyata keçirən şəxslərə ödənilən müavinətlərdən, kompensasiyalardan və dövlət məvacibinə tətbiq edilən əmsalların məbləğindən vergi tutulmur.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili sənəd barədə fikirlərini açıqlayıblar və rəhbərlik etdikləri komitələrin müsbət rəylərini səsləndiriblər.

Sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Parlamentin birinci vitse-spikeri, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edərək bildirib ki, məsələ ilə bağlı deputatlar tərəfindən heç bir təklif daxil olmayıb.

Sənədə əsasən, “Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində xüsusi fərqlənən, daxili işlər orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən daxili işlər orqanlarının xüsusi rütbəsi olan əməkdaşları təltif edilirlər.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra parlamentin sədri bildirib ki, növbəti iki məsələ ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olub, ancaq layihələr müxtəlif məsələlərlə bağlı olduğuna görə, onlar ayrılıqda müzakirə olunacaq.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi ilə bağlı bildirib ki, sənəd birinci oxunuşda qəbul edilib və müzakirəyə təqdim olunan mətndə heç bir dəyişiklik edilməyib. Layihə  Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edəcək.

Komitə sədrləri Zahid Oruc, Hicran Hüseynova və deputat Ceyhun Məmmədov məsələ ilə əlaqədar fikirlərini bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra Nizami Səfərov "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib. O, qanun layihəsinin birinci oxunuşda ətraflı müzakirə edildiyini, sual doğuran məsələnin olmadığını və hər hansı təklifin irəli sürülmədiyini söyləyib. Layihədə dövlət orqanlarında etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisələrin həllinə məsul olan etik müvəkkil vəzifəsinin təsis edilməsi məsələləri öz əksini tapıb.

Deputatlar Tahir Kərimli, Fazil Mustafa, Əminə Ağazadə sənədlə bağlı bəzi qeydlərini və suallarını səsləndiriblər. Nizami Səfərov qaldırılan məsələlərə aydınlıq gətirib.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Bildirib ki, qanuna iki dəyişiklik təklif edilir. Belə ki, 32-ci maddədə təhsilalanların hüquqları daha da genişləndirilir və 32.3.7-ci maddədə ixtisasını və təhsilalma formasını dəyişmək, təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunmaq, 32.3.12-ci maddədə isə akademik məzuniyyət götürmək hüquqları təsbit olunur. Bu hüquqların təmin edilməsi üçün qaydaların müəyyənləşdirilməsi ilə bağlı qanunun 29-cu maddəsinə iki yeni maddənin əlavə edilməsi nəzərdə tutulub. 29.0.10-1-ci maddədə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, 29.0.10-2-ci maddəsində isə orta ixtisas təhsil müəssisələrində təhsilalanların həmin hüquqlarının həyata keçirilməsi üçün qaydaların müəyyən edilməsi dövlətin vəzifələrinə aid edilir.

Komitə sədri Siyavuş Novruzov, deputatlardan Vüqar Bayramov, Etibar Əliyev, Fəzail Ağamalı, Sabir Rüstəmxanlı, Aqil Abbas məsələ ilə bağlı fikirlərini və bəzi qeydlərini səsləndirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra komitə sədri Bəxtiyar Əliyev “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsini diqqətə çatdırıb. O, qeyd edib ki, layihə barədə birinci oxunuşda geniş məlumat verilib. Komitədə ikinci oxunuşda heç bir əlavə və dəyişiklik təklif edilməyib və qanun layihəsi ilə bağlı komitə müsbət qərar qəbul edib.

Layihədə təklif edilən dəyişikliyə əsasən, internat tipli ümumtəhsil müəssisələri anlayışı onların növlərinə görə təsnifləşdirilərək yeni redaksiyada verilir və onların fəaliyyət prinsiplərinə görə bölündüyü, onların özlərinin də ümumi təyinatlı, inteqrasiya təlimli və xüsusi təhsil müəssisələri kimi qruplaşdırıldığı öz əksini tapıb.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra parlamentin spikeri Sahibə Qafarova gündəliyin növbəti 15 məsələsinin üçüncü oxunuşda olan qanun layihələri olduğunu bildirib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923−2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsindən bəhs edib. O, birinci oxunuşda müzakirələr zamanı məsələ ilə bağlı bəzi təkliflərin səsləndirildiyini və buna münasibət bildirildiyini, sonra heç bir təklifin daxil olmadığını söyləyərək, layihənin üçüncü oxunuşda səsə qoyulmasını xahiş edib.

Sənədə əsasən, “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)” yubiley medalı ilə vəzifələrini nümunəvi yerinə yetirən, qüsursuz fəaliyyəti ilə fərqlənən hakimlər, məhkəmələrin aparatlarında qulluq keçən dövlət qulluqçuları, məhkəmə sisteminin inkişafına töhfə vermiş şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif edilirlər.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti 4 məsələsinin cənab Prezidentin bir məktubu ilə parlamentə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu deyib. O, layihələrin ayrılıqda nəzərdən keçiriləcəyini qeyd edib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, qanun layihəsi barədə birinci və ikinci oxunuşlarda geniş məlumat verdiyini söyləyib və ikinci oxunuşda qəbul olunmuş qanun layihəsinə qanunvericilik təşəbbüsü subyekti tərəfindən bir dəyişiklik edildiyini deyib. Komitə sədri bildirib ki, burada əsas məsələ qanun layihəsinin 1 yanvar 2023-cü il tarixdən qüvvəyə minməsi haqqında 2-ci maddənin əlavə olunması ilə bağlıdır.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb. O, Miqrasiya Məcəlləsinə təklif edilən dəyişikliyin birbaşa Vergi Məcəlləsi ilə bağlı olduğunu bildirib. Layihə xarici investisiyaları innovasiya və yüksək texnologiyalar sahəsinə cəlb etməklə texnologiya parklarının genişləndirilməsi məqsədilə hazırlanıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məsələ ilə bağlı bu komitənin də rəyinin müsbət olduğunu bildirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Daha sonra Tahir Mirkişili  “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. O, təqdim olunan sənədə bu qanun layihəsinin də 1 yanvar 2023-cü ildən qüvvəyə minməsi ilə əlaqədar maddənin əlavə olunduğunu söyləyib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

İclasda Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, məsələnin birinci və ikinci oxunuşlarda plenar iclasda müzakirə edildiyini, komitədə üçüncü oxunuşda müzakirələr zamanı heç bir düzəlişin olunmadığını söyləyib.

Sənəd texnologiyalar parkında müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin inkişaf etdirilməsi, yüksək ixtisaslı mütəxəssislərin və kadrların cəlb edilməsi, həmçinin sahibkarlıq subyektlərinin və yüksək ixtisaslı peşəkar muzdlu işçi qüvvəsinin bu sahəyə axınının təmin edilməsi üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsində güzəştlərin verilməsi ilə əlaqədar olaraq hazırlanıb.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra parlamentin spikeri Sahibə Qafarova gündəliyin 13-cü məsələsini - "Gömrük tarifi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) müzakirəyə təqdim edib.

Məsələ ilə bağlı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. O, bildirib ki, qanun layihəsi dövlət ümumtəhsil məktəbləri tərəfindən təhsil məqsədləri üçün idxal olunan qurğuların iki il müddətinə gömrük rüsumundan azad edilməsini özündə ehtiva edir və ikinci oxunuşdan sonra məsələ ilə bağlı komitəyə hər hansı bir irad və ya təklif daxil olmayıb.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Daha sonra parlamentin sədri gündəliyin növbəti üç - 14-cü məsələ olan “Telekommunikasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə, 15-ci məsələ olan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında və 16-cı məsələ olan “Lisenziyalar və icazələr haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-biri ilə bağlı olduğunu bildirib.

Spiker 14-cü və 16-cı məsələlərə dair ümumi məlumatı təqdim etmək üçün İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyevə söz verib.

Komitənin müsbət rəyini diqqətə çatdıran Elnur Allahverdiyev bildirib ki, hər iki qanun layihəsi telekommunikasiya sahəsində dövlət radiotezlik resurslarından istifadənin təkmilləşdirilməsi və səmərəliliyin artırılması məqsədi daşıyır. O, qanun layihələrinin ikinci oxunuşundan sonra komitəyə hər hansı bir təklif və ya irad daxil olmadığını bildirib və deputatlardan layihələri üçüncü oxunuşda da dəstəkləməyi xahiş edib.

Spiker 15-ci məsələ barədə məlumat vermək üçün Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərova söz verib.

Nizami Səfərov məsələyə dair məlumat verib və qanun layihəsinin mətnində heç bir dəyişiklik aparılmadığını deyib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev 15-ci  məsələ ilə bağlı komitəsinin müsbət rəyini diqqətə çatdırıb.

Layihələrlə bağlı deputat Sabir Rüstəmxanlının fikirləri dinlənildikdən sonra  hər üç məsələ ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Sonra parlamentin spikeri bildirib ki, gündəliyin 17-ci və 18-ci məsələləri də cənab Prezidentin bir məktubu ilə parlamentə daxil olub və mahiyyətcə bir-biri ilə bağlı qanun layihələridir. Ona görə də qanun layihələri ilə bağlı məlumatlar birgə təqdim olunub.

“Telekommunikasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev bildirib ki, qanun layihəsi mobil telefonların İMEİ kodlarının qeydiyyatının və istifadəsinin təkmilləşdirilməsi və bu sahədə qeyri-qanuni fəaliyyətin qarşısının alınması məqsədi ilə hazırlanıb və ikinci oxunuşdan sonra qanun layihəsi ilə bağlı komitəyə heç bir təklif daxil olmayıb.

Gündəliyin 18-ci məsələsi olan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov qanun layihəsi ilə bağlı məlumatı diqqətə çatdırıb.

Qanun layihəsi ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev komitəsinin müsbət rəy verdiyini deyib.

Sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyulub və üçüncü oxunuşda qəbul olunub.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. Komitə sədri sənəddə təklif edilən dəyişikliklərin əvvəlki oxunuşlarda heç bir sual doğurmadığını bildirib və qanun layihəsinin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Spiker Sahibə Qafarova növbəti iki məsələnin Prezidentin bir məktubu ilə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib.

Gündəliyin 20-ci və 21-ci məsələləri - Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) və “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələri ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. O, bildirib ki, hər iki layihəsi gömrük dəyərinin müəyyən olunmasını və gömrük komitəsi əməkdaşları ilə sahibkarların münasibətlərinin tənzimlənməsini özündə ehtiva edir və ikinci oxunuşdan sonra mətnlərdə hər hansı bir dəyişiklik edilməyib.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra spiker gündəliyin 22-ci məsələsini - Əmək Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, "Uşaq hüquqları haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Təhsil haqqında", "Sosial xidmət haqqında", "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" və "Ümumi təhsil haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) müzakirəyə çıxarıb.

Qanun layihəsi ilə bağlı Əmək və sosial siyasət komitəsinin üzvü Jalə Əliyeva məlumat verib. O, bildirib ki, qanun layihəsi ilə bağlı heç bir təklif, irad bildirilməyib və deputatlardan sənədi dəstəkləmələrini xahiş edib.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev komitələrinin məsələ ilə bağlı müsbət rəylərini diqqətə çatdırıblar.

Sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Parlamentin spikeri Sahibə Qafarova gündəliyin sonuncu məsələsinin ikinci oxunuşda olan "Əmək pensiyaları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) olduğunu və məsələyə Əmək və sosial siyasət komitəsində baxıldığını diqqətə çatdırıb.

Komitənin sədri Musa Quliyev sənəd haqqında məlumat verərək bildirib ki, qanun layihəsi pensiyaçıların sosial rifahının qorunması və artıq ödənilmiş pensiyaların tutulması müddətinin məhdudlaşdırılması ilə əlaqədardır. Təklif olunan dəyişikliklər  əmək pensiyasına və əmək pensiyasına əlavəyə artıq ödənilmiş məbləğin tutulma müddətini 3 ilədək məhdudlaşdırır.

Müzakirədə komitə sədri Zahid Oruc, deputatlar Qüdrət Həsənquliyev, Vüqar Bayramov, Fazil Mustafa qanun layihəsi ilə bağlı fikirlərini bildiriblər, suallarını səsləndiriblər.

Deputatların səsləndirdikləri suallara komitə sədri Musa Quliyev aydınlıq gətirəndən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin plenar iclası işini başa çatdırıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU