Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında
Yanvarın 18-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2023-cü ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitə sədri Hicran Hüseynova sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib, yeni sessiyanın səmərəli keçməsini arzulayıb.
Komitə sədri bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət gələcəyə böyük inam yaradır. Bu gün ölkə həyatının bütün sahələrində inkişaf müşahidə olunur. Vətən müharibəsində qələbəmizdən qısa zaman keçməsinə baxmayaraq, Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri sürətlə həyata keçirilir. Bütün bunlar dövlətimizin güclü iqtisadi potensialından xəbər verir. O, qeyd edib ki, millət vəkilləri də öz öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirir, qanunvericilik bazasının təkmilləşdirilməsi, parlament diplomatiyasının inkişafı sahəsində töhfələr verirlər.
Sonra Hicran Hüseynova iclasın gündəliyi barədə məlumat verib. O, diqqətə çatdırıb ki, gündəliyə 8 məsələ, o cümlədən 2022-ci ilin payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabat, 2023-cü il yaz sessiyası üçün komitənin iş planının layihəsi, bəzi qanunlara dəyişikliklərin edilməsi ilə bağlı qanun layihələri və cari məsələlər daxil edilib.
Hicran Hüseynova, əvvəlcə, 2022-ci ilin payız sessiyası ərzində Ailə, qadın və uşaq məsələləri komitəsində görülən işlər barədə hesabatı təqdim edib. Bildirib ki, hesabat dövründə komitənin 8 iclası keçirilib, 19 məsələyə baxılıb. Komitədə 5 qanun layihəsi üç oxunuşda, 1 qanun layihəsi bir oxunuşda müzakirə edilib.
Qeyd olunub ki, bununla yanaşı, sessiya ərzində Ailə, qadın və uşaq məsələləri komitəsi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə birgə “Qanunvericilikdə qadın sahibkarlığı: imkan və perspektivlər” mövzusunda ictimai dinləmə keçirib. Komitədə, həmçinin İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyi və digər ictimai fəallar, USAİD Özəl Sektorun İnkişafı layihəsinin təmsilçiləri ilə görüşlər keçirilib.
Ötən sessiyada komitə üzvləri Ümumdünya Uşaqlar Günü ilə bağlı BMT-nin Uşaq Fondunun (UNICEF) Özbəkistandakı nümayəndəliyi tərəfindən təşkil olunmuş beynəlxalq forumda, Qadınlara qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Konvensiyanın (CEDAW) icrası, hesabatlılıq və atılmalı olan addımlarda Parlamentin iştirakına həsr olunmuş 2-ci PAİ vebinarında fəal iştirak ediblər.
Bildirilib ki, komitədə 2022-ci ilin payız sessiyası dövründə vətəndaşlardan, idarə və təşkilatlardan daxil olmuş 250-dən artıq ərizə və məktuba, digər müxtəlif xarakterli sənədlərə, elektron poçt vasitəsilə daxil olmuş məktublara baxılıb və tədbir görülməsi üçün aidiyyəti təşkilatlara göndərilib. Vətəndaşların şifahi müraciətlərində qeyd olunan məsələlərlə bağlı müvafiq tədbirlər görülüb və lazımi izahatlar verilib.
Komitənin sədr müavini Jalə Əliyeva, üzvləri Sədaqət Vəliyeva, Tamam Cəfərova komitənin 2022-ci il payız sessiyasının hesabatı barədə öz fikirlərini açıqlayıblar. Deputatlar hesabat dövründə görülən işlərdən, keçirilən tədbirlərdən söhbət açaraq, sessiyanın səmərəli keçdiyini söyləyiblər.
2022-ci ilin payız sessiyası dövründə komitənin fəaliyyəti qənaətbəxş hesab olunub.
Sonra Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin 2023-cü ilin yaz sessiyası üçün iş planının layihəsini təqdim edib. O, bildirib ki, layihəyə əsasən, cari ilin yaz sessiyasında qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmiş qanun layihələrinə baxılması, ailə, qadın və uşaq hüquqları ilə bağlı müxtəlif qanunlara əlavə və dəyişikliklərin edilməsi ilə bağlı müzakirələrin təşkili, komitənin fəaliyyət sahəsinə aid məsələlərə dair ictimai dinləmələrin keçirilməsi, müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflərin təhlili nəzərdə tutulub.
Komitə üzvləri Sədaqət Vəliyeva, Rauf Əliyev, Tamam Cəfərova yaz sessiyasının iş planını müsbət qiymətləndiriblər, bəzi təkliflərini səsləndiriblər. Millət vəkilləri komitənin əhatə etdiyi sahələr üzrə bir sıra dinləmələrin keçirilməsinin vacibliyindən danışıblar.
Komitənin 2023-cü ilin yaz sessiyası üçün iş planının layihəsi məqsədəmüvafiq hesab edilib.
Daha sonra gündəlikdəki qanun layihələrinin müzakirəsi keçirilib.
Komitə sədri “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında”, “Mülki müdafiə haqqında”, “Qrant haqqında”, “Hidrometeorologiya fəaliyyəti haqqında” və “Uşaq hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Dini ekstremizmə qarşı mübarizə haqqında”, "Lisenziyalar və icazələr haqqında", “Hərbi vəziyyət haqqında”, “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Məşğulluq haqqında”, “Hesablama Palatası haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında”, “Psixoloji yardım haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” və “Turizm haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Coğrafi obyektlərin adları haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Arıçılıq haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “Fərdi məlumatlar haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” və “İnvestisiya fondları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Kredit ittifaqları haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Banklar haqqında” və “Bank olmayan kredit təşkilatları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini diqqətə çatdırıb.
Bildirilib ki, təqdim edilən sənədlər “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli Qanununun icrası ilə əlaqədar hazırlanıb. Adları çəkilən qanunlarda bir sıra uyğunlaşdırma xarakterli düzəlişlərin edilməsi nəzərdə tutulub.
Təqdim olunan bütün qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Sonra iclasda cari məsələlərə dair müzakirələr aparılıb. Komitə sədri Hicran Hüseynova bildirib ki, ölkəmizdə ailə siyasəti sahəsində mükəmməl qanunvericilik bazası yaradılıb. O, zamanın tələbinə uyğun olaraq mövcud qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsinin zəruriliyindən bəhs edib. Uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması, məişət zorakılığı, erkən nikahla bağlı müvafiq qanunvericiliyin təkmilləşdirilməsinin vacibliyini qeyd edib, bu istiqamətdə komitə tərəfindən lazımi işlərin görüldüyünü söyləyib.
Hicran Hüseynova Yeni Azərbaycan Partiyası və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən “Siyasi partiyalarda gender bərabərliyi. Qanunvericilik və iştirakçılıq” mövzusunda birgə konfransın keçirilməsinin nəzərdə tutulduğunu söyləyib. Qeyd edib ki, tədbirdə ölkəmizdə qadınların siyasi partiyalarda fəaliyyəti, onların seçki orqanlarında təmsilçiliyi və bu sahədə olan qanunvericilik aktları ilə bağlı fikir mübadiləsi aparılacaq.
Komitənin sədr müavini Jalə Əliyeva, üzvləri Rauf Əliyev, Tamam Cəfərova qeyd olunan məsələlərlə əlaqədar öz fikirlərini açıqlayıblar.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi