Milli Məclisin sədri Sahibə Qafarova Səudiyyə Ərəbistanı Krallığı Şura Məclisinin nümayəndə heyəti ilə görüşüb
Yanvarın 11-də Milli Məclisinin sədri Sahibə Qafarova Səudiyyə Ərəbistanı Krallığı Şura Məclisinin Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Fayez bin Abdullah Əl-Şehrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan Milli Məclisin sədri ölkəmizin Səudiyyə Ərəbistanı Krallığı ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini qeyd edib. Bu gün ölkələrimiz arasındakı əlaqələr yüksək səviyyədədir, bu əlaqələrin daha da genişləndirilməsi üçün geniş imkanlar mövcuddur. Sözsüz ki, ikitərəfli əlaqələrin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin müstəsna rolu var.
Parlamentin sədri vurğulayıb ki, iki ölkə arasında münasibətlərin inkişafı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına səfəri ilə başlayıb və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdiyini vurğulayan spiker Səudiyyə Ərəbistanının beynəlxalq təşkilatlar, xüsusilə BMT və İƏT çərçivəsində ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyi və tutduğu ədalətli mövqeyini yüksək qiymətləndirib. Bildirilib ki, Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki, Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanla diplomatik əlaqələr qurmayıb və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstək və qardaşlığın əlamətidir.
44 günlük Vətən müharibəsinin nəticələrindən danışan spiker bildirib ki, Azərbaycan Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 27 il yerinə yetirilməmiş qalan dörd qətnaməsini, digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələrini öz gücü ilə həyat keçirərək torpaqlarını işğaldan azad edib. O, Ermənistanın 30 illik işğal dövründə Azərbaycan torpaqlarında İslam dininə aid abidələri dağıtmaq, məscidləri təhqir etmək siyasəti yürütdüyünü, bununla nəinki Azərbaycan xalqını, bütün müsəlman aləmini təhqir etdiyini xatırladıb.
Parlamentin sədri Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri apardığını, artıq keçmiş məcburi köçkünlərimizin doğma yurdlarına qayıtması prosesinin başladığını bildirib. Qeyd olunub ki, ərazilərin Ermənistan tərəfindən minalanması bu prosesə maneçilik törədir.
Milli Məclisin sədri Ermənistanda yaşayan azərbaycanlıların öz doğma torpaqlarından hətta münaqişə başlamazdan öncə qovulduğunu deyərək, müasir Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradıldığını və azərbaycanlıların bu torpaqlarda əsrlər boyu yaşadığını qonaqların diqqətinə çatdırıb. Parlamentin rəhbəri Qərbi azərbaycanlıların da öz doğma torpaqlarına geri qayıdacaqlarına inamını ifadə edib.
Spiker, bildirib ki, Azərbaycan regionda uzunmüddətli sülhün və sabitliyin təmin edilməsi üçün səy göstərir. Lakin Ermənistan müxtəlif bəhanələrlə bu məsələdən yayınır.
Sonra Azərbaycan və Səudiyyə Ərəbistanı parlamentləri arasında əlaqələrin inkişafından söz açan spiker qeyd edib ki, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyəti, komitələr arasında əməkdaşlıq parlamentlərarası əlaqələrin inkişafı baxımından önəmlidir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi barədə danışan spiker Sahibə Qafarova beynəlxalq parlament platformalarında əməkdaşlığın önəminə toxunub. Milli Məclisin sədri, Səudiyyə Ərəbistanı parlamentinin nümayəndə heyətinin bu səfərinin qardaş xalqlarımız arasında münasibətlərin, parlamentlərarası əlaqələrin daha da dərinləşməsi işinə xidmət edəcəyinə inamını ifadə edib.
Səmimi qonaqpərvərliyə görə minnətdarlığın bildirən Səudiyyə Ərəbistanı Krallığı Şura Məclisinin Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Fayez bin Abdullah Əl-Şehri ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına və əməkdaşlığın dərinləşməsinə böyük önəm verdiyini bildirib.
Dostluq qrupunun rəhbəri deyib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə baş verən yüksək inkişaf proseslərini çox yüksək qiymətləndirirlər. O, Azərbaycanın dövlət başçısının Azərbaycanın inamlı tərəfdaş olması ilə bağlı fikirlərini xatırladaraq, vurğulayıb ki, bu fikirlər ölkələrimiz arasında münasibətlərdə də öz əksini tapır. Qonaq, səfər çərçivəsində Bakıda gördükləri ilə bağlı yüksək təəssüratlarını bölüşüb və ölkəmizdə rifah, əmin-amanlığın şahidi olduqlarını qeyd edib.
O, iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasını qeyd edib, müxtəlif sahələrdə, o cümlədən qanunverici orqanlar arasında əməkdaşlığın hər iki ölkənin xalqlarının maraqlarına uyğun olduğunu vurğulayıb, bu istiqamətdə fikirlərini bölüşüb.
Söhbətdə ikitərəfli münasibətlərin, parlamentlərarası təmasların, dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı, iqtisadi münasibətlərin, ticarət əlaqələrimizin təşviqi, investisiya sahəsində yeni əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclisin Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fatma Yıldırım, parlament Aparatının rəhbəri Fərid Hacıyev, ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi