Gənclər və idman komitəsinin iclasında
Yanvarın 25-də Milli Məclisin Gənclər və idman komitəsinin 2023-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.
İclası açan Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev yaz sessiyasının başlanması münasibətilə komitə üzvlərini təbrik edərək, onlara uğurlar arzulayıb.
Vitse-spiker 2022-ci ilin Azərbaycan üçün mütərəqqi hadisələrdə yadda qaldığını qeyd edib. O, bildirib ki, ötən ildə dövlətin əsas prioritet istiqamətlərindən olan Böyük Qayıdış konsepsiyasının icra edilməsi və əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində əsaslı işlər görülüb.
Adil Əliyev iclasın gündəliyinə 4 məsələnin - 2022-ci ilin payız sessiyasında komitədə görülmüş işlərin hesabatının, komitənin 2023-cü il yaz sessiyasında iş planının və paket şəklində daxil olan qanun layihələri içərisində “Gənclər siyasəti haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Qanunlarda dəyişiklik edilməsi ilə bağlı qanun layihələrinin daxil edildiyini bildirib.
2022-ci ilin payız sessiyası ərzində komitədə görülən işlər barədə hesabatı təqdim edən komitə sədri qeyd edib ki, komitə ötən sessiya ərzində öz fəaliyyətini Milli Məclisin qanunvericilik işləri planına uyğun şəkildə həyata keçirib. Hesabat dövründə komitənin 4 iclası keçirilib, 5 məsələ müzakirə edilib.
Komitədə 1400-dən çox vətəndaş tərəfindən ünvanlanmış müraciətlərə baxılıb, bunların əksəriyyəti öz müsbət həllini tapıb. Şifahi və sosial şəbəkələr vasitəsilə isə 2430 vətəndaş müraciət edib. Bildirilib ki, hesabat dövründə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşlər keçirilib, onları maraqlandıran məsələlərin həllinə köməklik göstərilib. Həmçinin aztəminatlı ailələrə yardımlar, vətəndaşları narahat edən məsələlər diqqətdə saxlanılıb.
Sonra vitse-spiker komitənin 2023-cü ilin yaz sessiyası üçün iş planını təqdim edib və iş planına qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin, mövcud qanunlara ediləcək dəyişikliklərin müzakirəsinin daxil edildiyini bildirib. Adil Əliyev diqqətə çatdırıb ki, işlər planında 18 məsələ yer alıb və sessiya müddətində “Heydər Əliyev İli” çərçivəsində idman mütəxəssisləri, məşqçilər və idmançılarla görüş, ictimai dinləmə, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş müxtəlif mövzularda müsabiqələrin keçirilməsi nəzərdə tutulub. Bundan başqa, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələri ilə görüş, həmçinin vətəndaşların qəbulu, ərizə və şikayətlərlə işin təşkili və digər məsələlər nəzərdə tutulur.
Komitə sədri iclasda müzakirəyə çıxarılan “Yerli rəy sorğusu haqqında”, “Avtomobil yolları haqqında”, “Diplomatik xidmət haqqında”, “Dövlət satınalmaları haqqında”, “Gənclər siyasəti haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında”, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında”, “Tənzimlənən qiymətlər haqqında”, “Banklar haqqında” Azərbaycan Respublikası qanunlarında dəyişiklik edilməsi barədə, həmçinin “Coğrafi obyektlərin adları haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Arıçılıq haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “Fərdi məlumatlar haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələrini müzakirəyə təqdim edib. Adil Əliyev bu qanun layihələrinin “Media haqqında” Qanunun icrası ilə əlaqədar hazırlandığını və uyğunlaşdırma xarakteri daşıdığını bildirib. Qanun layihələrinin mətnində “kütləvi informasiya vasitələri”, “kütləvi informasiya vasitəsi” kimi ifadələrin “media subyektləri”, “media” sözləri ilə əvəzlənməsi təklif olunur.
İclasda çıxış edən Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov, komitənin üzvləri Ramil Həsən, Mahir Abbaszadə, Elnur Allahverdiyev, Etibar Əliyev, Jalə Əhmədova, Vüqar İskəndərov ölkəmizdə gənclər siyasəti istiqamətində atılan mühüm addımlardan, gənclərin sağlam, savadlı, vətənpərvər, milli ruhlu vətəndaşlar kimi yetişməsi üçün onlara yaradılmış şəraitdən söhbət açıblar və bir sıra təkliflərini səsləndiriblər.
Müzakirələrin sonunda Gənclər və idman komitəsinin 2022-ci il payız sessiyası dövründə görülən işlər barədə hesabatı məqbul sayılıb, komitənin 2023-cü ilin yaz sessiyası üçün iş planı təsdiq edilib, gündəlikdəki qanun layihələri isə baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda komitə üzvləri Müşfiq Cəfərov, Sevinc Hüseynova, Ülvi Quliyev və Cavid Osmanov iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi