BAKIDA AVRONEST PARLAMENT ASSAMBLEYASININ KOMİTƏ İCLASI KEÇİRİLDİ

Komitə iclasları
13 fevral 2013 | 04:02   
Paylaşın:        

Fevralın 12-də Milli Məclisdə Avronest Parlament Assambleyasının Enerji təhlükəsizliyi Komitəsinin iclası keçirildi. Avropa Parlamentinin, eləcə də Ukrayna, Gürcüstan və Moldova parlamentlərinin deputatlarının, nüfuzlu beynəlxalq iqtisadi qurumların ekspertlərinin, Azərbaycanın dövlət və hökumət üzvlərinin iştirak etdiyi Enerji təhlükəsizliyi Komitəsinin iclasını açan komitənin həmsədri Fuad Muradov  müzakirə olunan məsələlərin və təqdim olunan məruzələrin gələcəkdə enerji təhlükəsizliyinin təminatı yollarının tapılmasında əhəmiyyətli olacağını dedi.
Çıxış edən Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov  Azərbaycanın neft sənayesi tarixindən, müstəqilliyin bərpasından sonra imzalanmış iri layihələrdən, neft-qaz yataqlarından, təbii ehtiyatlarımızdan, Şahdəniz yatağı ilə bağlı təqdim olunan konsepsiyadan danışdı. Bildirdi ki, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatındakı rolu getdikcə daha da artır. Azərbaycan 2019-cu ildə “Şahdəniz” yatağından istehsal olunan qazın ikinci fazasını Avropaya çatdırmağı planlaşdırır. Bu məqsədlə “Şahdəniz” konsorsiumuna daxil olan şirkətlər bu ilin oktyabrında investisiya qərarı verməlidirlər. Biz bunun nəticəsində 2018-ci ilə qədər "Şahdəniz-2" qaz layihəsini reallaşdıra və 2019-cu ildə Avropaya çatdıra bilərik. Avropa  qaz məsələsinə siyasi məsələ kimi baxır. Amma ARDNŞ, eləcə də konsorsiuma daxil olan şirkətlər bu məsələyə siyasi sövdələşmə kimi yox, kommersiya əməkdaşlığı kimi yanaşırlar.
Sonra Sənaye və Energetika Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin məsləhətçisi Aysel Bayramova Azərbaycanda həyata keçirilən enerji siyasətinin əsas istiqamətləri barədə məlumat verdi. Bildirdi ki, dünyada enerjiyə olan tələbat getdikcə artır. Ölkəmiz zəngin təbii qaz və neft ehtiyatlarına sahibdir. Bundan səmərəli istifadə olunması üçün ölkəmizdə düzgün siyasət yürüdülür. Azərbaycanın enerji ehtiyatlarının dünya bazarına çatdırılması prosesi sabit şəkildə həyata keçirilir. Qeyd olundu ki, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin potensialının 50 milyard kubmetrə çatdırılması planlaşdırılır.
Sonra Milli Məclis sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov neft-qaz sənayesi ilə bağlı qanunvericilik, beynəlxalq əməkdaşlıq və digər məsələlərdən danışdı. Bildirdi ki, bu gün Xəzər dənizində neft hasilatına sərmayə qoymaq üçün heç bir risk yoxdur. Vitse-spiker Azərbaycan qazının Avropa bazarına çatdırılması prosesində Avropa İttifaqının dəstəyini vacib saydı. Qeyd etdi ki, Xəzər dənizinin Azərbaycana aid hissəsinin təbii ehtiyatlarının Avropaya səmərəli və effektiv şəkildə çatdırılması üçün Avropa İttifaqının, o cümlədən digər Avropa strukturlarının ciddi siyasi dəstəyi lazımdır. Əgər bu dəstək yetərincə və vaxtında göstərilsə, Avropanın enerji təhlükəsizliyində yaranan problemlər öz həllini tapacaqdır. Vitse-spiker qeyd etdi ki, Azərbaycanın çox düzgün neft strategiyası vardır. Rəsmi Bakının həyata keçirdiyi siyasət nəinki Azərbaycanın, eləcə də regionun və Avropanın enerji təminatında mühüm əhəmiyyət kəsb edir.
Valeh Ələsgərov son vaxtlar dünyada neft hasilatının azalacağı ilə bağlı proqnozlara da münasibət bildirdi. O, qeyd etdi ki, bu cür proqnozların heç bir elmi əsası yoxdur. Son illər dünyada neft hasilatı artmaqdadır.
 Çıxış edən komitənin digər həmsədri İrji Maştalka bu gün Avropanın əsas müzakirə mövzusunun  enerji təhlükəsizliyi olduğunu, bu toplantıda Azərbaycanla tərəfdaşlıqda enerji məsələlərinə dair indiyə qədər gündəmdə olan layihələrin üzərində iş aparılacağını dedi.
Sonra iclasda neft-qaz sənayesinin inkişaf perspektivləri, qanunvericilik bazası, enerji layihələrinin diversifikasiyası, ekoloji təhlükəsizlik və digər məsələlər müzakirə olundu. Qonaqların və ekspertlərin fikirləri dinlənildikdən sonra komitə öz işinə yekun vurdu.
İş gününün sonunda Avronest Parlament Assambleyasının Enerji təhlükəsizliyi Komitəsinin həmsədrləri Fuad Muradov və İrji Maştalka iclasın yekunlarına dair mətbuat konfransı keçirdilər. Mətbuat konfransında jurnalistlərə tədbirin yekunları barədə məlumat verildi və onları maraqlandıran suallar cavablandırıldı.


Milli Məclisin
Mətbuat xidməti  


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU