REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ

Komitə iclasları
12 fevral 2013 | 04:02   
Paylaşın:        

Fevralın 12-də Milli Məclisin Regional məsələlər komitəsinin  iclasında beş məsələyə baxıldı. Komitənin sədri Arif Rəhimzadə bildirdi ki, gündəlikdəki qanun layihələri əsasən bəzi qanunvericilik aktlarına dəyişiklik edilməsini nəzərdə tutur.
İclasda öncə 2006-cı ilin dekabrında təsdiqlənmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” sənədə baxıldı. Məlumat verildi ki, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna 2012-ci ilin iyununda edilmiş dəyişiklikdən sonra ölkənin bir sıra şəhər və rayonlarında ümumilikdə 40 sahə inzibati ərazi dairəsi yaradılıb. Qanunvericiliyə əsasən, onlar hamısı Dövlət reyestrinə daxil edilməlidir. Həmçinin İnzibati Xətalar Məcəlləsində müvafiq dəyişiklik aparılmalıdır ki, gündəlikdəki digər qanun layihəsi bu barədədir. Komitə üzvləri hər iki qanun layihəsini məqbul saydılar.
Sonra deputatlar Naxçıvanın Şahbuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək, Şahbuz şəhərinin inzibati ərazisinin genişləndirilməsinə dair qanun layihəsini müzakirə etdilər. Bildirildi ki, turizmin inkişafı üçün çox əlverişli olan həmin rayonda aparılan bu dəyişiklik əhalinin rifahının yaxşılaşmasına və yeni iş yerlərinin açılmasına da xidmət edəcək.
İclasda 2001-ci ilin mayında təsdiqlənmiş “Bələdiyyələrin məhəllə komitələri haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə” məsələ də müsbət qarşılandı. Qeyd olundu ki, dəyişikliyin əsas mahiyyəti adı çəkilən sənədlə “Sosial xidmət haqqında” qanun arasında uyğunluğun təmin edilməsdir.
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında“ qanuna əlavə olunmuş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”na təklif olunan dəyişiklik isə Bakı rayonları sırasına yeni daxil edilmiş Pirallahı rayonunun qəsəbə və bələdiyyələrini, eləcə də Ağdaşın Gürcuva bələdiyyəsini əhatə edir. Bu qanun layihəsi də ətraflı müzakirə olundu.
Fikir mübadiləsinin yekununda komitədə baxılan qanun layihələrinin hamısı Milli Məclisin plenar iclasına tövsiyə edildi.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU