Milli Məclisin 2023-cü ilin yaz sessiyasında Regional məsələlər komitəsinin ilk iclası keçirilib

Komitə iclasları
19 yanvar 2023 | 18:05   
Paylaşın:        

Yanvarın 19-da Milli Məclisin Regional məsələlər komitəsinin 2023-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.

İclası açan komitə sədri Siyavuş Novruzov parlamentin 2023-cü il yaz sessiyasında deputatlara uğurlar diləyib. Komitə sədri 2022-ci ilin ölkəmiz üçün uğurlu keçdiyini bildirib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə keçən il Azərbaycanda sistemli islahatların davam etdirilməsi, idarəetmədə səmərəliliyin artırılması, ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsi, milli maraqlarının qətiyyətlə qorunması, milli suverenliyin müdafiəsi kimi istiqamətlərdə əldə olunan nailiyyətləri vurğulayıb və 2023-cü ildə də bu nailiyyətlərin davamlı olacağına əminliyini bildirib.

Sonra Siyavuş Novruzov iclasın gündəliyi barədə məlumat verib. Bildirilib ki, iclasın gündəliyinə Milli Məclisin 2022-ci ilin payız sessiyası dövründə Regional  məsələlər komitəsində görülən işlər barədə hesabat və Milli Məclisin Regional  məsələlər komitəsinin 2023-cü ilin yaz sessiyası üçün iş planı və 4 qanun layihəsi daxil edilib.

Əvvəlcə hesabatı təqdim edən komitə sədri hesabat dövründə Regional məsələlər komitəsinin 4-ü onlayn olmaqla 6 iclasının keçirildiyini bildirib və  iclaslarda baxılan məsələlər və qanun layihələri barədə məlumat verib. Diqqətə çatdırılıb ki, 2022-ci ilin payız sessiyası dövründə komitəyə vətəndaşlardan daxil olan 83 elektron, 24 kağız formada müraciətə baxılıb, araşdırılıb və müvafiq tədbirlər görülüb. Eyni zamanda, hesabat dövründə komitə tərəfindən Milli Məclis Aparatında vətəndaşların qəbulu cədvəli üzrə qəbullar keçirilib. Komitə sədri, həmçinin ümumilikdə bütün komitə üzvlərinə vətəndaşlardan daxil olmuş 1234 müraciətlə bağlı da məlumat verib. Qeyd olunub ki, regional məsələlər komitəsi üzvləri sosial şəbəkələrdə, mediada, müxtəlif tədbirlərdə fəal iştirak ediblər, aktual ictimai-siyasi məsələlərlə bağlı öz mövqelərini bildiriblər. Eyni zamanda, təmsil etdikləri ərazilərdə cəmiyyətin həssas qrupları, şəhid ailələri, qazilərin problemləri ilə yaxından maraqlanıblar.

Siyavuş Novruzov Regional məsələlər komitəsinin 2023-ci ilin yaz sessiyası üçün iş planını ilə bağlı diqqətə çatdırıb ki, növbəti sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələrinin müzakirəsi, dinləmələrin keçirilməsi kimi məsələlər nəzərdə tutulub.

Daha sonra Siyavuş Novruzov gündəliyə daxil edilən qanun layihələri barədə məlumat verib. O, bildirilib ki, gündəliyə daxil edilən “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə,  “Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında Əsasnamə”də, “Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi”ndə və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə, “Dini ekstremizmə qarşı mübarizə haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Hərbi vəziyyət haqqında”, “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Məşğulluq haqqında”, “Hesablama Palatası haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında”, “Psixoloji yardım haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” və “Turizm haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə və “Yol hərəkəti haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında”, “Torpaq bazarı haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında”, “Milli arxiv fondu haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Əməliyyat axtarış fəaliyyəti haqqında”, “Su təchizatı və tullantı suları haqqında” və “Taxıl haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, sənədlərdə mətn boyu  “kütləvi informasiya vasitələri”, “kütləvi informasiya vasitələrində” kimi sözlərin “media subyektləri”, “mediada” kimi sözlərlə əvəz olunması təklif olunur.

İclasda komitə üzvləri Cavid Osmanov, Kamran Bayramov, Səbinə Xasayeva, Məzahir Əfəndiyev, Tahir Rzayev müzakirə olunan məsələlərlə bağlı çıxış ediblər, fikirlərini və qeydlərini səsləndiriblər. Deputatlar, həmçinin bələdiyyələrin fəaliyyəti, onların işinin səmərəliliyinin artırılması, regional idarəetmənin təkmilləşdirilməsi və digər aktual məsələlərlə bağlı fikirlərini bölüşüblər.

İclasda Milli Məclisin 2022-ci ilin payız sessiyası dövründə Regional  məsələlər komitəsində görülən işlər barədə hesabatı qənaətbəxş hesab olunub, komitənin 2023-cü ilin yaz sessiyası üçün iş planı təsdiq edilib. Gündəliyə daxil edilən qanun layihələri də Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda deputatlar Nizami Cəfərov, Emin Hacıyev, Malik Həsənov, Əliabbas Salahzadə və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU