Vitse-spiker Adil Əliyev tələbələrlə görüşüb

Tədbirlər
28 dekabr 2022 | 15:09   
Paylaşın:        

Dekabrın 28-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin SABAH qrupunun tələbələri ilə görüşüb.

Əsasını Ümummilli Lider Heydər Əliyevin qoymuş olduğu gənclər və təhsil siyasətləri barədə danışan vitse-spiker hazırda bütün sahələrdə olduğu kimi gənclər və təhsil siyasətlərinin də dövlət başçısı tərəfindən çox böyük uğurla aparıldığını qeyd edib.  

Azərbaycan gənclərinin bilikli, savadlı və milli-mənəvi dəyərlərə bağlı nəsil kimi yetişməsinin prioritet olduğunu vurğulayan  Adil Əliyev gənclərimizin təhsil, sosial müdafiə və digər məsələlərinin həllinin daim cənab Prezidentin diqqət mərkəzində olduğunu deyib. O, dövlət başçısı tərəfindən qəbul edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də rəhbər tutulmuş 5 əsas müddəadan birinin də rəqabətli insan kapitalı olduğunu, gənclərə keyfiyyətli təhsilin verilməsinin bu sahədə aparılan siyasətin əsas hədəfi kimi müəyyən edildiyini diqqətə çatdırıb. Vitse-spiker bildirib ki, hər il 600-dən artıq tələbə  təhsil almaq üçün dünyanın nüfuzlu ali təhsil ocaqlarına göndərilir, universitetlərimiz dünyanın nüfuzlu ali məktəbləri ilə birgə ikili diplom proqramları həyata keçirir. Gənclərimiz də öz növbələrində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində üzərlərinə düşən tarixi missiyanı uğurla yerinə yetirərək, istər ön cəbhədə, istərsə də arxa cəbhədə Azərbaycan gəncliyinin gücünü nümayiş etdirdilər.

Sonra Adil Əliyev ali qanunvericilik orqanının fəaliyyəti barədə geniş məlumat verib. O, Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlamentin üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini bildirib. Vitse-spiker VI çağırış Milli Məclisin ötən dövrdə beynəlxalq təşkilatlarda uğurlu fəaliyyətindən bəhs edərək, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Azərbaycanın bu sahəyə verdiyi ən böyük töhfələrdən biri olduğunu deyib.

Söhbət zamanı Adil Əliyev Vətən müharibəsində qazandığımız böyük Zəfərin qalib dövlətin gənclərindən daha məsuliyyətli, daha vətənpərvər və daha savadlı olmağı tələb etdiyini bildirib. Bu Zəfərimizdən sonra müxtəlif xarici qüvvələrin Azərbaycana qarşı qısqanc münasibət bəslədiyini  və təxribatçı addımlar atdığını deyən vitse-spiker gəncliyimizin sözügedən təxribatların qarşısının alınmasında əsas qüvvə kimi çıxış etməli olduğunu vurğulayıb.

Daha sonra görüş tələbələrin suallarının cavablandırılması və onları maraqlandıran mövzuların müzakirəsi ilə davam edib.

Görüşdən sonra tələbələr Ulu Öndər Heydər Əliyevin parlamentin inzibati binasının foyesindəki abidəsini ziyarət ediblər, burada yaradılmış Zəfər Guşəsi, həmçinin Milli Məclisin plenar iclas zalı ilə tanış olublar.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU